Real dəyər problemi

Və yaxud sabiq maliyyə nazirinin “devalvasiya üçün heç bir iqtisadi şərait yoxdu” fikrinə sözardı

Strateq.az saytının 02.01.2016-cı il tarixli sayında, sabiq maliyyə naziri, iqtisadçı alim, professor  Saleh  Məmmədovun müsahibəsini oxudum və bu yazını yazmağa məcbur oldum...
Saytın əməkdaşı sual verir: “Saleh bəy, bəs deyirdiniz devalvasiya üçün heç bir şərait yoxdu?” Hörmətli, iqtisadçı professor cavabında deyir: “Bəli, haqlısınız, mən bunu demişəm və bu gün də bir daha təsdiq edirəm: devalvasiya üçün heç bir iqtisadi şərait yoxdu” (Amma, manat dəyərdən düşüb və düşməkdə davam edəcək.)
İnanın, belə cavab bəlkə də adama təsir etməzdi... əgər mənə də “Siyasi iqtisad”  fənni və xüsusilə də onun o vaxt (sovet dövrü) bizə sırındığı kimi “çürümüş kapitalizm” bölməsi keçilməsəydi və mən də onu öyrənməsəydim (məncə). O vaxtdan bilirəm ki, pul, dalında pulun sahibi tərəfindən müəyyən edilən, duran qızıl qədər dəyərə malikdir, nə az, nə çox. Yəni pulun dəyəri arxasında onun sahibinin qızıl ehtiyatı, əli, nüfuzu durur. Binai-qədimdən, məsələn, sənətkarın hazırladığı balta sapı ilə, hər hansı dəyərə malik şey naturada dəyişdirildiyi (barter) və bunları əvəz edən (ekvivalenti) pul kəşfindən bəri, ta Sovet rejimi gələnədək bizdə,  bazarda  qiymətləri təbii olaraq “tələb və təklif” meyarı (onların nominal ifadə vasitəsi olan pul) tənzimləmişdir. Bizdən başqa, bütün normal dünyada iqtisadiyyat həmişə belə olub, indi də belədir, yəni bu hal onun (iqtisadiyyatın) yaşam tərzidir.
Bu gün bəzilərinin sovet düşüncəsiylə, az qala faciə kimi qəbul etdiyi böhran özü də nə qədər ağrılı da olsa, iqtisadiyyatın inkişaf dinamikasını təşkil edən elə vacib mərhələsidir ki, görünür, təbii qanun kimi onsuz ötüşmək olmur (əksiliklərin vəhdəti, iqtisadiyyatın fəlsəfəsi), sadəcə, vaxtaşırı baş verəcək bu enişə dözümlü iqtisadiyyata malik olmaq gərəkdir, vəssəlam.
