ƏRDOĞANIN ERKƏN SEÇKİ QƏRARININ PƏRDƏARXASI - Politoloqdan açıqlama

Baxış sayı:
3874

Natiq Miri: "Erkən seçkilərin Türkiyə dövləti üçün heç bir riski yoxdur"

"Düşünmürəm ki, yaxın 2 ay müddətində ABŞ və ya digər dövlətlərin xüsusi xidmət orqanları Türkiyədə ciddi bir təlatüm, süni zəlzələ yarada bilsinlər"
 
Bildiyiniz kimi, MHP sədri Dövlət Baxçalı bugünlərdə Türkiyə iqtidarına erkən seçki keçirilməsini təklif edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə MHP sədri ilə görüş zamanı sözügedən təklifi müzakirə edəcəklərini bildirib. Dünən artıq tərəflər arasında görüş baş tutub və həmin görüşdən sonra Ərdoğan erkən seçkilərlə bağlı qərarını verib. Belə ki, o, qardaş ölkənin bu ilin iyun ayının 24-də erkən seçkiyə gedəcəyini bəyan edib.
Məsələnin maraqlı tərəfi ondadır ki, Türkiyə erkən seçkiyə gedəcəyini elan etdikdən sonra Qərb mediası bütün nəzər diqqətini bu məsələnin üzərinə yönəltdi və bunun kifayət qədər riskli addım olduğunu izah etməyə çalışdı. Halbuki bununla bağlı deyilənlər boş, cəfəng fikirlərdən başqa bir şey deyil. Çünki həm Rəcəb Tayyib Ərdoğan, həm də Dövlət Baxçalı bu gün öz reytinqinin ən yüksək dövründədir. Odur ki, onların yaratdığı ittifaq seçkilərdə mütləq mənada qələbəsini təmin edəcək. Bu isə öz növbəsində, Qərbin, əsasən də ABŞ-ın maraqlarına cavab vermir. Ona görə ki, ABŞ və digər Qərb dövlətlərinə güclü deyil, onlardan asılı olan Türkiyə lazımdır. Ərdoğan və Baxçalı ittifaqı isə heç kimdən asılı olmadan müstəqil, həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən daha qüdrətli Türkiyə uğrunda birgə mübarizə aparır. Məhz elə bu səbəbdən də AKP və MHP ittifaqı seçkilərdə səslərin azı 65-70 faizini qazana bilər.
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz politoloq Natiq Miri də hesab edir ki, belə belə bir riskin olduğunu iddia edənlər erkən seçkidən narahat olan güc mərkəzləridir: "Çünki erkən seçki ilə bağlı qərar təsadüf nəticəsində verilməyib. Bu qərar həm AKP-nin, həm MHP-nin, həm də Türkiyə dövlətinin taleyi ilə bilavasitə əlaqəlidir. Bunun üçün ən azından Türkiyənin yerləşdiyi regionda gedən geosiyasi prosesləri izləmək yetərlidir. Belə ki, ABŞ Türkiyənin Suriya ilə sərhədləri boyunca, yəni Suriyanın şimalında Aralıq dənizinə çıxa biləcək bir kürd-terror dəhlizini formalaşdırmağı planlaşdırırdı. Lakin Türkiyə Afrin əməliyyatı ilə bu planı tamamilə çökdürdü. Ancaq bu planın çökdürülməsi hələ o demək deyil ki, ABŞ qarşıya qoyduğu məqsədlərindən tamamilə imtina edib. Bildiyiniz kimi, Afrin əməliyyatından dərhal sonra ABŞ-ın rəhbərlik etdiyi ittifaq Suriyanı raketlərlə bombardmana tutdu. Bu bombardman sadəcə, Əsəd rejiminin Suriyanın Duma rayonunda kimyəvi silahlardan istifadə etdiyinə görə edilmədi. Burada əsas məqsəd isə son günlər atılan addımlarda bəlli olur. Yəni PKK terrorçuları ilə Suriyanın şimalından Aralıq dənizinə dəhliz aça bilməyən ABŞ artıq Suriyanın cənubundan İordaniyadan keçməklə, İsrail vasitəsi ilə Aralıq dənizinə bir dəhlizin yaradılması planını işə salıb. Burada isə təkcə ABŞ və onun Avropa müttəfiqləri deyil, eyni zamanda həm İordaniya, həm İsrail, həm də Körfəz ölkələrində yerləşən ərəb ölkələri bilavasitə iştirak edir. Yəni sözügedən plan reallaşacağı təqdirdə, bütün bu ölkələr layihədən öz payını alacaq. Burada isə əsas məqsəd İraq, o cümlədən Suriyada istehsal olunan neft və qazın məhz bu dəhliz vasitəsi ilə Aralıq dənizinə çıxarılmasına, oradan isə Qərbə daşınmasına nail olmaqdır. Məhz elə bu səbəbdən də ABŞ bu gün Suriyanın şimalında Türkiyə tərəfindən ağır zərbə alan PKK terrorçularını yeni qurulacaq ərəb ordusu ilə əvəzləmək istəyir. Ardarda gələn bu cür yeniliklər bir daha onu göstərir ki, bu gün təkcə Türkiyənin xaricində deyil, daxilində də xoşagəlməz hadisələr, süni siyasi və humanitar zəlzələlər planlaşdırılır. Ona görə də seçkilərin 2019-cu ilin noyabr ayına qədər gözlənilməsi Türkiyə dövləti üçün bir sıra böyük risklər təşkil edir".

