“Ərim mənim kimi qadını itirdiyinə görə başına döyür” - Qız qaçırmanın qurbanı olan qadın...

Baxış sayı:
8140

Son zamanlar qız qaçırma, erkən nigah, boşanma hallarının çoxalması kimi problemləri nəzərə alaraq Moderator.az “Qadın taleyi” rubrikasına uzun bir fasilədən sonra yenidən davam edir. Qeyd edək ki, müsahiblərimizin adlarını bəzi səbəblərdən şərti olaraq təqdim edəcəyik. Bu dəfə sizə qız qaçırmanın qurbanı olan Həmidənin (adı şərtidir) həyatını təqdim edəcəyik. Həmidə hələ 23 il öncə qonşu kəndlərindən onu sevən bir oğlan tərəfindən işə gedərkən qaçırılıb, amma geriyə dönüşü olmadığı üçün taleyi ilə barışmalı olub. Üç uşaq dünyaya gətirən Həmidə bütün bunlara baxmayaraq sonda boşanmalı olub. Həmidə olanları belə nəql edib: “1996-cı ildə qonşu kənddə uşaq bağçasında müəllimə işləyirdim. Qonşumuz olan rəfiqəm də mənimlə birlikdə işləyirdi. Elə oldu ki, rəfiqəmi kənddən bir oğlan görüb istədi və el adətiylə elçi göndərib ona nişanlandı. Toyları oldu və rəfiqəm gəlin köçdü. Bundan sonra oğlanın dostu da məni istədi, amma onun bu istəyinə yox cavabı verdim”. “Mən də məcbur olub sevməsəm də...” “Bir gün bağçaya işə gedəndə yolda məni dostlarıyla birlikdə başına basım qaçırdı. Bilirsiniz elin adəti var, qaçırılan qızın geri qayıtmasına heç kim yaxşı baxmır. Mən də məcbur olub sevməsəm də taleyimlə barışmalı oldum. Qəsəbədə böyüməyimə baxmayaraq kənddə qaynatama və qaynanama ən yaxşı gəlin idim. Bütün işlərin öhdəsindən gəlirdim. Elə oldu ki, qaynatam və bir neçə il sonra isə qaynanam dünyasını dəyişdi. Onların dünyasını dəyişməsiylə yanaşı, həyat yoldaşım da dəyişməyə başladı. Artıq iki qızım və bir oğlan övladım var idi”. “Hər dəfəsində də həyat yoldaşım söz verdi ki, bir də məni döyməyəcək...” “Həyat yoldaşım içkiyə qurşandığı üçün tez-tez evdə dava-dalaş salırdı. Kiçik qaynım Rusiyada yaşayırdı və qaynatama, qaynanama qulluq etdiyim üçün ata evini də mənə vermişdilər. Dəfərlərlə yoldaşımın məni döyməsinə görə evi tərk edib ata evimə qayıtdım. Amma bir müddət sonra onun tərəfindən ağsaqqallar gələrək məni evimə qaytardılar. Hər dəfəsində də həyat yoldaşım söz verdi ki, bir də məni döyməyəcək, amma sözünə əməl etmədi”. “Evimə qayıtmayacağımla bağlı qəti cavabımı verdim...” “Böyük qızım ailə qurandan sonra yenə də evimizdə davamız düşdü və həyat yoldaşım içkili vəziyyətdə məni döyməyə başladı. Bu dəfə birdəfəlik kiçik qızımı da götürüb evi tərk etdim. Ağsaqqallar yenə arxamca gəlsələr də evimə qayıtmayacağımla bağlı qəti cavabımı verdim. Onlar da gördülər ki, haqlıyam, hər dəfə geri qayıdıram, amma yenə həyat yoldaşım bundan nəticə çıxarmır. İş o yerə çatmışdı ki, artıq qızımın ailəli olduğunu, kürəkənim olduğunu belə nəzərə almadım”. “İndi ərim mənim kimi qadını itirdiyinə görə başına döyür...” Oğlum atasıyla qalsa da mənimlə indi də əlaqə salxayır. Əsgər getdi xidmətini başa vurub geri qayıtdı. Mən isə kiçik qızımla yaşayıram. Hazırda Bakı kəndlərinin birində tərəvəz istixanalarında işləyirik. İndi ərim mənim kimi qadını itirdiyinə görə başına döyür. Artıq on il olacaq ki, ayrıyıq və bu illər ərzində heç vaxt ondan ayrıldığıma görə peşman deyiləm. Övladlarım da atalarının necə bir adam olmasını yaxşı bilirlər. İndi ikinci qızımın da artıq 20 yaşı var. Bu gün sabah ailə quracaq. Onu da özüm yerbəyer edəcəm. Böyük qızıma da baş çəkirəm. Amma neyləyim ki, ataları belə adam çıxdı. Mən də istəməzdim ailəm dağılsın. Məcburi kimsə tərəfindən qaçırılmaq budur. Adamın həyatı alt-üst olur, uşaqlar hərəsi bir tərəfdə əziyyət çəkir. Ona görə gənclərimizə məsləhətim odur ki, ailə quranda bir-birilərini tanısınlar”.