Ərdoğan Trampa meydan oxudu - "Heç bir maneə bizi saxlaya bilməyəcək..."

Baxış sayı:
834

“Donald Trampın ABŞ-ın səfirliyinin Qüdsə köçürülməsi barədə qəbul etdiyi qərardan sonra Amerika Yaxın Şərqdə vasitəçilik rolunu itirib. Bu qərardan sonra ABŞ ümumiyyətlə Yaxın Şərqlə bağlı bütün rolunu və hüquqlarını itirib”.
Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Yaxın Şərqdə vasitəçilik o dövlət edə bilər ki, onun regionla bağlı siyasəti neytral olsun.
“ABŞ ötən həftə qəfil və ağlasığmaz qərar qəbul etdi. O, bu qərarla bölgədə tərəfkeşlik nümayiş etdirdi. ABŞ bundan sonra İsrail və Fələstin arasında vasitəçi ola bilməz. Biz bu mövzuda israr edəcəyik. Əgər lazım gələrsə, biz bu məsələni BMT-də qaldıracağıq. Əgər Yaxın Şərqdə sülh prosesinin davam etməsini istəyirlərsə, o zaman, iki ölkə arasında başqa dövlət vasitəçi seçilməlidir. Elə bir dövlət vasitəçi olmalıdır ki, burada heç bir marağı olmasın və neytral siyasət yürütsün”, - deyə Ərdoğan bildirib.
Türkiyə liderinin sözlərinə görə, Trampın bu addımından sonra təklənən Fələstini müdafiə edəcəklər: “Biz bu istiqamətdə mübarizəni davam etdirəcəyik. Biz Fələstini müdafiə etməkdə israrlıyıq. Tramp, sən İsrailin arxasında dayanmısan? Ora işğalçı və terrorçuların məskənidir. Sən terrorçuları müdafiə edirsən? İsrail Fələstin ərazilərini addım-addım işğal edir. Biz müsəlmanlar olaraq Fələstin dövlətini gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Biz 1967-ci ildə müəyyənləşən Fələstin torpaqlarından imtina etməyəcəyik. Bundan sonra Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıyacağıq”.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Amerikanın Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdığını elan edib. Onun sözlərinə görə, Qüdsü (Yerusəlim) İsrailin paytaxtı kimi tanımağın vaxtı gəlib çatıb.
“Qərara gəldim ki, Qüdsün İsrailin paytaxtı kimi tanınmasının vaxtı gəlib çatıb. Amerika bu addıma qarşı deyil və Qüdsü İsrailin paytaxtı kimi tanıyacaq”, deyə D.Tramp vurğulayıb.
Onun bu qərarınından sonra “HƏMAS” hərəkatı cümə gününü “qəzəb günü” elan edib. Bundan sonra etiraz aksiyalar böyüyüb.
Xatırladaq ki, Trampın bu qərarını bir çox ölkələr hiddətlə qarşılayıblar. D.Trampın bu qərarından sonra həm Avropa ölkələrindən, həm Yaxın Şərq, həm də Ərəb dövlətlərindən ona etirazlar gəlib. İlk etiraz isə Fransa prezidentindən səsləndirilib. Daha sonra Türkiyə və İran Trampın bu qərarına pisləyib. İordaniya da ABŞ prezidenti Donald Trampı beynəlxalq qətnamələri pozmaqda günahlandırıb. Verilən açıqlamada bildirilib ki, Trampın bu qərarı siyasi səhvdir. Misir hökuməti də Trampın yeni bəyanatını xoş qarşılamayıb. Bildirilib ki, onun bu addımı həm Amerika, həm də region üçün yaxşı nəticələnməyəcək.