Rəis Qarabağ əlilindən rüşvət istədi, ala bilmədikdə... – DƏDRX-nin 4 saylı Ərazi İdarəsindən PREZİDENTƏ ŞİKAYƏTLƏR

Baxış sayı:
6325

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində qeydiyyatda olan və yaşayan Əsədov Abı Əsəd  oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən şikayətçi yazır:
“Cənab Ali Baş Komandan!
Etibarnamə üzrə hüquqlarını müdafiə etdiyim  Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakinləri - Qarabağ Müharibəsi veteranı, 2-ci qrup əlil Kamilov Vurğun Xankişi oğlu və həmin qəsəbədə yaşayan qohumum Təzəgül Qurbanova Daşınmaz Əmlakən Dövlət Reyestri Xidmətinin (DƏDRX) 4 saylı Ərazi İdarəsinin yarıtmaz, bürokratik, yalançı fəaliyyətlərindən narazıdırlar. Belə ki, Qarabağ döyüşlərində sağlamlığını itirmiş V.X.Kamilov uzun müddətdən sonra bu il yaşadığı evə QEYDİYYAT Vəsiqəsi verilsə də, evin yerləşdiyi torpaq sahəsində 1988-ci ildə tərtib olunmuş evin texniki pasportunda qeyd edilmiş yardımçı tikililəri evin 07.05.2017-ci ildə tərtib etdikləri yeni Texniki Pasportda və Qeydiyyat Vərəqəsində qəsdən göstərməmişlər. Və bu barədə İdarə rəisi F.İsayev 21.11.2017-ci il tarixli cavab məktubunda arayış olaraq göstərir ki, “4 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün yaşayış evinə baxış keçirilmişdir. Müayinə zamanı 0,0360 ha torpaq sahəsininzəbt edildiyi, torpaq sahəsinin təyinat üzrə istifadə edilmədiyi, torpaq sahəsi üzərində 170 kv.m yarımçıq tikilinin, 35,42 kv.m ölçüdə təkər təmiri sexinin və qeyri-yaşayış binasının inşa edildiyi aşkar edilmişdir”. Rəis sonra da qanunvericiliyə istinad edərək, öz bildiyi kimi nağıllarla fikrini əsaslandırmağa çalışır.
Əvvəlcə bildirim ki, rəisin yazdıqları qondarma və tam əsassızdır, yalandır. Çünki 40 ildir ki, V.Kamilovun yaşadığı 10 sot sahədə inşa edilmiş evə həmin 4 saylı ərazi İdarəsi Texniki pasport və Qeydiyyat vərəqəsi verəndə yazdığı 0.036 ha zəbt olunmuş torpaq sahəsi və onun üzərində tikilmiş 170 kv.m qeyri-yaşayış sahəsi mühəndis tərəfindən aşkar edilməmişdir. Bəli, 30 il əvvəl 10 sotun daxilində tikilmiş yardımçı təsərrüfatım mövcud olmuşdur, lakin mülkiyyətimdə olan 10 sot torpağın daxilində. Və mən də tələb edirəm ki, 10 sot torpağın daxilindəki və evimin yanındakı həmin tikli illərdir mövcud olduğuna baxmayaraq, niyə Texniki pasportda və qeydiyyat vərəqəsində göstərilmir. İndi də rəsmi məktubda utanmadan qeyd edirlər ki, guya bu tikili zəbt olunmuş 0,036 ha ərazidə imiş. Halbuki, mənim zəbt olunmuş 3.6 sot torpağım ümumiyyətlə yoxdur. Rəis bu yalanı hardan uydurub bilmirəm. Bəli, mən etiraf edirəm ki, həqiqətən bu məsələyə görə rüşvət vermədiyim üçün rəis də bunun qarşılığında vicdansızcasına səlahiyyət həddini aşaraq, özündən yalan məlumat uyduraraq rəsmi cavab verir.
Cənab Ali Baş Komandan!
