Ərdoğanın Rusiya səfəri S-400-F-35 dalanını aşa biləcəkmi? - ARAŞDIRMA

Baxış sayı:
10438

ABŞ və Türkiyə arasında inkişaf edən, ancaq nəticələri etibarilə Rusiya, Suriya, NATO kimi çox mühüm tarazlıqlara də birbaşa təsir edəcək olan F/35-S-400 dalanı prezident Ərdoğanın Rusiya səfəri ilə yeni bir ölçü qazanacaq.
 
 Daha əvvəl bir neçə dəfə ən yüksək pərdədən “geri dönüş yoxdur” deyən Türkiyənin ABŞ-dan gələn təhdid dozasının artmasından sonra necə bir yol izləyəcəyi də maraq mövzusu olub.
Türkiyə ictimaiyyətinin yaxından tanıdığı şəxslərdən biri olan strateq Hakan Akbaş Türkiyənin S-400 məsələsindəki addımlarını, F-35-lər üçün edilən açıqlamaların sətiraltı aralarını və hər iki məsələdə də Türkiyənin nələr etməsi lazım olduğunu səbəbləri ilə birlikdə “Yeni Şəfəq”-ə açıqlayıb.
Türkiyənin başda Suriya olmaqla, digər beynəlxalq məsələlərdə də öz maraqlarını qorumaq naminə Rusiya və ABŞ ilə sıx bir bazarlıq etdiyinə diqqəti çəkən Akbaş, Suriyada təhlükəsiz zona məsələsinin də Türkiyənin istədiyi şəkildə başa çatdırılması naminə müxtəlif addımlar atıldığına qeyd edib.
 
RUSİYANIN QƏRARI ABŞ-da FİKİR DƏYİŞİKLİYİNƏ SƏBƏB OLDU
 
“Diplomatiya dediyiniz şey əslində bir bazarlıqdır" deyən Akbaş, "ABŞ və Rusiya ilə bazarlıq edərkən sizin də ölkə kimi əlinizdə güclü dəlilləriniz olmalıdır" deyə bildirib:
“Hər şeydən əvvəl S-400-lər hərbi bir ehtiyacdır. Eyni zamanda, Rusiyanın bizə qızıl teştdə təqdim etdiyi bir şeydir. Türkiyənin ABŞ-dan 5 ildən bu yana “Patriot” istədiyi, ancaq cavab ala bilmədiyi bir prosesdə, Ruslar bizə S-400 verəcəklərini söylədilər.
ABŞ bu prosesdən sonra “Patriot”lar barədə danışmaq nöqtəsinə gəlib, ancaq bu dəfə də Ruslar, “Biz S-400-lərlə bağlı daha əvvəl dediyimiz 2019 dekabr tarixini də önə çəkib, bu ilin iyul ayında təslim edə bilərik” açıqlamasını edib".
 
S-400-lər MƏSƏLƏSİNDƏ BU NÖQTƏDƏN SONRA GERİ DÖNÜŞ OLMAZ
 
S-400-lərlə bağlı hər hansı bir geri addım olub olmayacağı sualını da dəyərləndirən Akbaş, deyib:
“S-400-ləri alacağıq. Ərdoğan və Putin arasında hər keçən gün daha da dərinlik qazanan bir əlaqə var. Nəticədə bu gün Rusiya həm şimalda, həm də cənubdadır. Belə bir şəraitdə geri dönüş olacağını düşünmürəm.
Bu məsələ Putin üçün də son dərəcə əhəmiyyətlidir. Nəticədə NATO-nun ən önəmli iki ölkəsinə Rus sistemi satmış olacaq. O ki qaldı Türkiyə NATO-nun ən güclü ölkəsidir. Bu çərçivədə Türkiyənin S-400 alması Rusiya və Putin üçün təbliğat dəyəri çox yüksək bir addımdır. O ki qaldı S-400 sistemin Türk ordusu üçün də lazımlı bir sistemdir. Suriyada öz xeyrinə həll üçün addım atmaq istəyən Türkiyə, S-400l-lər üzərindən daha da inkişaf edəcək əməkdaşlığı olduqca əhəmiyyət verir".
 
