​Ərdoğanla Putin razılaşdı, Nalbandyan Moskvaya çağırıldı – Lavrovun Bakıya SİRLİ SƏFƏRİ

Rusiya xarici işlər naziri Sergey Lavrov noyabrın 19-da Bakıya, 20-də isə İrəvana səfər edəcək. Ermənistanın “168 jam” qəzetinin diplomatik mənbələrə istinadən verdiyi məlumatda Lavrovun səfərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına həsr edildiyi deyilir.
Muxalifət.az xəbər verir ki, Lavrovun Bakı və İrəvana səfəri haqda məlumatına dünən Soçidə Ərdoğan-Putin görüşündən sonra yayılması diqqət çəkir.
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçi görüşündə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyini açıqlamışdı. Hətta Ərdoğan Soçiyə yola düşməmişdən öncə hava limanında da jurnalistlərə bunu təsdiqlədi. Görüşlə bağlı rəsmi məlumatda isə Dağlıq Qarabağın müzakirə edildiyinə dair heç bir qeyd yox idi. Lakin bu, liderlərin qapalı müzakirələrində Qarabağa vaxt ayırmadıqları demək deyil. Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun görüşün detallarının gizli saxlanıldığı haqda dedikləri də ehtimal etməyə imkan verir ki, Ərdoğanla Putin bir sıra mühüm məsələlər kimi Qarabağ münaqişəsini də müzakirə edib və detalların ictimaiyyətə açıqlanmaması haqda razılığa gəlib.
Görüşdən dərhal sonra Lavrovun Qarabağ münaqişəsinin həllini müzakirə etmək üçün həftə sonu regiona səfər edəcəyi haqda məlumatına yayılması da Soçi görüşündə münaqişə ilə bağlı ciddi müzakirələrin aparıldığı ehtimalını gücləndirir. Təbii ki, liderlərin razılığa gəlib-gəlmədiklərini indi demək çətindir, bu məsələ sonrakı proseslərdə özünü göstərəcək.
Ermənistanın “168 jam” qəzetinin yazdıqları bu kontekstdə diqqət çəkir.
Qəzet yazır ki, Rusiya Qarabağ münaqişəsinin nizama salınması üçün hansısa prosesi gücləndirməyə çalışır.
“Diqqət çəkən məqam odur ki, Lavrov Ermənistan və Avropa İttifaqı arasında ehtimal edilən sazişin imzalanmasından bir həftə öncə gələcək. Lavrovda yeni plan varmı, yaxud o, “Kazan düsturu”na qayıtmaq məsələsi gündəmə gətirəcək? Bunu demək çətindir, əslində indiki məqamda bu o qədər də əhəmiyyətli deyil. Lakin Lavrov İrəvana Ermənistan-Avropa İttifaqı sazişinin qarşısını almaq üçün gəlir. Bu baxımdan, onun hər-hansı ehtiyatsız söz işlətməyəcəyi gözləniləndir”, - deyə qəzet yazır.
Soçi görüşündən sonra diqqətçəkən digər məqam Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bu gün – 14 noyabrda Moskvada səfərdə olmasıdır. Nalbandyan Moskvaya Minsk qrupunun həmsədrləri ilə görüşmək üçün səfər edib. Lakin o da istisna deyil ki, Nalbandyanı məhz Kreml rəhbərliyi çağırıb.
“Ola bilər ki, Ərdoğan-Putin görüşündə əldə olunan razılıqlar Nalbandyana çatdırılacaq və erməni xarici siyasətinin bu istiqamətdə qurulması istəniləcək”, - deyə “168 jam” qeyd edir./publika.az/