​Regiona təhlükə: Ermənistan köhnə ampluasında

Baxış sayı:
1528

Bir qayda olaraq erməni siyasətçilər özlərinin demokratik ruhlu olmalarından dəm vururlar. Onlar bunun fonunda başqalarını ittiham etməkdən belə çəkinmirlər. Ancaq Ermənistanda baş verənlər real vəziyyətin tamamilə başqa cür olduğundan xəbər verir. Serj Sərkisyan ölkə konstitusiyasında apardığı “dəyişikliklərlə” faktiki olaraq hakimiyyəti özündən özünə ötürüb. İndiki əsas qanuna görə, Ermənistanda real hakimiyyət baş nazirin əlində olacaq. Bütövlükdə parlament idarəetmə üsuluna keçid baş verir. Bununla da S.Sarkisyanın tərk etdiyi prezident kürsüsünə yalnız rəsmi tədbirlərdə “toy generalı” kimi iştirak edən adam əyləşəcək. Bunları anlayan müxalifət etiraz aksiyaları keçirir. Bu prosesin necə sona çatacağı məlum deyil. Ancaq aydındır ki, Ermənistanda daxili siyasi, sosial və iqtisadi vəziyyət özünün daha gərgin səviyyəsinə yüksəlməkdədir. Bu isə ümumən Cənubi Qafqazda qeyri-müəyyən geosiyasi mənzərə yaratmaqdadır.
Ermənisayağı “islahat”: prezidentin baş nazirə “çevrilməsi”
İndi Cənubi Qafqazın ən kiçik və zəif ölkəsi silkələnir. Uzun müddətdir ki, Qərbin müxtəlif təşkilatlarının regionun "qismən azad" ölkəsi kimi təqdim etməyə çalışdığı və insan haqlarına guya əməl edildiyi marionet dövlətdə ara qarışıb. Müxalifətin bir qrupu küçələrə axışıb, digərləri isə susur. Hakim qüvvə isə bunlara əhəmiyyət vermədən öz işini görməkdədir. Polis prosesə müdaxilə etməyə hazır vəziyyətə gətirilib. İlkin rəqəmlərə görə, 30-dan çox insan xəsarət alıb. Etiraz hərəkatına başçılıq edən parlamentin deputatı, "Vətəndaş dialoqu" partiyasının lideri Nikol Paşinyan polislə toqquşmada əlindən yaralanıb, lakin hələ də meydandadır.
Bütün bunlar hazırda Ermənistanda mövcud olan vəziyyətin yalnız bir qısa fraqmentidir. Məsələnin kökü isə ölkənin sosial, siyasi və iqtisadi həyatının bir sıra xüsusiyyətləri ilə əlaqəlidir. Əvvəlcə hakimiyyətin davranışlarından başlayaq. Serj Sərkisyanın prezidentliyi dövründə konstitusiyaya dəyişiklik edildi. Ermənistan prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçdi. Müstəqil ekspertlər bunun əsas səbəbinin Ermənistan konstitusiyasına görə bir nəfərin dalbadal üç dəfə prezident seçilə bilməsinin qadağan olması ilə bağladılar. Onlar proqnoz verirdilər ki, S.Sərkisyan dəyişiklikdən faydalanaraq baş nazir olacaq və parlamentdə də özünə sadiq qüvvələr üstünlüyünü saxlayacaq.
Bu proqnozun hər iki aspekti özünü doğrultdu. Birincisi, S.Sərkisyanın rəhbərlik etdiyi Respublika partiyası daşnaklarla ittifaqda parlament seçkisində qalib gəldi və 105 yerdən 65-nə sahib oldu. İkincisi, hakim qüvvələr S.Sarkisyanın baş nazir postuna təyin edilməsi üçün onun namizədliyini irəli sürdü. Bu təklifi baş nazir olan və “Qazprom”un adamı kimi tanınan Karen Karapetyan verdi. Parlamentin bu təqdimatı aprelin 17-də təsdiq edəcəyi barədə informasiya əvvəlcədən məlum idi. Bu prosesə etiraz kimi N.Paşinyan hərəkat başlatdı.