TÜRKİYƏNİN QARŞILIĞINDA NƏ ALDIĞINI HƏLƏ BİLMİRİK
 
 Strateq Hakan Akbaş Türkiyənin bütün təzyiqlərə baxmayaraq S-400-lər mövzusundakı qərarlı mövqeyinin səbəbinə dair suala belə cavab verib:
“Türkiyənin bu həmlə qarşılığında Rusiyadan nə aldığını bilmirik. Mütləq ölkə kimi bir mənfəətimiz olacaq. Bu səbəblə də hər hansı bir geri addım atılmasına qədər də ehtimal vermirəm.
Türkiyənin NATO-dan çıxması çox çətin bir prosesdir. Çünki NATO-nun bir müqaviləsi var və Türkiyə özü belə bir qərar vermədiyi müddətcə birlikdən atıla bilməz. Türkiyənin öz özünə bu istiqamətdə bir qərar vermə ehtimalı da yoxdur.
 
TÜRKİYƏ ÜÇÜN F-35-lər DƏ OLDUQCA MÜHÜMDÜR
 
 S-400-ləri aldıqdan sonra Türkiyənin çox önəmli bir ehtiyacı daha var.
Türkiyənin əlində 30 yaşını keçmiş F-16 təyyarələri var. Bunların bir an əvvəl modernləşdirilməsi çox strateji mənalar daşıyır.
Onsuz da F-35 layihəsinə əvvəldən qurucu ölkə kimi iştirak etməyimizin də əsas səbəbi bu idi. Hava Qüvvələrimiz baxımından F-35-lər böyük əhəmiyyət daşıyır.
Bu təyyarələrin bizə təhvil verilmə tarixi 2019-un noyabrı olaraq qeyd edilmişdi. S-400-lərin bizə təslim ediləcəyi gündən F-35-lərin ölkəmizə gəlməsinə qədər keçən müddət içərisində Türkiyə ilə ABŞ arasında çox sıx bir bazarlıq olacaqdır”.
Türkiyənin ABŞ tərəfindən F-35 istehsal prosesindən kənara çıxarılması ehtimalını də dəyərləndirən Akbaş, belə bir addımın necə nəticələr doğuracağını bu sözlərlə söyləyib:
“Sənayedə belə istehsal buraxılışında dəyişiklik etməyin olduqca çətin olduğu, planların 10-15 il kimi uzun müddətli həyata keçirildiyi bir dünyadayıq. Belə bir şəraitdə siz dənəsi 100 milyon dollar olan bir təyyarənin istehsal prosesindən bir ölkənin çıxarılması ilə qısa müddətdə onun yerinin doldurula biləcəyi mümkün deyil.
Mən ABŞ-dan bu istiqamətdə gələn ritorikaya inanmıram. Əgər Türkiyə istehsal prosesindən çıxarsa, təkcə ABŞ yox, NATO və müttəfiqləri də çox ciddi problemlə üzləşəcək.
2-3 ay kimi bir müddətdə Türkiyəyə alternativ bir ölkə tapmaq və istehsalatda hər hansı bir axsama baş vermədən yola davam etmək iddiası həqiqəti əks etdirmir".
Strateq Hakan Akbaş F-35-lərin istehsal prosesində Türk firmaların çox mühüm vəzifələr götürdüyünü də qeyd edərək, "Türk firmaların imza atdığı 12 milyard dollarlıq bir müqavilə var. Əgər bu firmalar prosesi beynəlxalq məhkəmələrə daşıyarsa, ABŞ bunun hesabını verə bilməz" deyib.
Xüsusilə ABŞ tərəfindən edilən bəyanatlarla Türkiyə-ABŞ arasındakı əlaqələrin də getdikcə gərginləşdiyinə vurğu edən Akbaş, yaxın günlərə dair gözləntilərini belə sıralayıb:
"Xəzinə və Maliyyə naziri Albayrak önümüzdəki həftə ABŞ-da olacaq. Müdafiə sənayesi ağırlıqlı bir zirvə var. Burada çox yüksək səviyyəli şəxslərin istirak etməsi gözlənilir. Burada aparılacaq danışıqlardan sonra mən iki ölkə arasında məsləhətləşmələrin davam edəcəyi qənaətini daşıyıram.
Növbəti prosesdə həm Türkiyənin, həm də ABŞ-ın bir az da nəfəs alıb, daha ağıllı bir davranışa üstünlük verəcəklərini görürəm.
Bu prosesdə xüsusən sosial media üzərindən bir anda yayılan yalan və qərəzli informasiyalar məsələsində də diqqət edilməlidir. Məsələni təqib edənlərin xəbərlərin mənbəyinə nəzarət etməsində və doğru xəbər çatmasında fayda görürəm".
Hazırladı: Müxalifət.az