Ərdoğan və Netanyahu arasında növbəti “SÖZ DUELİ”

Baxış sayı:
5416

Daha əvvəl populyar olan Fələstin ritorikasının yanına indi də “kürd mövzusu” əlavə olunur
 
İsrail və Türkiyə arasında münasibətlər yenidən pisləşib. Ötən həftə İsrail ordusunun Qəzza zolağında yürüş edən silahsız fələstinliləri atəşə tutması dünyada böyük rezonans doğurub. BMT, o cümlədən bir sıra hökumətlər və nüfuzlu şəxslər İsrailin addımı qınayıblar. İsraili qınayanlar arasında yəhudi əsilli amerikalı senator, prezidentliyə keçmiş namizəd Bernie Sanders də olub.
Qəzzada fələstinlilərin təşkil etdiyi “Böyük geri dönüş” adı verilən yürüşə İsrail ordusu tərəfindən atəş açılıb və nəticədə 17 nəfər ölüb, onlarla insan yaralanıb. İsrail hökuməti, həmişəki kimi, əməllərinə haqq qazandırıb, öldürülən şəxslərin hökumət qüvvələrinə hücum etdiyini iddia edib. Hətta BMT-nin müstəqil araşdırma təklifi də Təl-Əviv tərəfindən rədd edilib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İsrail ordusunun Qəzzadakı hərəkətlərini kəskin şəkildə pisləyib. Ərdoğan İsrail hökumətinin hərəkətlərini terrorizm adlandırıb. İsrail hökumət başçısı Benyamin Netanyahu həmişə olduğu kimi, bu dəfə də Türkiyə prezidentinə qarşı hücum edib. İsrail baş naziri Ərdoğanı Afrində mülki əhalini öldürməkdə və Şimali Kipri işğal etməkdə ittiham edib. Sitat: “Dünyanın ən əxlaqlı ordusu illərdir fərq qoymadan mülki insanları bombalayanlardan əxlaq dərsi alası deyil. Belə görünür, Ankarada 1 apreli belə qeyd edirlər”.
Netanyahu twitter mesajında ikinci dəfə Türkiyə prezidentini ittiham edib. Sitat: “Ərdoğan ona cavab verilməsinə alışmayıb. Amma buna alışmağa başlamalıdır. Şimali Kipri işğal edən, kürd torpaqlarına yayılaraq Afrində dinc insanları öldürən biri bizə əxlaq və dəyərlər haqqında moizə oxuya bilməz”.
Türkiyə prezidentinin İsrail baş nazirinə ikinci cavabı daha sərt olub. Ərdoğan Netanyahunu onunla bərabər səviyyədə olmayan, ciddi problemləri olan, sevilməyən  siyasətçi adlandırıb. Türkiyə prezidenti İsrailin işğal siyasətinin ona baha başa gələcəyini qeyd edib: “Ey Netanyahu, sən işğalçısan. Sən işğalçı olaraq o torpaqlardasan, eyni zamanda sən terrorçusan. Zira, o məzlum fələstinlilərə qarşı etdiklərinizi tarix qeyd edir. Bunu heç bir zaman unutmayacaq, unutmayacağıq. İnanıram ki, İsrail xalqı da səndən narahatdır.
İsrail Fələstində məruz qalacağı zülmün altında qalacaq. Arxasında gizləndiyi qüvvələr bu gün İsraili qoruya bilər, amma sabah nə olacağını Allah bilir. Biz haqlı mübarizələrində sona qədər fələstinli qardaşlarımızın yanındayıq. İsrail terrorunu hər fürsətdə və hər sahədə ifşa etməyə davam edəcəyik".
Qeyd edək ki, Türkiyənin hazırkı iqtidarı ilə İsrail arasında Fələstin mövzusunda gərginlik yeni deyil. Zaman-zaman bu mövzuda iki ölkə arasında ciddi şəkildə gərginliklər, siyasi-diplomatik problemlər yaranıb. 2009-cu ildə keçirilən Davos İqtisadi Forumunun gedişi zamanı Türkiyənin o zamankı baş naziri, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan İsrailin o zamankı prezidentini Ariel Şaronu dinc fələstinliləri öldürməkdə günahlandırmış və bu hadisə dünyada geniş rezonans doğurmuşdu. 2010-cu il mayın 31-də isə Qəzzaya yardım aparan Türkiyənin İHH humanitar təşkilatına məxsus “Mavi Marmara” gəmisi Aralıq dənizində İsrail ordusunun hücumuna məruz qalıb və baş verən toqquşmada 9 nəfər öldürülüb. Bu hadisə nəticəsində iki ölkə arasında münasibətlər ciddi şəkildə zədələnib və diplomatik fəaliyyətlər məhdudlaşdırılıb. Türkiyə tərəfi basqında iştirak edən israilli hərbçiləri müəyyənləşdirərək barələrində cinayət işi başladıb. Yaranmış gərginlik 2013-cü ildə ABŞ prezidenti Barak Obamanın təzyiqi ilə baş nazir Netanyahunun Ərdoğana zəng edib üzr istəməsi və daha sonra təzminat ödəməyi qəbul etməsi ilə sona çatıb. İki il əvvəl, nəhayət, diplomatik əlaqələr bərpa olunub.
Ancaq İsrailin fələstinlilərə qarşı tətbiq etdiyi zorakılıq zaman-zaman Ankaranın sərt tənqidlərinə səbəb olur. Ötən il prezident Donald Trampın ABŞ-ın İsraildəki səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə qərarına etiraz olaraq İslam Əməkdaşlıq Təşkilatının dönəm sədri Türkiyə xüsusi fəallıq göstərdi və nəticədə İstanbulda toplanan İƏT-ə üzv ölkələr ABŞ prezidentinin qərarını pisləyən qətnamə qəbul edib.
 
