​“Reket”lər həbs olunur, bəs onları himayə edənlər?

“Məmurun nə marağı var ki, jurnalistə pul verir” sualına cavab tapılmalıdır…
 
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov şənbə günü mətbuata “reket jurnalistlər”lə bağlı növbəti açıqlama verib. Deputat “reket jurnalistlər”in əvvəllər yazılı mətbuatda, qəzetlərdə fəaliyyət göstərdiyini, indi isə internet mediasına cəmləşdiyini deyib: “İndi həmin şəxslər onlayn jurnalistikaya, eyni zamanda internetdə fəaliyyət göstərən televizya və radiolara transfer olunublar. Bunun da müəyyən səbəbləri var. Çox təəssüf ki, həmin o şəxslər birləşərək ayrı-ayrı adamların ətrafında cərəyan etməyə başlayıblar. Onlar ayrı-ayrı insanlar tərəfindən də maliyyələşirlər. Son zamanlar o yolda olan jurnalistlər saxlanılır, həbs olunur. Bu proses hələ davam edəcək. Mən elə fikirləşirəm ki, iqtisadi baxımdan təminat ödəndikcə, həmin o neqativ hallar da aradan qalxacaq”.
Öncə onu qeyd edək ki, hörmətli Ə.Amaşovun bu fikirləri yeni deyil. O, bundan öncə də dəfələrlə onlayn mediada “reket jurnalistlər”in fəaliyyət göstərdiyni dilə gətirib. Həmçinin, Mətbuat Şurasının sədri bu “jurnalistlər”in ayrı-ayrı şəxslər tərəfindən maliyyələşdirildiyini də bir neçə dəfə təkrar edib. Həmişə də fikirlərini o vurğu ilə bitirib ki, “biz hər şeyi bilirik, bu yolda olanlar qanun çərçivəsində cəzalandırılacaq”.
Əlbəttə, Mətbuat Şurası sədrinin “reket jurnalistlər”in fəaliyyəti ilə bağlı bir çox faktları bildiyinə şübhə etmirik. Həm də ona görə ki, artıq Mətbuat Şurasında “Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyası” fəaliyyət göstərir və bu komissiyaya hüquq-mühafizə orqanlarının – Respublika Prokuroluğunun, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin nümayəndələri də cəlb olunub. Bu baxımdan, güman etmirik ki, hörmətli Amaşovun Azərbaycanın media məkanında baş verən bir çox neqativ hallardan xəbəri yoxdur. Necə ki, şəxsən biz özümüz də jurnalist araşdırması nəticəsində “reket mətbuat”ın qanunsuz əməlləri ilə bağlı çoxsaylı faktlar əldə etmişik. Məsələn, hər ayın ortası hansı qurumdan hansı saytlara və nəyin qarşılığında külli miqdarda pul paylanıldığı haqda bilgilərimiz var. Amma bütün bunlar indiki məqaləmizin mövzusu olmadığından, bu haqda yazmağı növbəti həftəyə saxlayırıq.
Bizi indi maraqlandıran əsas odur ki, dəyərli Ə.Amaşovun da vurğuladığı kimi, “yanlış yolda olan “jurnalistlər” saxlanılır, həbs olunursa”, bəs nə üçün onları himayə edən məmur və iş adamları “toxunulmaz” qalır? Gəlin etiraf edək ki, bir çürük ağacı kəsmək üçün başına çıxıb budaqlarını bir-bir doğramaqdansa, onu kökündən baltalamaq daha böyük effekt verər. Bu baxımdan, hər həftə bir “reket jurnalisti” həbs etməkdənsə, onların maliyyə qaynaqlarını kəsmək, yəni onları himayə edənləri ifşa etmək daha doğru olmazmı?!
Hə, o başqa məsələ ki, dəyərli Ə.Amaşovun “hələ jurnalistikamızı saf-çürük etməyə” zamanı yoxdur. Əslində, onu anlamaq da olar. Axı, indi bütün Azərbaycan jurnalistlərinin başı ev “alqı-satqısına” qarışıb. Belə bir vaxtda kimdir “reket jurnalistika” ilə maraqlanan?! 
Yeri gəlmişkən, hazırda “reket mətbuatın” nümayəndələri də öz “peşələrini” donduraraq, hakimiyyətdən mənzil qopara bilmək üçün sənəd-sünəd toplamaqla məşğuldur. Hansı ki, mənzil növbəsində olan 3500 nəfərə yaxın şəxsin böyük əksəriyyətini də məhz onların təşkil etdiyi haqda iddialar var.
Bütün bunlar öz yerində. Amma Mətbuat Şurası sədrinin də ifadə etdiyi kimi, “Məmurun nə marağı var ki, jurnalistə pul verir” sualına tezliklə cavab tapılmalıdır. Çünki Azərbaycan jurnalistikasının acınacaqlı vəziyyətə düşməsinin ən böyük səbəbini məhz məmurun jurnalistə pul verməsində axtarmaq lazımdır. Ona görə də, ilk növbədə bu sualın cavabı tapılmalıdır. Daha sonra isə, cavabsız qalan bir çox sualların cavabı öz-özünə çözüləcək. Məsələn, bu zaman biz biləcəyik ki, jurnalistikanın vəziyyətini kim saf-çürük etməlidir? Və yaxud Azərbaycan jurnalistikasındakı neqativ prosesləri kim tənzimləməlidir və nə üçün bu sahədə heç bir iş aparılmır? Nə üçün jurnalistikada savadsız, nəinki ali təhsili, heç orta təhsili belə olmayan insanlar aparıcılıq edirlər? Və yaxud jurnalistikaya kim və necə nəzarət etməlidir?...
RƏŞAD
P.S. Bəlli oduğu kimi, bu gün ölkəmiz jurnalistlərin həbsinə görə beynəlxalq təşkilatların hesabatlarında ciddi şəkildə tənqid olunur. Kim deyə bilər ki, ölkəmizin adını “qara siyahı”lara salan bu həbslər elə jurnalistika sahəsindəki nəzarətsizlikdən, yəni mətbuatı müxtəlif maraqların girovuna çevirməkdən qaynaqlanmır?!