Rəis müavini dindirildi - 20 il əvvəl baş verən hadisəyə görə törədilən qətl işində

Baxış sayı:
12886

Bibisini qaçıran şəxsi bıçaqlayan Ağayəhya hakim qarşısına çıxarılıb. O, 20 il əvvəl baş verən hadisənin qisasını qanla alıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən 1988-ci il təvəllüdlü Abbasov Ağayəhya Güloğlan oğlunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Cavid Hüseynovun sədrliyi ilə məhkəmə iclasında Şabran rayon Polis İdarəsinin rəis müavini Laçın Hacıyev ifadə verib.

Rəis müavininin məhkəməyə dəvət edilməsinin səbəbi təqsirləndirilən şəxsin hadisədən sonra polisdən qaçıb-qaçmamsını, könüllü təslim olub-olmamasını aydınlaşdırmaq olub.

Laçın Hacıyev sərbəst ifadəsində ilk olaraq hər iki tərəfi tanıdığını deyib: "Rayon camaatıdır, neçə illərdir ki, orada olmuşam, insanlarla işləmişəm. Məlumatı alan kimi işə başladıq. Məlumat daxil oldu ki, hadisəni törədən Ağayəhyadır. Tez bütün şəxsiyyətə məlumat verdik ki, Ağayəhya axtarılsın. Onun ailə üzvlərindən kiminsə mənimlə əlaqə saxlamasını istədim. Çünki onun təcili tapılması vacib idi. Rayon yeridir, hadisə, səs tez yayılır. Başqa problemlərin olmasının qarşısı alınmalı idi. Qardaşı Əşrəf mənə zəng elədi. Dedim ki, təcili Ağayəhyanı götürüb yanıma gətir. Ağayəhyanın əli qan idi. Mən həkim də çağırdım. Əlini sarıdılar, tibbi yardım göstərildi".

Dövlət ittihamçısının suallarından məlum olub ki, rəsmi sənədlərdə Ağayəhyanın polis tərəfindən keçirilən əməliyyatla saxlanıldığı qeyd edilib.

Amma polis rəisinin müavininin dediklərindən məlum olub ki, Ağayəhyanı polisə qardaşı təhvil verib.

Laçın Hacıyev bunu təsdiqləyib. O deyib ki, bu hadisə ilə bağlı ərazidə olub. Qardaşı ona zəng edərək Ağayəhya ilə polisə gəldiyini deyib.

Hakim də xatırladıb ki, Ağayəhyanın qardaşı Əşrəf də məhkəmədə eyni məzmunlu ifadə verib.

"Əşrəf dedi ki, qardaşının belə bir hadisə törətdiyindən xəbər tutub. Laçın Hacıyevə zəng edərək məlumat verib və məsləhət almaq istəyib. Laçın Hacıyev də ondan qardaşını polisə gətirməsini istəyib"- deyə hakim xatırlatmasında bildirib.

Məhkəmə iclası ilyulun 19-da davam etdiriləcək.

Xatırladaq ki, bu işdə məhkəmə istintaqı başa çatmışdı. Prokuror çıxışında A.Abbasovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi. Daha sonra müdafiə tərəfi vəsatət verərək Laçın Hacıyevin dindirilməsini istəmişdi.

Qeyd edək ki, qətl hadisəsi ötən ilin iyul ayında Şabran rayonunda baş verib.

Ağayəhya Abbasov 1970-ci il təvəllüdlü Əhmədov Rəşid Sabir oğluna ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.

İlkin məlumata görə, qətl hadisəsinin baş vermə səbəbi tərəflər arasındakı şəxsi münaqişə olub.

Belə ki, Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu atasının evinə qaytarıb.

Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb. Müəyyən zamandan sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən atasınım evinə qayıdıb.

Bundan sonra  Ağayəhyanın ailəsində söz-söhbət yaranıb. O, Rəşid Əhmədovu 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu bıçaqlayıb./musavat.com