REAL-ın qurultayı: GÜN VƏ YER BİLİNDİ

Baxış sayı:
4676

Respublikaçı Alternativ Partiyasının təsis qurultayı Müsavat Partiyasının Bakıdakı mərkəzi qərargahında keçiriləcək. Qurultay dekabrın 17-nə təyin olunub.
Partiya Respublikaçı Alternativ (REAL) Hərəkatının bazasında yaradılır. Təsis qurultayı oktyabr ayından bəri Bakı meriyasının, başqa dövlət təşkilatlarının və özəl qurumların yer ayırmaması səbəbindən bir neçə dəfə təxirə düşüb.
Muxalifət.az novator.az-a istinadən bildirir ki, 2008-ci ildən fəaliyyət göstərən REAL Hərəkatında partiya quruculuğu üzrə təşkilat komitəsi 2016-cı ilin martında elan olunub.
REAL-ın lideri İlqar Məmmədov 2013-cü ildən həbsdədir.
Nizamnamə layihəsinə əsasən, Respublikaçı Alternativ Partiyasının qısa adı REAL Partiyadır.
Partiyanın üçpilləli strukturu var: seçki dairələri üzrə formalaşdırılan dairə təşkilatları (ilkin təşkilatlar); el məclisləri (regional təşkilatlar); qurultay, Məclis, Nəzarət-Təftiş Komissiyası, İdarə Heyəti və sədr (mərkəzi təşkilatlar).
Dairə təşkilatları partiya üzvlərinin sayı ən azı 5 nəfər olduqda qurulur. Onların fəaliyyətinə cari rəhbərliyi seçilən koordinator(lar) həyata keçirir.
El məclisləri regionun hüdudlarında fəaliyyət göstərən dairə təşkilatlarının bütün koordinatorlarından ibarətdir.
Bu qurumlar özünün sədrini və onun iki katibini 2 il müddətinə seçir. 
Partiyanın ali orqanı qurultaydır. Qurultay 4 ildən bir çağırılır. Məclisin, Nəzarət-Təftiş Komissiyasının və el məclislərinin bütün üzvləri və Məclisin qurultaydan 1 ay öncə seçdiyi 20 nəfərə qədər partiya üzvü qurultay nümayəndəsi sayılır.
Qurultay gizli səsvermə yolu ilə Məclisin 40 sərbəst üzvünü; Nəzarət-Təftiş Komissiyasının 5 əsas və 2 ehtiyat üzvünü seçir.
Qurultaylar arasında ali orqan Məclisdir. Bu qurum qurultayda seçilən 40 üzvdən və hər bir el məclisi sədrindən ibarətdir.
Məclis gizli səsvermə yolu ilə 4 il müddətinə özünün başqanını, onun təqdimatı əsasında başqan müavinini və Məclis katibini seçir.
Bu qurum həmçinin gizli səsvermə yolu ilə 4 il müddətinə özünün sərbəst üzvlərindən partiyanın sədrini və namizədlərin ümumi siyahısı əsasında 13 İdarə Heyəti üzvünü seçir.
Prezident, parlament və bələdiyyə seçkilərində partiyanın namizədlərini müəyyən etmək Məclisin səlahiyyətindədir.
Nəzarət-Təftiş Komissiyası (NTK) partiya nizamnaməsinə əməl edilməsinə nəzarət edən orqandır. NTK 5 nəfər üzv və 2 ehtiyat üzv olmaqla qurultayda seçilir. Əsas üzv vəzifədən və ya partiyadan kənarlaşdıqda onu çox səs toplamış ehtiyat üzv əvəz edir.
Partiyanın cari fəaliyyətinə İdarə Heyəti rəhbərlik edir. Bu qurum 15 nəfərdən ibarətdir. Üzvlər gizli səsvermə yolu ilə 4 il müddətinə Məclisin sərbəst üzvləri arasından seçilir.
Məclisin başqanı və partiya sədri vəzifələrinə görə İdarə Heyəti üzvü hesab olunur.
Partiyanın cari fəaliyyətinə sədr cavabdehdir. Sədr İcra Aparatını formalaşdırır və onun fəaliyyətinə rəhbərlik edir.
Partiyada üzvlük fərdi və könüllüdür. 18 yaşına çatmış hər bir vətəndaş partiyaya üzv ola bilər.