2-ci qrup Qarabağ əlili V.Kamilov həmin torpaq uğrunda canını, sağlamlığını yalançı və vicdansız rəislərdən ötürü itirməyib ki, qulluq mövqeyindən süi-istifadə etməklə keçmiş döyüşçünü dövlətdən narazı salsın. Xahiş edirk ki, V.Kamilovun məsələsinin ciddi araşdırılmasını AR DƏDRX rəisi cənab Kərəm Həsənova tapşırasınız.
Digər vətəndaşla bağlı olan məsələ də eynilə oxşardır. Belə ki, yenə Aşağı Güzdək qəsəbə sakini Təzəgül Qurbanov 2006-cı ildən yerli bələdiyyə tərəfindən 0,08 ha torpaq sahəsini qanunauyğun formada almış və yalnız alqı-satqı aktını 2017-ci ildə həyata keçirə bilmişdir. Onun da əldə etdiyi torpağa mülkiyyət hüququnun tanınması üçün DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciətinə cənab idarə rəisi Hikmət Mustafayevin yazdığı 12 iyul 2018-ci il tarixli cavab məktubunda imtinanın səbəbi belə yalanlarla bildirilir:  “ 0,08 ha torpaq sahəsi Abşeron rayonu Aşağı Güzdək bələdiyyəsi tərəfindən 10.04.2006-cı il tarixli 05 saylı qərarı əsasında ayrılmasına baxmayaraq, alqı-satqı aktı 16.11.2017-ci ildə müvafiq qaydada təsdiq edilmiş , habelə A.Güzdək bələdiyyəsinin yerqurluşu planında torpaq sahəsinin yerləşdiyi zona dəqiqləşdirilməmiş, yerquruluşu işləri aparılmamış, torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmamışdır”. Budur, yenə də 4 saylı İdarə rəisi ağlına gələn və gəlməyən səbəbləri rəsmən göstərməklə sanki Azərbaycan vətəndaşlarına həqarət edir.
1. Qeyd edilir ki, torpağın alqı-satqısı 2017-də baş vermişdir. O zaman sual olunur: mənim kimi qəsəbədə 2017-ci il tarixinə alqı-satqı aktı almış 30-a yaxın qəsəbə sakinimizin torpağına hansı maraqlar daxilində Qeydiyyat vərəqəsi verildi?
2. O necə yerquruluşu planıdır ki, təqdim etdiyim bu sənəddə 4 tərəfdən X  və Y  rəqəmləri dəqiq göstərilməklə tərtib olunmuşdur. Deməli, rəisin bu təqdim etdiyim sənəddən ya xəbəri yoxdur, ya anlayışı yoxdur,ya da özünü xam yerinə qoyur ki, gəlib hesablaşaq.
3. Əgər qeyd edildiyi kimi, yerquruluşu işləri aparılmayıbsa, onda torpağın dörd tərəfindən necə dəiqi rəqəmlər yazılıb təsdiq edilib?
4. Torpaq sahəsinin planı və ölçüsü hazırlanmayıbsa , torpağın alqı-satqı aktı , banka ödənilən rüsum, bələdiyyə sənədləri necə tərtib olunub?
Nəticəyə gəlirik ki, AR  DƏDRX-nin 4 saylı İdarəsinin vətəndaşlara verdiyi əsassız və yoxlanılmamış rəsmi cavablardan görünür ki, bütün sənədlər qaydasında olduğu halda idarə rəisi vəzifə saxtakarlığı edərək vətəndaşı rüşvət vermədiyinə görə alçaldır, get-gələ salır və qəsdən dövlətdən narazı salır. İnsanları intihara sürükləyir. Bunun ayrı anlamı YOXDUR!
Odur ki, cənab Prezident və Ali Baş komandan bir daha Sizdən xahiş edirəm DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi rəisinin vəzifə səlahiyyətindən süi-istifadə etməklə kasıb vətəndaşlara qarşı yol verdiyi kobud qanunpozuntusu hallarının araşdırılmasına və hüquqi qiymətin verilməsinə göstəriş verəsiniz”.
 


Muxalifet.az
 
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.