“Rəhim Qazıyevin Rusiya ilə əlaqələrini mən ifşa etmişəm” - Sülhəddin Əkbər

Azərbaycanın keçmiş Dövlət Təhlükəsizliyi nazirinin müavini olmuş Sülhəddin Əkbər sabiq müdafiə naziri Rəhim Qazıyevin ittihamlarına cavab verib.
 
S.Əkbər “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Rəhim Qazıyev tamamilə yalan danışır:
“Mənim Rəhim Qazıyevlə münasibətlərim bütün Azərbaycana bəllidir. Rəhim Qazıyevi istefa verməyə məcbur edən əsas adam mən olmuşam. Ona görə də onun mənə düşmən münasibəti var. Milli Məclisin qapalı iclasında Rəhim Qazıyevin Rusiya ilə əlaqələri haqqında məlumat verərək, onu ifşa etmişəm. Bundan sonra da Rəhim Qazıyev istefa verməyə məcbur olub. Bu tarixi faktlardır və gizlətmək mümkün deyil”.
S.Əkbər deyib ki, əgər Milli Məclisin qapalı iclaslarının stenoqramaları açıqlansa, Rəhim Qazıyevlə bağlı hər şey aydın olacaq:
“Çünki Milli Məclisin qapalı keçirilən iclasında Milli Təhlükəsizlik Nazirliyində olan faktlar mənim tərəfimdən açıqlanıb. Həmin faktlara əsasən, biz Rəhim Qazıyevin Rusiya ilə əlaqələrini ifşa etmişik. Həmin qapalı iclasda Baş nazir Pənah Hüseyn də çıxış edib. Daha sonra Rəhim Qazıyev istefa verib. İndi o bunları necə danır?
Rəhim Qazıyevin söyüş söyməsi də onun əxlaq və tərbiyyəsinin göstəricisidir. Mən özümü o səviyyəyə salıb, ona söyüşlə cavab vermərəm”.
Xatırladaq ki, Rəhim Qazıyev “Ölkə.Az”-a müsahibəsində Sülhəddin Əkbərin “KQB”-nin agenti olduğunu iddia edib.