“RƏİS MÜAVİNİ MƏNİ İNTİHAR HƏDDİNƏ ÇATDIRIB” – Siyəzən sakinindən ölkə rəhbərliyinə müraciət / FOTOLAR

Baxış sayı:
3187

Siyəzən şəhəri, H. Talıbov küçəsi, bina 5, ev 22-də yaşayan Əliyev Rəşad Vaqif oğlu tərəfindən Muxalifet.az-a şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci-vitse prezident Mehriban Əliyevaya, daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli Prezident!
Məlumat üçün diqqətinizə çatdırmaq istəyirəm ki, 2018-ci ilin noyabr ayından başlayaraq, Siyəzən RPŞ-nin bir sıra əməkdaşlarının öz maddi maraqları xatirinə mənə qarşı etdikləri, polisə yaraşmayan qanunsuz və azğınlaşmış hərəkətləri barədə aidiyyəti qurumlara yazdığım şikayət ərizələrimlə bağlı Siyəzən RPŞ, xüsusilə şöbənin əməliyyat üzrə rəis müavini Əhməd Nəcəfov məndən intiqam almağa çalışır.
Belə ki, o, onlardan yazdığım şikayətlərimin dayandırılması üçün mənə qarşı təqib və təzyiqlər göstərir, nəyin bahasına olursa-olsun məni cinayətə sürükləməyə cəhd göstərir. Bununla da, həyatım hər hansı böhtan və quramalarla həbs ediləcəyim təhlükəsindədir. Bu olanlara görə, öz evimdə rahat yaşaya bilmirəm, küçədə qorxu içərisində gəzirəm. Dinc işləyib, yaşamağım mümkünsüz olub. Əhməd Nəcəfov mənə qarşı etdiyi bütün qanunsuz hərəkətlərini DİN rəhbərinin müavini cənab Seyfulla Əzimova arxalanaraq etdiyini mənə çılpaq şəkildə deyib.
Odur ki, Siyəzən RPŞ-nin rəis müavini  Əhməd Nəcəfovun mənə qarşı etdiyi qanunsuz hərəkətlərinin təcili dayandırılması və onun barəsində qanuna müvafiq ölçü götürülməsi üçün həm poçt, həm də Prezident Administrasiyasının office@pa.gov.az  rəsmi elektron poçtu vasitəsi ilə Prezidentə, Baş Prokurorluğun  contact@prosecutor.gov.az  rəsmi elektron poçtu vasitəsi ilə Baş prokuror cənab Kamran Əliyevə, Siyəzən rayon Prokurorluğunun  siyazan@prosecutor.gov.az  rəsmi elektron poçtu vasitəsi ilə rayon prokuroru cənab Ramil Əliyevin adına, DİN-in info@mia.gov.az rəsmi elektron poçtu vasitəsi ilə cənab Vilayət Eyvazovun adına yazdığım çoxsaylı elektron ərizələrim Siyəzən RPŞ-nin rəis müavini Əhməd Nəcəfovun və onun "himayədarı”nın xatirinə rəhbərlikdən gizlədilərək, şikayətlərim cavabsız qalıb. Odur ki, Əhməd Nəcəfovun mənə qarşı polisə yaraşmayan qanunsuz  hərəkətləri bu gün də davam etdiyindən əsəblərim tarıma çəkilib, artıq intihar həddinə çatmışam.
Hörmətli Prezidentimiz bütün çıxışlarında ölkədə olan məmur özbaşınalığına son qoyulması üçün mübarizə apardığını və aparacağını, kimliyindən, vəzifəsindən asılı olmayaraq hər kəsin qanun qarşısında aciz olmasını, hansısa yüksək çinli vəzifədə olan adamlarına arxalanaraq, qanunlara məhəl qoymadan özbaşınalıq etməklə vətəndaşları incitməsi və bunu edənlərin və arxalandıqları adamların sərt şəkildə cəzalandırldığını və cəzalandıracağını qeyd etsə də, Əhməd Nəcəfov heç nəyə məhəl qoymadan, qanunsuz hərəkətlərini davam etdirməkdədir.
Siyəzən RPŞ-nin rəis müavini hətta rəisin sürücüsü Teyyub adlı polis əməkdaşı vasitəsi ilə də mənə təzyiqlər göstərmişdir. Belə ki, Teyyub, özünün dediyi kimi, rəis müavini Əhməd Nəcəfovun göstərişi ilə mobil nömrəmə ayrı-ayrı tarixlərdə dəfələrlə zəng etməklə, kriminal variantda məni Siyəzən rayon Gənclər Mərkəzinə və digər yerlərə "razborka”ya çağıraraq, yazdığım şikayətlərimə görə məni təhdid edib. O, şikayətlərimi dayandırmayacağım təqdirdə məni şər-böhtan və quramalarla həbs edəcəkləri ilə hədələmişdir.
Hörmətli Prezident!
Sizdən xahiş edirəm ki, Siyəzən RPŞ-nin əməliyyat üzrə rəis müavini Əhməd Nəcəfovun polisə yaraşmayan hərəkətləri barədə ciddi və təsirli tədbirlər görülməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.