Qaldı professorun yuxarıdakı fikrinə, deməliyəm ki, əgər bizim manat sonuncu dəfə “anadan olandan”, ta dünya bazarının  qəbul etdiyi pul standartı (burada, ABŞ dolları) ilə müqayisədə dəyərini itirənədək, inzibati müdaxilə yoluyla  qorunmasaydı, başqa sözlə, əvvəldən dünya bazarındakı kimi, təbii “tələb və təklif” meyarı ilə tənzimlənsəydi (üzməyə buraxılsaydı) devalvasiya (dünyanın pul standartı ilə  müqayisədə milli valyutanın dəyərinin azalması) o vaxt  baş verəcək,  elə “doğuş”dan “zədəli”, yəni  dəyərsiz (ayağı sürüşkən) olacaqdı, təqribən rusun rublundan da zəif. Çünki manatımızın dalında geniş, əhatəli və stabil iqtisadiyyatımız əvəzinə (rusda az da olsa bu var), qiymətini xarici dövlətlərin müəyyənləşdirdiyi, iqtisadi girişmə (müdaxilə)  yoluyla istədikləri vaxt (eynən Fatı kimi) qaldırıb, endirə bildikləri neft gəlirləri durur. Odur ki, hörmətli professor,  necə yəni “...devalvasiya üçün heç dir iqtisadi şərait yoxdu”?!  Devalvasiya üçün iqtisadi şərait var idi. Özü də nə qədər ki, yetkin iqtisadiyyat qurmamışıq, bu şərait olacaq. Sadəcə,  manatın kursu  (alış-veriş tərəzisinin pərsəngi) əldə olunan neft pullarının bir qismini daxili bazarda əritməklə süni surətdə, yəni inzibati qaydada, müvəqqəti olaraq saxlanılırdı. İndi də neft ucuzlaşıb, gəlir azalıb, həmin süni nəfəslik daralıb, manatı dəyərdə saxlamaq üçün əritməyə neft pulu yoxdu, tükənib. Ona görə də manat hələ tam da olmasa, yavaş-yavaş taleyin ümidinə buraxılır, yəni “tələb və təklif ” deyilən meyarın (iqtisadi qanunun) göstərişinə, tənzimləməsinə. O da nəzərə alınmalıdır ki, manat “üzməyə” hələlik hovuza buraxılıb, dünya valyutalarının üzdüyü okeana yox...
Söhbəti siyasi müstəviyə çevirsək, o baş verir ki, ABŞ necə bir iqtisadiyyatı güclü dövlət kimi, başda Rusiya olmaqla, neft pullarıyla baş aparan, demokratik dünya düzəninə əngəl törədən və  iqtisadi gücü neft pullarından asılı olacaq qədər zəif, yaxud boş olan ölkələri daxildən çökdürməklə yanaşı, öz  valyutasının baza faiz dərəcəsini 0,25-dən 0,5 faizə qaldırmaqla dollarını daha da dəyərə mindirmişdir. Görünür, ABŞ bir dollarının dalında 0,25 qram yox, daha çox - 0,5 qram qızıl durmalı olduğu qədər özünü iqtisadi qüdrətli hesab edir. Bu gedişə nə qədər davam gətirəcək – zaman göstərər... valyutası güvənlik qazansa, bəlkə yenə də artırdı, öz işidir, özü bilər.
Neft ineksiyasına oturmayan (oxu, yalnız neft gəlirlərindən asılı olmayan), ağlı başında olan tədbirli ölkələr, əzəldən neft və digər pulları hesabına iqtisadiyyatlarını elə hərtərəfli qurub, inkişaf etdiriblər ki, xaricdən asılılıqları  mümkün qədər az, minimum olduğundan, bu cür iqtisadi təlatümlərdən ya heç ziyan çəkmirlər, ya da çox cüzi, bir növ sığortalanırlar. Ağlı cırcırama kimi olanlarsa, yayda (oxu, neft pulları selləmə gələndə) nəğmə oxuyub kef çəkir, millətin təbii sərvət haqqı olan pulları israfçılıqla hara gəldi xərcləyir, səpələdikcə  şeşələnir, inkişaf görüntüsüylə ziyançılıq edir, qışda (oxu, neft pulları azalanda) isə zəhmətkeş, qənaətcil qarışqanın qapısında yemək dilənir (oxu, “qanuni” üsullarla millətin cibinə daha çox girir), ya da sonda acından ölür (“...həm özü fani olur, həm ləşgəri, həm kişvəri” Məhəmməd Füzuli)...
Mən, hörmətli professorun müsahibəsindəki bəzi fikirlərin, adamyeyən, iribuynuzlu məmurlar haqqında sadəlövh ummaların çoxuna boş verdimsə də, lakin  “Devalvasiya sürünmək, birtəhər vəziyyətdən çıxmaq deyil. Real obyektiv şərait yoxdu, amma subyektiv qərara görə heç bir şəxs cavab verə bilməz” (?) kimi fikirlərindən vaz keçə bilmədim. Vallah, ya bu cümlələrin məntiqi mənə çatmır, ya fikir çapa səhv gedib, ya da cümlələr məntiqsizdi. Yuxarıda dediyim kimi, devalvasiyaya obyektiv şərait... manat “anadan olandan” olub, bu heç. Əgər, “...subyektiv qərara görə heç bir şəxs cavab verə bilməz”sə, onda vəzifə cinayətlərinə görə məsuliyyətin subyektləri kimlərdir?
