“Respublika Prokurorluğu səlahiyyət həddini aşıb” – SENSASİON MÜSAHİBƏ

“Məni aparsınlar həbsxanaya, müsahibə verməyim”
 
“Siz Nəcməddin Sadıqovun adını çəkməmisiniz, onun adını mən çəkmişəm”
 
Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Hurriyyet.org saytına sonuncu müsahibəsində DTX sədri Mədəd Quliyevin orduda baş verənlərin 90-cı illərə gedib çıxması fikrinə münasibət bildirmişdi. Partiya sədri qeyd etmişdi ki, Müdafizə Nazirliyində casus şəbəkəsinin yaranmasının, ümumiyyətlə, indiyə kimi orduda baş verən neqativ hadisələrin başında Nəcməddin Sadıkov durur.
M.Mirəlioğlunun bu açıqlamasına və digər 3 yazıya görə “Hürriyyət” qəzetinə və Hurriyyet.orgsaytına Baş Prokurorluq tərəfindən rəsmi xəbərdarlıq edildi.

““Hürriyyət” qəzetinə qarşı edilən bu xəbərdarlıq doğru deyil”

Hurriyyet.org-a açıqlamasında bu məsələyə münasibət bildirən KXCP sədri Mirmahmud Mirəlioğlu Baş Prokurorluğa etiraz etdi: “Mənə elə gəlir ki, bu məsələdə Baş Prokurorluğun gördüyü işlər sırasında birincisi bu sözü deyənlərə, yəni mənə xəbərdarlıq olunmalıdır. Bu sözün müəllifi mənəm, mənə qarşı xəbərdarlığı, nəsə sözü olacaqsa, mənə qarşı lap cinayət işi açmalıdır, buyursun açsın. Biz dediklərimizin məsuliyyətini daşıyırıq. Məncə, “Hürriyyət” qəzetinə qarşı edilən bu xəbərdarlıq doğru deyil və qanuna da uyğun deyil. Hər halda Respublika Prokurorluğunda qanunları kifayət qədər bilənlər var, baxmayaraq ki, aparıcılar qanunları nə bilirlər, nə də riayət edirlər. Bu işlə məşğul olan adamlar fərqində olmalıdırlar ki, xəbərdarlığı o sözü deyən adama etməlidirlər. Sadəcə mediaya bu istiqamətdə deyilənlərə görə, deməlidirlər ki, sənin əsasın varmı? Ancaq mənim əsasım var. Nəcməddin Sadıkovla bağlı dediyim sözlərə görə mən yox, Nəcməddin Sadıkov məsuliyyə daşıyır. Onun tərcümeyi-halına görə, mən məsuliyyət daşımıram”.

“Bu məsələdə iddia qaldırmalı olan Nəcməddin Sadıkov idi, Respublika Prokurorluğu yox”

M.Mirəlioğlu hesab edir ki, başlanğıc üçün hədəf “Hürriyyət” qəzetidir: “Mən də “Hürriyyət” qəzetinin hüquqlarını qorumağa hazıram. İndi öz hüquqlarımı vəkilim vasitəsilə qoruyacam, neyniyəcəm, o ayrı məsələdir. Bu məsələdə haqq, ədalət gec-tez qalib gələcək. Bu məsələ ilə kimsəyə hədə-qorxu gəlmək mümkün deyil. Bu məsələdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisinin özünün də açıqlaması və konkret olaraq bu məsələdən çıxan nəticə də ortadadır. 90-cı illərdən üzü bəri bütün işğal olunmuş ərazilərimizdə Nəcməddin Sadıkovun fəaliyyəti, video görünütülər də ortadadır. Hər kəs də bunu bilir. Məncə də bu məsələdə iddia qaldırmalı olan Nəcməddin Sadıkov idi, Respublika Prokurorluğu yox. Mən hesab edirəm ki, bu məsələdə Respublika Prokurorluğu öz səlahiyyət həddini aşıb”.

“Siz hələ mənim dediklərimin bir hissəsini yazmısınız”

M.Mirəlioğlunun fikrincə, bu məsələnin arxasında “beşinci kolon”un hücumu görsənir: “Görsənir ki, məsələ belədir. Burada məsələlər nədir? Siz sual verirsiniz, siz kimdən müsahibə alırsınız, o, sizin suala cavab verməyə də bilər, deyər ki, mən bu məsələdən yan keçirəm. Siz Nəcməddin Sadıkovun adını çəkməmisiniz. Nəcmədin Sadıkovun adını mən çəkmişəm. Sizi orada konkret ad çəkmisiniz? Yox. Mən çəkmişəm. Sonra siz onun üzərində suallarınızı genişləndirmisiniz, vəsallam. Bu məsələnin arxasında Moskvapərəst qüvvələr, konkret olaraq Moskvaya qeydsiz-şərtsiz riayət edən Azərbaycan hakimiyyətində olan insanlar dayanır. Siz hələ mənim dediklərimin bir hissəsini yazmısınız. Mən də sizə qarşı iddiada olmalıyam ki, niyə dediklərimin hamısnı yazmamısınız. Siz hələ mənim dediklərimin hamısını yazmamısınız”.

“Bu məsələdə mənə olan güzəştlərdən məni məhrum edin”

Baş Prokurorluğun məlum xəbərdarlığından sonra “Hürriyyət”in əməkdaşlarının jurnalistlərə verilən evləri almaqdan məhrum edilməsinə də münasibət bildirən KXCP sədri dedi: “Əvvala, jurnalistlərə verilən evləri kim verir, o bəllidir. Nə üçün verir, o da bəllidir. Siyahı indidən müəyyənləşdirilir. Respublika Prokuroluğunun xəbərdarlığına görə, qəzetin əməkdaşlarına ev verilməməsi çox yanlış bir şeydir, səhvdir. Sizin əməkdaşlara ev verilməyəcəksə, buna görə bütün məsuliyyəti mən öz üzərimə götürürəm və o onlar da eşidirlər, dinləyirlərsə, aidiyyatı adamlardan xahiş edirəm ki, bu məsələdə mənə olan güzəştlərdən məni məhrum edin. Məsələn, mən indi maşında gedərək hazırda sizə müsahibə verirəm, tutalım, məni aparsınlar həbsxanaya müsahibə verməyim. Bəs, burada sizin nə günahınız var?  Qoy, sizin ailənizin mənzil şəraiti yaxşılasın, ailəniz geniş, rahat yerlərdə yaşasın. Başqaları sədaqətlə kiməsə qulluq edib mənzil alırlarsa, siz də həqiqəti hürr, azad yazdığınıza, qəzetin də adı “Hürriyyət” olduğuna görə evlərdən məhrum olmayın. Bizi dinləyənlər də bunun fərqində olsunlar. Əslində, səbəbkar konkret olaraq müsahibə verəndir və onu cəzalandırmağa çalışsınlar, buna gücləri çatırsa, qarşılarına hədəf qoyurlarsa, daha mediaya qarşı niyə mübarizə aparırlar?! Yaxud media mənsublarını evdən niyə məhrum edirlər? Yox, bəhanə gəzirdilərsə, bu ayrı məsələdir”.

Hurriyyet.org