Son hadisələr göstərir ki, Fələstin mövzusu hələ də iki ölkə arasında, xüsusən də siyasi liderlər arasında gərginlik mövzusudur. Məsələ ondadır ki, İsrail son illərdə mövqeyini xeyli gücləndirib, bölgədə təsir gücünü artırıb. Regionun ən böyük ölkələrindən biri olan Türkiyə ilə münasibətlərin yaxşı olması Təl-Əvivin maraqlarına uyğun olsa da, siyasi ritorikadan qaçmaq mümkün olmur. Çünki həm Ərdoğan, həm də Netanyahu çılğın, olaylara sərt reaksiya verən liderlərdir. Bu səbəbdən də, necə deyərlər, birinin dediyi o birinin “boğazından keçmir”. Halbuki dövlət aparatı olaraq İsrail və Türkiyədə bürokratiya daha yaxşı əlaqələrin tərəfdarıdır. Üstəlik, iqtisadi cəhətdən sürətlə inkişaf edən hər iki ölkənin bir-birinə ehtiyacı var və bir çox hallarda savaş və gərginlik bu əlaqələrə təsir etmir.
Netanyahu Fələstin ittihamlarına cavab olaraq kürd məsələsini ortaya atması, Ankaranı kürd kartı ilə vurması həm də İsrailin kürdlərlə bağlı marağına işarədir. İsrail Yaxın Şərqin 4 həssas ölkəsinin - Türkiyə, İran, İraq və Suriya - arasında yerləşən kürdlərlə 50 ildən çoxdur yaxından əməkdaşlıq edir. Kürd separatizmi İsrail üçün hüquqi və siyasi legitimliyi möhkəmləndirən və böyük fəaliyyət imkanları təmin edən faktordur. Bu səbəbdən də liderlərin dilinə yeni-yeni daxil olmasına baxmayaraq qarşıda kürd mövzusu hələ uzun illər Yaxın Şərqdə geosiyasi mübarizədə əsas terminlərdən biri olaraq qalacaq.