Reketçilikdə ittiham olunan baş redaktorun yaxınları jurnalistlərə təzyiq göstərib – “Onsuz da məsələ artıq sönüb...” - YENİLƏNİB

Baxış sayı:
1327

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə “Gündəlik Bakı” qəzetinin reketçilikdə ittiham olunan baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Muxalifet.az xəbər verir ki, məhkəmə prosesində 4 nəfər zərərçəkmiş ifadə verib. İlk olaraq, zərərçəkmiş şəxs qismində Rafiq Rəsulov ifadə verib. O, Habil Vəliyevi bir dəfə gördüyünü deyib:
“Hacıqabulda obyekt üstündə əmim oğlu ilə aramızda davamız düşmüşdü. Əmim oğlu “Gündəlik Bakı” qəzetində məni biabır edəcəyini dedi. Mən də maraqlandım ki, bu qəzet kimindir. Məlum oldu ki, Habil Vəliyevindir. Sənədlərim qaydasında idi. Heç bir problemim olmayıb. Habil Vəliyevin otağına daxil olanda masasının üstündə sənədlər var idi. Habil dedi ki, sizin işlər, alqı-satqı saxtadır. Sənədi aidiyyatı qurumlara göndərəcəyini bildirdi. 10 min dollar istədi. Biz razılaşmayıb çıxdıq. Tanışım Rabillə getmişdik. Rabilə dedim ki, min dollar verə bilərəm. Sonra Rabilə 785 manata yaxın pul verdim ki, Habil Vəliyevə versin”.
Zərərçəkmiş suallara cavabında əmisi oğlu ilə razılığa gəldiklərini, probleminin həll olunduğunu söyləyib. O, tanışı Rabilin sözügedən pulu Habil Vəliyevə verdiyini və pulunu tələb etdiyini deyib.
H.Vəliyev isə zərərçəkmişi, tanımadığını, görmədiyini deyib.
Məhkəmədə H.Vəliyevin vəkili Rəsmiyyə Qəhrəmanova isə zərəçəkmişə deyib ki, gözləsin, ona dəyən ziyan prosesdən sonra ödəniləcək.
Digər zərərçəkmiş Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılov ifadəsində qeyd edib ki, Habil Vəliyevlə heç bir tanışlığı, əlaqəsi olmayıb: “Mən işlədiyim müddətdə bir dəfə də olsun rayonun ərazisində olmayıb. Bizim aramızda heç bir ədavət olmayıb. Yaxşı olar ki, Habili bu yola təhrik edənləri istintaq açaydı. Habil bu gün cinayət məsuliyyətinə cəlb olunub, cəzasını alır. Amma onu bu işə salanlar var. Məni Habilə sifariş verən insanlar indi də öz yerlərindədirlər".
R.Cəbrayılov onu da deyib ki, Habil tərəfdən ona dəyən 15 min manat ziyan qəpiyinə qədər ödənilib: “Mənim Habillə bağlı heç bir şikayətim yoxdur. Onu bu yola dəvət edənlərin Allah bəlasını versin, onda günah yoxdur”. 
Zərərçəkmiş Rəşid Manafov ifadəsində bildirib ki, H.Vəliyev ondan min manat pul istəyib: “Lakin mən ona üç yüz manat pul verdim. Sonradan dedi ki, qalanını da verməlisən. Ümumilikdə 1800 manat pul alıb. Guya, mən rəhbərlik etdiyim təşkilatda korrupsiya halları var, vəzifəmdən sui-istifadə edirəm. Dedi ki, buna görə, məqalə yazacaq. Mən də məcbur olb verdim. Ona görə ki, 5 nəfər məni düzgün başa düşəndə, 1-i başa düşməyəcəkdi. Bir neçə belə yazı da yazmışdı. Dəymiş ziyan ödənilməyib, ancaq dəymiş ziyanın qaytarılmasını da tələb etmirəm”.
Zərərçəkmiş qismində Beyləqan rayon Təhsil şöbəsinin müdiri Tofiq Abbasov da ifadə verib. O qeyd edib ki, Habil Vəliyev onunla bağlı şantaj xarakterli yazılar yazacağını deyib və ondan pul tələb edib. T.Abbasov Habil Vəliyevə 500 manat verdiyini söyləyib.
Zərərçəkmiş 500 manatının ödənilmədiyini deyib.
Müttəhimin müdafiəçisi Rəsmiyə Qəhrəmanova deyib ki, səhər tezdən T.Abbasovu gözləyir, məhkəmə iclasından sonra ona dəyən ziyan ödəniləcək. T.Abbasov isə dəymiş ziyan ödənildiyi təqdirdə heç bir şikayətinin olmayacağını bildirib.
Hakim F.Qəribov bildirib ki, 4 nəfər zərərçəkmiş dindirilib, 8 nəfər qalıb: “8 nəfər növbəti iclasda burada olmalıdır. Daxili İşlər Nazirliyinə, Təhlükəsizlik Xidmətinə yazın. Belə olmaz”.
Proses yanvarın 18-də saat 11-də davam edəcək.
Qeyd edək ki, H.Vəliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı tutulub. DTX tərəfindən aparılan araşdırmaların nəticələri üzrə hədə-qorxu ilə tələb etmə, əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə etməklə belə tədbirlərin keçirilməsi faktları üzrə cinayət işi başlanılıb.

Cavid, Muxalifet.az

P.S. Qeyd edək ki, Habil Vəliyevin məhkəməsi başlamazdan əvvəl prosesdə iştirak edən qohumları mətbuat nümayəndələrinə təzyiq göstəriblər. Belə ki, müttəhimin bacısı, qardaşı və digər bir qohumu prosesi işıqlandıran jurnalistlərə yaxınlaşaraq, bir-bir onların hansı KİV-i təmsil etdikləri ilə maraqlanıblar. Daha sonra basıcı bir neçə dəfə mətbuatı “ara qatmaqda” ittiham edərək bildirib: “Siz işin gedişinə mane olursunuz. Onsuz da məsələ artıq sönüb, tərəflər arasında razılaşma əldə olunub. Siz isə məhkəmədə olanları yazmaqla barışıq əldə edilməsinə imkan vermirsiniz”.