Hərəkatçılar Ermənistanda demokratiyanın pozulduğunu, insan haqlarının tapdandığını və S.Sərkisyanın öz hakimiyyətini süni surətdə uzatdığı iddiası ilə çıxış edirlər. Onlar hakimiyyətin bir nəfər tərəfindən zəbt edilməsinin qəbuledilməz olduğunu ifadə edirlər. Konkret olaraq S.Sərkisyanın sözdə demokratiya dəyişikliyi adlandırdığı prosesin, əslində, zorakı və avtoritar yolla, kənardan (başlıca olaraq Kremldən) gələn sifariş əsasında hakimiyyəti qəsb etdiyini söyləyirlər.
Ekspertlər S.Sərkisyanın hakimiyyətdə qalmaması üçün müxalifətin əlində kifayət qədər əsas olduğu haqqında yazırlar. Heç bir sahədə S.Sarkisyanın prezidentliyi dönəmində Ermənistan uğur əldə edə bilməyib. Daxili vəziyyət gərgin olaraq qalır. İqtisadiyyat çöküb. Baş nazir K.Karapetyana olan ümidlər də tükənib. K.Karapetyan müəyyən sferalarda fraqmentar uğurlar əldə etsə də, ümumən iqtisadi sistem bərbad vəziyyətdə qalmaqdadır. Bunun səbəbi kimi isə korrupsiya və korporativ maraqların ölkədə üstünlük təşkil etdiyini göstərirlər.
Ekspertlər əmindirlər ki, Ermənistanda korrupsiyanın başında məhz S.Sərkisyan dayanır. K.Karapetyan məhz bu səbəbdən sistemli islahatlar apara bilmir. Müxalifətin əksər hissəsi də korrupsioner sistem tərəfindən satın alınıb. Onlara müəyyən pay veriblər ki, səslərini çıxarmasınlar. Hətta bir sıra erməni ekspertlər bütün Ermənistan cəmiyyətinin korrupsiyaya qurşandığı tezisini irəli sürmüşdü.
Bunlardan başqa, Ermənistanın iqtisadi infrastrukturu Rusiyadan asılı vəziyyətə salınıb. Bütün strateji sferalara nəzarət Moskvanın əlindədir. Və bu vəziyyətdə hər hansı dəyişiklik gözlənilmir. Ayrıca, enerji sferasında Rusiya hökmranlıq edir. Ermənistan bütün regional və beynəlxalq enerji-nəqliyyat layihələrindən təcrid olunmuş vəziyyətdədir.
Regiona təhlükə: Ermənistan köhnə ampluasında
Daxili siyasətin bu vəziyyəti xarici siyasətdə özünü göstərən uğursuzluqlarla tamamlanır. Rəsmi İrəvanın tutduğu məntiqsiz, reallıqdan uzaq və ədalətsiz mövqeyə görədir ki, ölkənin Azərbaycan və Türkiyə ilə münasibətləri düzəlmir. Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. 2016-cı ilin Aprel döyüşləri isə göstərdi ki, Ermənistanda ordu quruculuğu yarıtmaz vəziyyətdədir. Azərbaycan Ordusu qısa müddətdə erməni silahlı qüvvələrini darmadağın etmək iqtidarındadır. Ermənistan vətəndaşları anladılar ki, onların silahlı qüvvələri deyil, kənardakı havadarları təhlükəsizliyin təminatçılarıdırlar. Bunun isə gələcəyi yoxdur. Çünki istənilən an havadarın özü pis vəziyyətə düşə bilər ki, Ermənistan çarəsiz qalar.
