​Ərdoğanın Gəncə səfəri təxirə düşdü

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Gəncəyə planlaşdırılan səfəri təxirə düşüb.
Türkiyənin Azərbaycandakı səfirliyindən verilən məlumata görə, buna səbəb havanın dumanlı olmasıdır. “Türkiyə prezidenti sabah Gəncəyə deyil, birbaşa Bakıya gələcək. Havanın dumanlı olması ilə əlaqədar Gəncədə planlaşdırılan görüş də çox güman ki, Bakıda keçiriləcək”, – deyə səfirlikdən bildiriblər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 18-də Azərbaycana səfər edəcək. Onun Gəncəyə gələcəyi gözlənilirdi. Prezident Gəncədə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etməli idi.
İclas çərçivəsində ikitərəfli münasibətlərin hərtərəfli inkişafı və əməkdaşlığın daha da irəliyə aparılması üçün bir sıra danışıqlar baş tutacaq, Dağlıq Qarabağ münaqişəsi başda olmaqla regionda və dünyada baş verən hadisələr müzakirə olunacaq. Səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlərin imzalanması gözlənilir.
Azərbaycana Rəcəb Tayyib Ərdoğanla yanaşı Türkiyə Baş Qərargahının yüksək rütbəli əməkdaşları və bəzi nazirlərin gələcəyi gözlənilir.
Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana sonuncu dəfə birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ötən il iyunun 12-də səfər edib. (ANS PRESS)