Məhz bu baxımdan MHP sədri Dövlət Baxçalının erkən seçkilərlə bağlı irəli sürdüyü təklifi yerində və düşünülmüş strateji addım kimi qiymətləndirən politoloqun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan öz növbəsində, komandası ilə etdiyi məsləhət və məşvərətlərdən sonra erkən seçkilərlə bağlı qərarını verib: "Çox maraqlıdır ki, bu qərardan dərhal sonra bütün dünya mediası böyük narahatçılıq keçirməyə başladı. Bu narahatçılığın isə əsas səbəblərindən biri kimi isə əgər erkən seçim iyun ayında olarsa, o zaman Ərdoğanın MHP ilə birlikdə yenidən qalib gələcəyi önə sürülür. Bu isə onu göstərir ki, əslində erkən seçimin riskli olduğunu iddia edənlər dolayısıyla Ərdoğanın növbəti dəfə daha 7 il hakimiyyətdə qalmasından əndişə duyurlar. Risklər məhz bununla bağlıdır. Yəni erkən seçimin Türkiyə dövləti üçün heç bir riski yoxdur. Əksinə, seçkilərin gələn ilin noyabr ayına qədər gözlənilməsi Türkiyə dövləti üçün çox böyük risklər yaradırdı. Bu baxımdan, düşünürəm ki, erkən seçim məsələsi böyük bir analizin və strateji düşüncə tərzinin məhsulu olaraq meydana çıxdı. İnşallah, Türkiyə bu erkən seçimlə qazanacaq və seçkilərdən daha da güclənərək çıxacaq".
Bu arada, erkən seçkilərdən sonra AKP və MHP-nin koalision hökumət qura biləcəyini vurğulayan Natiq Mirinin fikrincə, belə bir ehtimal mümkündür: "Açığı, bu, nəzəri olaraq həyata keçirilə biləcək bir ideyadır. Düzdür, indiyədək MHP-nin bu yöndə konkret bir iddiasının olduğu açıqlanmayıb. Ancaq ola bilsin ki, AKP ilə danışıqlar zamanı, seçkilərdən qalib çıxacaqları təqdirdə bu “Cümhur İttifaqı” müxtəlif nazirlikləri öz aralarında bölüşə bilərlər. Bu da tək partiya hakimiyyətinin heç də zərərinə olmayacaq. Çünki MHP ilə ittifaq əslində AKP-nin yenidən millətə və milliyyətçiliyə dönüşünü təmin etdi. Bununla da həm AKP, həm MHP, həm də bütövlükdə Türkiyə qazandı. Yəni AKP tədricən öz rəngini dəyişməklə yeni bir rəng - Türkiyə rəngini təmin etdi ki, bundan isə bütövlükdə həm Türkiyə milləti, həm də dövləti qazandı. Bu gün Türkiyəyə düşmən olan dövlətlərin narahatçılığı da məhz bu yöndədir. Əgər AKP MHP ilə deyil, başqa bir partiya ilə seçkiyə getmiş olsaydı, əmin olun ki, onda Qərb dünyası və Türkiyəyə düşmən olan digər dövlətlər bu qədər narahat olmayacaqdı. Sadəcə milliyyətçi bir partiya ilə AKP-nin “Cümhur İttifaqı”nda seçkiyə getməsi bütün düşmənləri narahat etdi. Çünki “Cümhur İttifaqı”nın rəngi əslində Türkiyənin öz rəngidir. Məhz bunları nəzərə alaraq demək olar ki, seçkilərdən sonra “Cümhur İttifaqı” həm parlamentdə böyük sayda yer alacaq, həm də hökumətin təşkilində bir çox nazirlər MHP-nin təmsilçiləri ola bilər. Düşünürəm ki, əgər bu baş verərsə, o zaman Türkiyə dövləti qazanmış olacaq. Ümumiyyətlə, bu cür koalisiya olacağı təqdirdə, Türkiyə dövlətinə heç bir zərər gəlməyəcək. Ona görə ki, bu hökumət məhz xalqın iradəsinin ifadəçisi olacaq".
"Qərb, əsasən də ABŞ erkən seçkilərə qədər Türkiyədə hər hansı xoşagəlməz addıma imza ata bilərmi?" sualını cavablandıran politoloq hesab edir ki, erkən seçkilərlə bağlı qərarın verilməsi əslində baş verə biləcək hər hansı arzuolunmaz halların qarşısını almaq məqsədi daşıyır: "Türkiyə dövlətini və xalqını bu cür hadisələrdən sığortalamaq məqsədiylə erkən seçki ilə bağlı qərar verildi. Düşünmürəm ki, yaxın 2 ay müddətində ABŞ və ya digər dövlətlərin xüsusi xidmət orqanları Türkiyədə ciddi bir təlatüm, süni zəlzələ yara bilsinlər. Lakin istisna etmək olmaz ki, ABŞ başda olmaqla bir çox Türkiyə düşmənləri bu məsələdə əllərini daşın altına qoyacaq, bu Cümhur İttifaqına alternativ olan siyasi güc mərkəzlərinə böyük məbləğdə maliyyə dəstəyi verəcəklər. Həmçinin, bu prosesin içərisində terror təşkilatları, o cümlədən FETÖ şəbəkəsi də Türkiyədəki əlaqələrindən istifadə edəcək. Yəni ola bilsin ki, kiçik sayda bəzi terror hadisələri törədilsin. Ancaq böyük anlamda ciddi satsıntıların olması artıq mümkün deyil. Çünki Türkiyə dövləti və xüsusi xidmət orqanları artıq bu yöndə öz hazırlıqlarını görüblər".
Hurriyyet.org