​Ərdoğanın qızının toyu tənqid edilir

Prezident Recep Tayyip Erdoğanın kiçik qızı Sümeyyanın toy mərasimi Türkiyədə günün bütün xəbərlərini kölgədə qoya bildi.
Çoxdandır, az qala, hər addımları paparazzilər tərəfindən izlənilib yayınlanan məhşur film oyunçuları Kenan İmirzalıoğlu-Sinem Kobal cütlüyünün toy mərasimi belə, Erdoğanın toy xəbərlərinin yanında sönük qaldı.
Sümeyya Erdoğanın toy mərasimi hətta ölkədəki hərbi-siyasi problemlərin önünə keçdi.
Nigah şahidliyi, yoxsa siyasi mesaj?!
6 min dəvətlinin iştirakı ilə keçirilən nigah mərasimində parlamentin sədri İsmail Kahramanla yanaşı, son zamanlarda prezident Recep Tayyip Erdoğanla siyasi fikir ayrılıqlarından bəhs edilən 11-ci prezident Abdullah Gül və baş nazir Ahmet Davutoğlu da vardı.
Nigah şahidləri arasında baş qərargah rəisi Hulusi Akarın görünməsi isə gözlənilməz olub.
Türkiyə mediası baş qərargah rəisi Hulusi Akarın mayın 14-də ölkənin şərq əyalətlərində davam edən hərbi əməliyyatların yerinə, prezidentin qızının nigah şahidi kimi toya qatılmasına diqqət çəkib.
Bəzi mətbuat orqanları və sosial media istifadəçiləri, adətən, siyasi hakimiyyətlə məsafə saxlayan hərbi qərargahın rəhbərinin teokratik mövqeli prezident Erdoğanın qızının nigah şahidi olmasını birmənalı qarşılamayıb.
“Bir zamanlar dünyəviliyin təminatı olan baş qərargah rəisi, hədəfi “dünyəviliyi yıxmaq” olan şəxsin qızına nigah şahidi oldu”, Alfredo Dennis adlı Facebook istifadəçisi Sümeyya Erdoğanın toyu ilə bağlı “Sözçü” qəzetində çıxan xəbərə yazdığı şərhdə bildirib.
Nüfuzlu jurnalist Uğur Dündar isə baş qərargah rəisinin Erdoğanın nigah şahidi olması xəbərini “pis zarafat” kimi qəbul etdiyindən yazıb: “Əvvəlcə pis bir zarafat sandım. Amma doğruymuş! O qədər şəhid varkən, baş qərargah rəisi, ordu generalı Akar ilin nigahında şahid imiş! Çox acı. Çox!..”, Uğur Dündar rəsmi Twitter hesabında yazıb.
“Hörmətli Hulusi Akar bəlkə dövlətin zirvəsində birlik mesajı vermək üçün orda idi, amma məncə səhv etdi”, @zeka1dede adlı Twitter istifadəçisi yazıb.
Toya çəkilən xərc
Mətbuat indiki prezident Erdoganın qızının toyunu Ahmet Necdet Sezerin prezidentliyi dövründə oğluna etdiyi toy mərasimi ilə müqayisə edib.
“2004-cü ildə Çankaya Köşkündə Levent Sezere keçirilmiş toyda Köşkün sürücüləri izinli sayıldı. Sürücülər xanımları ilə birlikdə toya dəvətli idilər. Sümeyya Erdoğanın toyu üçünsə polis əməkdaşlarının həftəsonu məzuniyyətləri ləğv edildi”, Sözcü qəzetində dərc olunmuş bir məqalədə deyilir.
Məqalə müəllifi Bora Erdinə görə, həftəsonu işə çağırılmış 5 min nəfərə yaxın bələdiyyə və polis əməkdaşlarının maaşı dövlət büdcəsinə 200 min TL-yə ($67 min) başa gələcək.
Məqalə müəllifinə əsasən, toya hazırlıq ərəfəsində İstanbul bələdiyyəsi tərəfindən rəsmi nömrəli maşınlarla mobil yeməkxanalar qurulub, yemək paylanılıb. Bundan başqa, toya dəvət edilənlərə təxminən 50 T-lik hesabı olan yemək menyüsü təqdim edilib. Toy ərəfəsində bələdiyyə qurumları asfalttökmə işləri də aparıb ki, bunlar da dövlət büdcəsi hesabına edilib, məqalə müəllifi iddia edir.
Toy dəvətnaməsi
Toy dəvətnaməsində Sümeyya və Selçuk cütlüyünin baş hərfi olan S sarmaşık budaqları əsasında yaradılıb. Dəvətnamədə çiçək və çələng göndərmək istəyənlərin bunun yerinə, türk silahlı qüvvələrinin Mehmetçik və həmrəylik fondlarına, eləcə də türk polis təşkilatını gücləndirmə fonduna ianə yardımı göstərmələri xahiş olunub, “Hürriyyət”qəzeti yazır.
Ətrafı baryerlərlə əhatələnmiş mədəniyyət mərkəzinə (toyun keçirildiyi məkan) əlavə olaraq polis baryerləri də gətirilib, Hürriyyət əlavə edib.
Toya dəvətlilər arasında Türkiyə show biznesinin Orhan Gencebay, Kutsi, Seda Sayan kimi məhşur simaları da olub.
Bəzi sənət adamları isə, prezident qızının nigah və toy mərasimi ilə bağlı tənqidi mövqeyini paylaşıb.
Kinoaktrisa və reklamçı Berna Laçın isə “dövlət bayramlarını qeyd etməkdən imtina olunduğu zamanda, təntətənəli toyun keçirilmasini” tənqid edib.
“Bu gün toy-büsat edib, amma 5 gün sonra 19 mayı (Atatürk tərəfindən təsis edilmiş gənclik və idman bayramı) qeyd etməyək. Olarmı? Şəhidlərə hörmətsizlik olmasın”, Berna Laçın Twitter hesabında ironiya edib.
Prezident Recep Tayyip Erdoğanın qızı Sümeyya müdafiə sənayesi sahəsinə aid ailə şirkətinin texniki direktoru Selçuk Bayraktarla iki ay əvvəl nişanlanmışdı.
Selçuk Bayraktarın atası Özdemir Bayraktar pilotsuz təyyarə istehsal edən şirkətin sahibidir.
(BBC Azərbaycanca)