Ərdoğan Rusiyanın “Kommersant” qəzetinə yazdı

Baxış sayı:
6343

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiyanın "Kommersant" qəzeti üçün Rusiya-Türkiyə münasibətlərinə dair bir məqalə qələmə alıb.
 
Ötən həftə Soçidə Rusiya prezidenti Vladimir Putin ilə apardığı danışıqlarda, Suriyada ortaya çıxa biləcək yeni bir humanitar böhranın qarşısının alınması üçün mühüm bir razılığa gəldiklərini qeyd edən Ərdoğan, Türkiyənin Suriya böhranının əvvəlindən bəri qonşu ölkədəki humanitar böhranın daha da kəskinləşməməsi üçün bütün imkanlarını səfərbər edərək səy sərf etmiş bir ölkə kimi münaqişənin tərəfləri ilə konstruktiv müzakirələr aparmağa əhəmiyyət verdiyini, bu günə qədər bütün dünyaya göstərdiyini vurğulayıb. Ərdoğan, Rusiyanın da bu prosesdə birlikdə çalışdıqları ölkələrin başında yer aldığına işarə edib.
Son dövrdə Rusiya və İran ilə yaratdıqları Astana formatının 8 ildir davam edən Suriya böhranına bir həll tapılması üçün mühüm zəmin yaratdığını bildirən Ərdoğan, məqaləsində bu ifadələri işlədib:
“Bu problemin həlli üçün əlimizi daşın altına qoymağımız lazım olduğu inancı ilə hərəkət edərək indiyə qədər ciddi bir məsafə qət etdik. Aramızda düşüncə və yanaşma fərqləri var, ancaq biz fərqlərdən çox ortaq nöqtələri önə çıxarmaq səyi içində olduq. Bu əməkdaşlığımızın, qarşıdakı dövrdə də fəal olaraq davam edəcəyinə inanıram. Soçi görüşü zamanı İdlib ilə bağlı ortaya çıxan danışığımızda müxaliflərin və rejimin nəzarət etdiyi sahələrin arasında silahlardan təmizlənmiş bir bölgə yaradılmasına qərar verdik. Müxaliflər, olduqları sahələrdə qalmağa davam edəcək. Rusiya ilə birlikdə müəyyənləşdirəcəyimiz radikal qrupların isə bu regionda fəaliyyət göstərməməsini təmin edəcəyik".
 
TÜRKİYƏ TERRORÇULARA GÜZƏŞTƏ GETMƏYƏCƏK
 
Prezident Ərdoğan, əvvəldən bəri söylədikləri mühüm bir məqam olduğuna diqqəti çəkərək Türkiyənin heç bir zaman sərhədində və sərhədin digər bir nöqtəsində hər hansı bir terror quruluşlarına imkan verməyəcəyini bildirib. Ərdoğan, "Türkiyənin, daha əvvəl Afrində, Cerablusda, El-Babda və İdlib bölgəsində bu əzmini dəfələrlə göstərib" deyə, qeyd edib.
Başda İŞİD olmaqla, bütün terror təşkilatları ilə mübarizə etməyi Türkiyənin hər zaman öndə tutduğu və qətiyyətlə davam etdirdiyi mövqe olduğunu vurğulayan Ərdoğan, belə davam edib:
“40 ilə yaxındır ki, terrorla mübarizə edən Türkiyənin terror qurumlarına güzəşt verməyəcəyini və bu məsələdəki davranışının qətiyyətlə davam edəcəyini ifadə etmək istəyirəm. Türkiyənin təhlükəsizliyini birbaşa təhdid edən quruluşlarla mübarizəmiz də ayrıca əhəmiyyət kəsb edir. PYD və YPG nəzarəti altında olan bölgələrin terrorçulardan təmizlənməsinə önəm verdiyimizi, məsələ ilə bağlı bütün tərəflərlə müzakirələrdə açıq şəkildə dilə gətirdik və etməyə davam edirik. Son dövrdə, xüsusilə ABŞ tərəfindən PYD və YPG güclərinə olunan qeyri-adi dəstəyin təəssüf ki, davam etdiyini görürük. Bölgədəki tarazlıqları və region xalqları arasında sülhü zədələyəcək olan bu cür addımlardan imtina edilməsi lazımdır. Rusiyanın da, xüsusilə PKK, PYD, YPG kimi terror mərkəzlərinə qarşı Türkiyənin mübarizəsinə dəstək verməsini gözləyirik".
Ərdoğan, ortaq coğrafi məkanı bölüşən ölkələrin bir-birinin təhlükəsizliyini təhdid edən məqamlarda anlayış birliyi içində olması lazım olduğuna inandığını qeyd edib.
 
