“Reket” baş redaktorun məhkəməsi: RÜŞVƏT ALAN CƏZALANDIRILIR, BƏS RÜŞVƏT VERƏNLƏR...

Baxış sayı:
1781

Qurban Məmmədov: “Rüşvət verən adam məsuliyyət daşıyır və mütləq cəzalandırılmalıdır

“Rüşvət verib, məzlumun haqqını yeməyin”

Srağagün Bakı Ağır Cinayətlər Məhkəməsində “Gündəlik Bakı” qəzetinin reketçilikdə ittiham olunan baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesində diqqətçəkən bəzi məqamlar oldu. Zərərçəkmiş şəxs qismində ifadə verən Laçın rayonunun sabiq icra başçısı Ramiz Cəbrayılov bildirdi ki, H.Vəliyev tərəfdən ona dəyən 15 min manat ziyan qəpiyinə qədər ödənilib.
Maraqlıdır ki, rüşvət alan cinayət məsuliyyətinə cəlb olunub. Ancaq rüşvət verənlər, sanki, “qəhrəmanlıq” ediblərmiş kimi, özlərini məsuliyyətdən kənarda saxlamağa çalışırlar. O cümlədən, prosesdə sabiq icra başçısı baş redaktora rüşvət verdiyini etiraf etsə də, bu fakt hakimin də “gözündən qaçıb”. Soruşan yoxdur ki, ay Ramiz müəllim, Habilə rüşvəti niyə vermişdin? Habil rüşvətin müqabilində sənin hansı qanunsuz əməllərini ört-basdır edəcəkdi?!
Eyni zamanda digər zərərçəkmiş Beyləqan rayon Təhsil şöbəsinin müdiri Tofiq Abbasov da ifadə verərək, H.Vəliyevə 500 manat verdiyini söyləyib.
Təhsil şöbəsinin müdiri jurnalistə niyə 500 manat verməldir, axı? Deməli, özünün çirkin əməllərini gizlətmək niyyəti olub.
Digər zərərçəkmiş Rəşid Manafov isə ifadəsində “mənə dedi ki, guya, rəhbərlik etdiyim təşkilatda korrupsiya halları var, vəzifəmdən sui-istifadə edirəm” – deyə bildirib: “Mən də məcbur olub verdim. Ona görə ki, haqqımda məqalə yazılsa, 5 nəfər məni düzgün başa düşəndə, biri düzgün başa düşməyəcəkdi”.
Maraqlıdır ki, hansısa təşkilata rəhbərlik edən şəxs  1800 manatı H. Vəliyevə niyə verib? Onun rəhbərlik etdiyin təşkilatda korrupsiya yoxdursa, niyə yazılanlardan qorxmalı və jurnalistə 1800 manat verməliydi?! Düzgün işləyən adam 3-5 nəfərin barəsində yanlış düşünə biləcəyindən nə üçün narahat olmaylıydı?! Guya, kiminsə tənəsinə görə rüşvət verib?! İndi də heç rüşvət verdiyi məbləği də tələb etmir...
Görünür, bizim qanunlarımız rüşvət alanla rüşvət verən şəxsin arasında bir boşluq yaradıb ki, bu həddə gəlib çatmışıq. Cəmiyyət olaraq rüşvət bizim qanımıza işləyib. Ümumlikdə ölkədə rüşvət böhranı olduğu danılmazdır. Amma nəticə də heç yaxşıya doğru getmir...

“Rüşvət vermək daha təhlükəli əməldir, nəinki almaq”

Rüşvət verənlərin cinayət məsuliyyəti ilə bağlı hüquqşünas Qurban Məmmədov Muxalifet.az-a bildirdi ki, əvvala, Qurani-Kərimdə Allah-təala buyurub ki, rüşvət verib, məzlumun haqqını yeməyin: “Bu ayənin məzmununda məhz buyrulub ki, rüşvət vermək daha təhlükəli əməldir, nəinki almaq. Rüşvət verən adam çirkin niyyətlidir ki, rüşvət verib, yoxsa doğru adam niyə rüşvət verməlidir?!”

“O adamlar rüşvət verib, rüşvət alanları həvəsləndirməsələr, rüşvət alan olmaz”

“İkincisi də bizim qanunda rüşvətxorluğun iki növü var: aktiv rüşvətxorluq, passiv rüşvətxorluq. 311-ci maddəyə görə, rüşvət almaq qanunda passiv rüşvətxorluq hesab olunur. 312-ci maddəyə görə isə rüşvət vermək aktiv rüşvətxorluqdur. Burada rüşvət verənə 5 manatdan 8 min manatadək cərimə, 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. Bu hərəkət təkrar olanda 4 ildən 8 ilədək azadlıqdan məhrumetmədir. Amma rüşvətvermə maddəsində belə bir şey var. Deyir, rüşvət verən adam vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət veribsə, həmin şəxs cinayət məsuliyyətinə cəlb olunmur. Bu indiki rejimin mahiyyətinə uyğun bir şeydir. Özlərini qorumaq üçün bu maddəni qəbul ediblər. Guya ki, vəzifəli şəxs hədə-qorxu gələndə adam rüşvət verir. Və ya qanunda deyilir, rüşvətvermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir. Burada könüllü xəbər verməyə istinad edirlər, rüşvət verənləri məsuliyyətə cəlb etmirlər. Halbuki, ən böyük məsuliyyəti onlar daşıyırlar, ən böyük cinayəti də onlar edirlər. O adamlar rüşvət verib, rüşvət alanları həvəsləndirməsələr, yoldan çıxartmasalar, rüşvət alan olmaz. Ona görə də xəbər vermənin özünün də bir vaxtı var. Rüşvət verən hüquq-mühafizə orqanlarına əvvəlcədən xəbər verirsə ki, məndən rüşvət tələb edirlər, xahiş edirəm tədbir görün, bu, başqa məsələdir. Bu halda məsuliyyətdən azad edilə bilər. Amma adam rüşvət versin, öz işini görsün, rüşvətvermə nəticəsində əlavə qazanclar əldə etsin, sonra da gəlsin, desin ki, mən buna rüşvət vermişəm. Bu adam özü məsuliyyət daşıyır və mütləq cəzalandırılmalıdır”, - deyə hüquqşünas vurğulayıb.

Cavid, Muxalifet.az