Bütün bunlara görə, Ermənistanda bəzi müxalif qüvvələr S.Sərkisyanın korrupsioner hakimiyyətinin sona çatdırılması tələbi ilə çıxış edirlər. Ancaq müxalifət sivil qaydada mübarizə aparmaq imkanlarının məhdudluğunu nəzərə alaraq, küçələrdə etirazlara başlayıb. Polis bəyan edib ki, etirazları dağıtmaq səlahiyyəti var və bundan istifadə edəcək. Onlar özləri ilə vətəndaşlar arasında tikanlı məftillər çəkiblər. Toqquşmalar müntəzəm xarakter alır. Nikol Paşinyan hökumət binalarının zəbt ediləcəyi barədə informasiya yayıb. O, bütövlükdə Ermənistanda “məxməri inqilab”ın başladığını bəyan edib.
Deməli, faktiki olaraq Ermənistanda siyasi ziddiyyətlər inqilabi hərəkatla nəticələnməkdədir. Hakim qüvvənin S.Sərkisyanın namizədliyini geri götürəcəyi imkansız görünür. Onun təyin ediləcəyinə şübhə yoxdur. Bununla da hakimiyyət yenidən S.Sərkisyanın əlində cəmləşmiş olacaq. Hazırkı prezident Armen Sərkisyan isə “toy generalı” kimi tədbirlərdə iştirak edəcək.
S.Sərkisyanın baş nazir kimi hakimiyyəti əlində cəmləşdirməsi ölkədə mövcud korrupsiya sisteminin qalması deməkdir. O cümlədən Dağlıq Qarabağ məsələsində rəsmi İrəvanın mövqeyi dəyişməyəcək. O halda həm daxili, həm də xarici siyasətdəki iflic vəziyyəti də davam edəcək. Bununla Ermənistanın kənar qüvvələrdən asılılığının ömrü bir qədər də uzanmış olacaq.
Siyasi aspektdə isə iqtidar-müxalifət ziddiyyətləri yeni səviyyəyə yüksələcək. Çünki indi küçələrdə olan müxaliflərin aksiyalardan çəkilmələri üçün heç bir əsas yoxdur. Onlar S.Sərkisyanın baş nazir olmasını istəmirdilər, lakin bu tələb ödənmədi. Korrupsiya aradan qalxmadı. Xarici siyasətdəki acınacaqlı durum davam edir, enerji sahəsində heç bir irəliləyiş yoxdur. Bu səbəblərdən etiraz aksiyalarının dayandırılması müxalifətin özünə ölüm hökmü verməsi deməkdir.
O halda proqnoz vermək olar ki, Ermənistanda daxili gərginlik hələ uzun müddət özünü göstərəcək. Mümkündür ki, müxalifətin güc zəifliyi səbəbindən ölkədə hələlik hansısa ciddi dəyişiklik olmasın. Ancaq ziddiyyət və toqquşma potensial amil kimi Ermənistan siyasi dairələrini daim təqib edəcək. Orada siyasi qarşıdurma, zorakılıq və güc vasitəsi ilə hakimiyyəti devirmək cəhdləri yoxa çıxmayacaq.
Təbii ki, bütün bunların Ermənistanı bir dövlət və ölkə kimi qeyri-müəyyən vəziyyətə salması tamamilə gözləniləndir. Eyni zamanda, bu ölkə region üçün təhlükə mənbəyi olaraq qalır. Əgər daxildə sabitlik yoxdursa, siyasi gərginlik hökm sürürsə, onda xarici siyasətdə də normal vəziyyət yarana bilməz. Ölkə daxilindəki həssas durumdan istifadə edərək, kənardan olan təsirlərlə daim xaos yaratmaq cəhdləri ola bilər.
Sözsüz ki, bu imkandan, ümumiyyətlə, Cənubi Qafqazda gərginlik yaratmaq istəyənlər istifadə edə bilərlər. Məhz bu məqamda Ermənistanda siyasi sabitsizliyin mövcudluğunun region üçün hansı təhlükələr meydana gətirdiyi daha aydın görünür. Serj Sərkisyan və onun tərəfdarları məsələnin bu tərəfi haqqında qətiyyən düşünmürlər və çox məsuliyyətsiz davranırlar.