MÜLAYİM MÜXALİFLƏRİN, SİYASİ HƏLL PROSESİNDƏ QALMASININ LAZIM OLDUĞUNU DÜŞÜNÜRÜK"
 
İdlib məsələsində, Türkiyənin ilk gündən bəri mülki əhalinin can təhlükəsizliyini təmin etməyi, gərginliyi azaltma bölgəsinin sərhədlərini mühafizə etməyi və mülayim müxalifləri qorumağı öndə tutduğunu vurğulayan Ərdoğan, "Mülayim müxaliflərlə bağlı müxtəlif ölkələrin fərqli yanaşmaları ola bilər. Ancaq biz, mülayim müxaliflərin siyasi həll prosesi içində qalması lazım olduğunu düşünürük, çünki Cenevrə və Astana danışıqlarının sağlam bir şəkildə aparılması üçün buna ehtiyac var" deyə, qeyd edib.
Mülayim müxalifətçiləri terrorçu olaraq ortadan qaldırmağı hədəfləyən hər cür təşəbbüsə qarşı olduğumuzu çox dəfə dilə gətirdik" deyən Ərdoğan, məqaləsində bu dəyərləndirməni edib:
“Əsəd rejimi, təəssüf ki, Türkiyəyə qarşı təbliğat və qaralama işlərini davam etdirərkən, Türkiyənin bu ölkədə sülhün bərqərar olması və milyonlarla insanın evlərinə, yuvalarına qayıtması üçün gördüyü işləri görməzdən gəlməkdədir və Türkiyəyə qarşı əsassız iddiaları gündəmə gətirir. Biz isə illər boyu öz xalqını dəhşətli əzablara məhkum edən rejimin qaralama və böhtanlarına məhəl qoymadan Suriya xalqının sülh və əmin-amanlığı üçün doğru bildiyimiz yolda getməyə davam edirik. Suriya böhranının şübhəsiz təsirləri uzun illər davam edəcək bir insanı böhranın meydana gəlməsinə səbəb oldu. Türkiyə, ölkələrini tərk etmək məcburiyyətində qalan 3,5 milyondan çox qaçqına qardaşlıq duyğuları ilə torpaqlarını açdı. Əsəd rejiminin zülmündən qaçaraq həyatlarını xilas etməyə çalışan qardaşlarımıza qarşı başqa cür mövqe nümayiş etdirməyimiz də mümkün deyildi. Bu insanların həyatlarını davam etdirmələri üçün lazım olan xərclər məlum olduğu kimi, təkbaşına Türkiyə tərəfindən qarşılanıb".
 
TÜRK VƏ RUS XALQLARININ DƏRİN BİR MÜNASİBƏTDƏ OLMASININ LAZIM OLDUĞUNA İNANIRAM
 
Ərdoğan, beynəlxalq ictimaiyyətin, Türkiyənin etdiyi bütün çağırışlara baxmayaraq bu günə qədər bu yükü bölüşmək üçün hər hansı bir təsirli addım atmadığını bildirib.
Dünyanın qanayan yarası halına gələn bu problemin, sadəcə, Türkiyənin məsələsi kimi baxılmasının doğru olmadığını bir daha bildirmək istədiyini vurğulayan prezident Ərdoğan, məqaləsində bunları qeyd edib:
"Yazıma son verərkən Rusiya ilə münasibətlərimiz son dövrdə yaxşı qonşuluq, birgə maraqlar və qarşılıqlı hörmət çərçivəsində inkişaf etməyə davam etməsindən duyduğum məmnuniyyəti də ayrıca ifadə etmək istəyirəm. Birgə enerji layihələri və qarşılıqlı investisiyalar başda olmaqla, humanitar və mədəni əlaqələrimizin də inkişaf etməsi üçün lazımi addımları atırıq. Bundan sonra da bu addımları atmağa davam edəcəyik. Eyni coğrafi məkanı bölüşən və əsrlər boyu tarixin subyekti olmağı bacarmış olan Türk və Rus xalqlarının dərin, səmimi və yaxın bir əlaqə içində olmasının lazım olduğuna inanıram. Bu məqsədlə görülən işləri hər zaman dəstəkləyəcəyimizi vurğulamaq istəyirəm".
Hazırladı: Müxalifət.az