Yaxud, “Mən bunu dəfələrlə demişəm ki, subyektiv və məntiqdən uzaq qərarlar istisnalıq təşkil edir. Amma subyektiv qərarın qəbulu üçün də heç bir əsas gözlənilmirdi. Çünki, valyuta və pul siyasətinin istiqamətləri əsasən ölkənin prezidenti və Mərkəzi Bankın idarə heyəti tərəfindən müəyyən olunur” fikri. Lütfən, bu cümlələrin məntiqini qavrayan olsa, bizə də anlatsın.
Haqlısız professor, nəyəsə nail olmaq üçün cəmiyyət özünü toparlamalıdır. Lakin bunu iqtidar və aydınlarımız, sağlam və vətənpərvər vətəndaşlarımızın birliyini qurmaqla etmirsə, onda kimlər, hansı “materiallarla” (oxu, kriminallarla), nə edə bilər? (Əslində, sağlam düşüncəli olmayanlar – cinayətkarlar, istədiklərini və bacardıqlarını ediblər ki, biz bu günə gətirilmişik...)
Kimsəyə sirr deyil ki, bütün çatışmazlıqların əsas səbəbi – iş başında kimlərin  – oğrularınmı, yoxsa, doğrularınmı olmasıdır.
Dediyiniz kimi, “...öz əlimizlə dövlətimizi və vətəndaşlarımızı müflisləşdirdik”mi, yoxsa gec, ya tez, onsuz da baş verəcək dünyəvi reallığı məcburən indi qəbul etməli olduq? Məncə, ikincidir. Devalvasiyanın, vurğuladığınız “müsbət” cəhəti də yalnız bundan ibarətdir – əvvəlcədən baş verməli olan itki artıq oldu, indi qalır xalqın bu əlverişsiz, ağrılı şəraitə uyğunlaşması.
Haqlısız ki, devalvasiyadan yalnız dərin dövlət xəbərlərinə çıxışı olanlar (inhisarlar) qazana bilirlər. Bu isə dövlətçilik əxlaqı olmayan məsul şəxslərin öz qoruması altında olan xalqına qarşı dələduzluq cinayətidir. Bir növ, ailə başçısının, öz ailə üzvlərini aldatmasıyla pul qazanması hesabına... nüfuzunu itirməsidir.
“Azərbaycana ən böyük təhlükə AŞ-nın son qətnaməsi və ABŞ Konqresinin sanksyaları haqqında qanun layihəsidi. Nə erməni işğalı, nə cənub təhlükəsi, nə şimal hədəsi bizə o qədər zərər vura bilməz, nəinki bu sadaladığımız sənədlər” -deyirsiz. Əlbəttə, “...erməni işğalı...” fikrinizdən başqa, tam haqlısız. Çünki vətənin bütövlüyü, milli ləyaqət məsələsi olub, hansısa maddi gəlir, maddi ziyan, yaxud yaşam tərziylə ölçülməz qədər müqayisəyə gəlməyən anlayışlardır.  
AŞ-na və ABŞ-a qiymətləndirmənizi alqışlamaqla bərabər, bir sualım da var. Siz  özünüzü, iliyinədək yalançı və peşəkar oğrularla hansısa işbirliyi qura biləcəyinizə inandırmaqla təskinlikmi tapırsız?! Axı bu, ilğımın su görüntüsündən başqa bir şey deyil.

Məmmədxan  Əzizxanlı

05.01.2016