“Rəis məni hədələdi ki, səni içəridə dizi üstündə oturdacam” – ADP İMİŞLİ RAYON TƏŞKİLATININ SƏDRİNDƏN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
1931

ADP İmişli rayon təşkilatının sədri, jurnalist Məhbub Zülfüqarlı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, DTX rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, eləcə də İmişli rayon prokuroru Valeh Səmədova müraciət edən şikayətçi yazır:
“Cənab Prezident!
04 avqust 2020-ci ildə Sizə və DTX-ya şikayət etmişdim ki, müəllimə olan qardaşım qızının 1800 manat pulunu evindən oğurlayıblar. Bu gün, yəni 10 avqust 2020-ci ildə İmişli rayon Polis Şöbəsinin rəisi cənab Şıxəliyev RİH qarşısında məni təhqir etdi ki, “səni içəri basdıracam, sən hamıdan rüşvət istəyirsən, indi də rüşvət almağa gəlmisən?” Ona bildirdim ki, o kəlmələri özünə aid et, mənim 62 yaşım var, ali təhsilliyəm. Uzun illər qabaq İmişli rayon Məşğulluq İdarəsində qeydiyyatda olsam da, ADP RT-nin sədri, yəni müxalifətçi olduğuma görə mənə iş verilməyib. 10 gün olar ki, İmişli Məşğulluq İdarəsinə çağırıb, DOST İş Mərkəzində qeydiyyata aldılar. Buna görə də Sizə təşəkkürümü bildirirəm ki, Sizə şikayət edəndən sonra qeydə alındım.
Rəis məni hədələdi ki, gəlib başçıdan da rüşvət istəmisən. Halbuki, İmişlinin başçısı E.Rzayev məni tanımır, qəbuluna gəlsəm də, pandemiya ilə əlaqədar qəbul etməyib.
RPŞ rəisi daha sonra məni hədələdi ki, “Səni məhkəməyə vermişəm, səni dizi üstə qoyacağam...” Ona bildirdim ki, mən sizdən möhtərəm prezidentə şikayət etmişəm. Çox əsəbi şəkildə, özündən çıxmış halda dedi ki, “Möhtərəmə etmirsən kimə istəyirsən şikayət et, səni içəridə dizi üstündə oturdacam”. Ona bildirdim ki, məni öldürə bilərsiniz, amma dizi üstə qoymaq sənin gücündə deyil.
O, mənə dedi ki, “bir dəfə səni dizi üstə qoymuşam, utanmaz”. Ona bildirdim ki, danışığına fikir ver, vəzifənə hörmət qoy!  Həmin vaxt rəsi orada duran 6-7 nəfər polisə göstəriş verdi ki, “bunu protokollaşdırıb, basın içəri”. Sağ olsun, mənim polisim məni qorudu, “ağsaqqal çıx get, əsəbləşmə” dedi.
Hörmətli Prezident!
Şıxəliyev məni 06 iyul 2017-ci ildə həbs etdirib, siyasi məhbusa çevirən Saleh Səmədovla dostdur. Qardaşı Sahib Səmədov isə rəisin müavini olub. Bu, onun da sifarişi ola bilər. O Saleh Səmədov ki, onu cənab iqtisadiyyat nazirimiz Mikayıl Cabbarov vəzifədən qovdu.
Sizdən xahiş edirəm ki, məni belə insanlardan xilas edin, onun tərbiyədən kənar ifadələri barədə bir ölçü götürülməsinə göstəriş verin. Xaricdəki söyüş makinası ilə rəisin fərqi nədir? F.Şıxəliyevin sayəsində nə desəniz baş verə bilər. İmişli rayon Otuziki kəndindən Allah evi məsciddən su motoru oğurlanıb. Məktəbdən altı ədəd kondisioner, televizor, ətrafdakı bərbərxanadan iki ədəd saç qırxan, qayçı və s. oğurlanıb. Otuziki kəndi mənim doğulduğum kənddir. Bu gün məlumat aldım ki, oğruları DTX həbs edib.
Şəhər sakini Orucov Seyran Xanbala oğlunun 8 baş keçisi oğurlanıb. Ağacanov Tofiqə dələduzlar 10 000 saxta dollar verib aradan çıxıblar, eləcə də dələduzlar Hacı Rasətin də eyni hadisəni başına gətiriblər. Hər iki şəxs qızıl mağazası işlədir. Polis rəisi siyasətə qapılıb, hansı ki, pensiyadadır, müqavilə ilə işləyir, qoy öz işi ilə məşğul olsun.
Cənab Prezident!
Qeyd etdiyim məmur özbaşınalığı, rəisin özünü ağa kimi aparmasına son qoyulması üçün aidiyyatı orqanlara göstəriş verməyinizi xahiş edirəm”.
Muxalifet.az
Redaksiyadan: Mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.