“Reket jurnalistlər” haqqında sensasion araşdırma – ONLARI MƏTBUAT ŞURASI İLƏ NƏ BAĞLAYIR?

Azərbaycanda “reket jurnalistlər”in fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə sensasion məlumat yayılıb. Belə ki, Aynur Eldarqızı adlı Facebook istifadəçisi öz profilində son vaxtlar “reket jurnalistlər”in fəaliyyətinin daha da genişləndiyini yazır: “Azərbaycanda ölkənin KİV sahəsində “reket jurnalistikası”nın imkanlarından geniş istifadə edilməsi artmaqdadır. Məhz onların (“reket jurnalistlər”in – red.) kimlərinsə maraqları daxilində böhtan və şantaj xarakterli məlumatları yaymaqla siyasi proseslərə cəlb edilmələri açıq görünür. Əgər “reket jurnalistikası” siyasətə də müdaxilə edirsə, deməli, bu kiməsə, yaxud kimlərəsə lazımdır. Bu artıq əvvəlki kimi müəyyən sahələrdə pul qazanmaq üçün deyil, daha geniş sferada istifadə edilir.
Çox maraqlıdır, məhz Mətbuat Şurasının sədri Əflatun Amaşovun son günlərdəki çıxışları elə bil ki, onları, yəni “reket jurnalistləri” müdafiə xarakteri daşıyır. Daha doğrusu, bir az diqqət etsək, müdafiə edir.
Ən maraqlı məqamlardan biri isə odur ki, hətta Mətbuat Günü bəzi reket jurnalistlər evlə təmin olunub. Bu zaman çox böyük suallar meydana çıxır. Niyə? Bu kimə lazımdır?”.
 
Dəyərli oxuculara bəllidir ki, son vaxtlar “reket jurnalistlər”in fəaliyyəti Muxalifet.az saytının da diqqət mərkəzindədir. Təsadüfi deyil ki, bir neçə həftədir saytımızın “Media və məmur” bölümündə ölkə mediasının məmur, icra başçısı, deputat və s. şəxslər haqqında yazdığı tənqidi yazıların statistikasını dərc etməkdəyik. Yəni Muxalifet.az-ın əməkdaşları həftəlik olaraq saytları izləyir və yekunda mövzu ilə bağlı maraqlı təhlil yazısı oxucularımıza təqdim olunur.
Son həftələr ərzində baş verən proseslər onu göstərir ki, əvvəllər olduğu kimi, hazırda da maraqlı dairələrin sifaişi ilə “reket saytlar” vasitəsilə müəyyən  insanlar “vurulur”, barələrində ciddi şəxsi xarakterli məlumatlar mətbuata sızdırılır, hətta onların mülkiyyəti barədə sübutlu sənədlər işıq üzü görür. Məsələn, Muxalifet.az-ın son iki həftəlik araşdırmasından görünür ki, “vurulan” şəxslər arasında Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və AzTV-nin rəhbəri Arif Alışanov barəsində müəyyən faktlar ciddi qəzetlərdə işıq üzü gördükdən sonra, “reket saytlar” quzğunlar kimi hədəflərin üstünə düşüblər, hətta sonrdan daha ciddi sübutlar ortalığa çıxarılıb.
Bu haqda demək olar ki, hər gün ölkə mətbuatında çoxsaylı faktlra dərc ounduğundan, bu faktları sadalayıb dəyərli oxucuların vaxtını almaq istəmirik. Amma oxucuların diqqətinə onu çatdıraq ki, 2016-cı ilin iyun ayının 16-da Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Günün səsi” saytına müsahibəsində ““Reket jurnalistikası”nın arxasında MTN-nin dayandığı üzə çıxdı” deyə bildirmişdi. Artıq iki ilə yaxındır MTN yoxdur, onun yerinə iki qurum yaradıldı – DTX və XTX. Bundan sonra isə DTX-nın “reket jurnalistikası”na ciddi zərbələr endirdiyinin hər birimiz şahidi olduq. Belə ki, ən iri “reket jurnalistlər” – Habil Vəliyev, Surxay Əliyev, Hikmət Nəcəfli, Azər Abbasov və Maarif Abbasov saxlanıldı və barələrində həbs qətimkan tədbiri seçildi. Maraqlıdır, “reket jurnalistlər”in arxasında bəs indiki dövrdə kim durur?

Yeri gəlmişkən, DTX-nın “reket jurnalistlər”ə qarşı ardıcıl əməliyyatlar apardığı və çoxsaylı həbslər həyata keçirdiyi ilk vaxtlar belə düşünmək olardı ki, artıq kimsə “reket”ləri himayə edə bilməz. Lakin Aynur Eldarqızının sosial şəbəkədəki statusu tamamilə fərqli bir mənzərəni göz önünə sərir. Üstəlik, belə informasiyalar da var ki, bu ilin fevral ayından başlayaraq təkcə BİR MƏNBƏdən hər ayın ortasında “reket jurnalistikası”nın təmsilçisi hesab olunan sayt və qəzetlərin hər birinə 150-300 AZN arasında pul verilir. Bu saytların sayı isə bir, iki deyil, onlarla göstərilir...
Əlbəttə, bizim bu haqda əlimizdə heç bir fakt yoxdur. Amma bir halda ki, Mətbuat Şurası “reket jurnalistika” ilə mübarizəyə hüquq mühafizə orqanlarının əməkdaşlarını da cəlb edib, o halda çox güman ki, deyilən faktlardan bu qurumun xəbəri olmamış deyil. O başqa məsələ ki, hüquq mühafizə orqanları əməkdaşlarının iştirakı ilə “Reket Komissiyası”nın iclasının keçirildiyi haqda heç bir informasiya yoxdur. Maraqlıdır, o halda bu komissiyanın yaradılmasına nə ehtiyac vardı?...
Ümumilikdə bizim təhlillərimiz onu göstərir ki, Azərbaycanda “reket jurnalistlər”in fəaliyyəti nəinki səngiyir, əksinə bu kontigentin sayı getdikcə daha da çoxalır. Buna da təbii yanaşmaq lazımdır. Ən azı ona görə ki, “reket jurnalistlər”in fəaliyyətinə hətta Mətbuat Şurası belə göz yumursa, onda bu sahəyə niyə də maraq olmasın?!
Digər maraqlı təhlil ondan ibarətdir ki, son zamanlar ölkədə cərəyan edən siyasi proseslərdə də “reket jurnalistikası”nın imkanlarından geniş istifadə olunur...
Muxalifet.az
P.S. Jurnalist etikası baxımından mövzu ilə bağlı müəyyən faktlar və bəzi adlar tərəfimizdən açıqlanmır.