“Ərdoğan Qarabağ məsələsində də siyasi iradə göstərməyə maraqlıdır” - POLİTOLOQ

Baxış sayı:
3232

Qabil Hüseynli: “Ermənilər 5 rayonun Türkiyənin təzyiqi altında qaytarılması kimi təqdim etməyə çalışırlar”

Türkiyə və Rusiya prezidentlərinin Soçi görüşündə hər iki ölkənin müdafiə nazirlərinin Suriyanın İdlib şəhərində vəziyyətin sabitləşdirilməsinə dair memorandum imzalanmasından sonra Ermənistan mətbuatı narahat olmağa başlayıb. Çünki Türkiyənin Rusiya ilə İdlib məsələsində anlaşması Türkiyənin regionda böyük nüfuza sahib olduğunu ortaya qoydu. Türkiyənin artan nüfuzundan və gücündən qorxuya düşən Ermənistanın “lragir” saytı yazır ki, Rusiya Türkiyəyə hədiyyə verəcək: “Bu hədiyyənin nə olduğu Rusiya-Ermənistan münasibətlərinin gərginliyi fonunda aydın olur. Bakı və Ankara Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salıblar. Ermənistan üçün Rusiyasız Türkiyə və Azərbaycanla mübarizə aparmaq çətin olacaq”.
Görünür ki, erməni mətbuatı Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla Rusiya prezidenti Vladimir Putinin Soçidə mətbuata qapalı keçən 1 saat 50 dəqiqə davam edən görüşündə Dağlıq Qarabağ məsələsindən yan keçilmədiyini anladığı üçün bu qənatə gəlib. Çox güman ki, liderlərin müzakirəsi ancaq Suriya ətrafında ola bilməzdi. Regionda baş verən proseslərin, əsasən də Dağlıq Qarabağ problemi ətrafında müzakirələrin aparılması istisna deyil. Çünki liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldığı da rəsmi olaraq bildirilir. Həm də Ərdoğan Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşdən öncə, Bakıda prezident İlham Əliyevlə görüşdən qayıdarkən təyyarədə jurnalistlərə bildirmişdi ki, Putinlə Dağlıq Qarabağ məsələsini yenidən müzakirə edəcək. Əslində, Dağlıq Qarabağ ətrafında liderlərin müzakirəsi olsa da bu, “lragir” saytının yazdığı kimi Bakı və Ankaranın Moskvanı Qarabağın qaytarılması məsələsinə razı salması anlamına gəlmir. Çünki Türkiyə artan nüfuz və gücündən İdılib məsəsləsində Rusiya ilə razılıq əldə etməyə nail olsa da, Dağlıq Qarabağ İdlib qədər Türkiyə üçün önəmli deyil. Çox güman ki, Türkiyə Suriya və İraq sərhədlərində özünün təhlükəsizliyini tam təmin edəndən sonra Dağlıq Qarabağ məsələsində Rusiyaya siyasi iradə nümayiş etdirəcək. Buna isə zaman lazımdır. Çünki Suriya bir bataqlıdır, dünya və regiona ölkələri o bataqlığa giriblər. O bataqlıqdan çıxmaq isə elə də asan deyil. O baxımdan, “lragir” saytının yaydığı informasiyanın heç bir əsası yoxdur.

“Saytın yazdığında həqiqət payı çox azdır”

“lragir” saytının yaydığı informasiya ilə bağlı keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli “Hürriyyət”ə dedi ki, erməni mətbuatının yazdığına ehtiyatla yanaşmaq lazımdır: “Çünki onlar Rusiyada ictimai fikri çaşdırmaq, Rusiyanı qorxutmaq üçün müxtəlif fantaziyalara gedirlər və erməni cəmiyyətini daima vahimə içərisində saxlamaq istəyirlər. Bəli, Dağlıq Qarabağ probleminin və işğal edilmiş ərazilərin həlli ədalətli surətdə aparlmalıdır. Bu məsələyə Minsk Qrupunn sədrlərinindən biri kimi Rusiya da cavabdehdir. Söhbət Azərbaycanın ərazi büövlüyünün təmin edilməsindən gedir. Bu məsələdə hələ ki, Rusiyanın mövqeyi qənaətbəxş sayıla bilməz. Rusiyanın təklif etdiyi variantlar içərisində 5 rayonun geiyə qaytarılması önəmli yer tutur. Bu da ki, Dağlıq Qarabağ probleminin tam həll edilməsi demək deyil. Ona görə də ermənilər hətta 5 rayonun geriyə qaytarılmasını belə faciə hesab edir və bu fikri şişirdərək onu Türkiyənin təzyiqi altında Rusiyanın Dağlı Qarabağı qaytarması kimi ermənilərə təqdim etməyə çalışırlar. Saytın yazdığında həqiqət payı çox azdır”.

“Suriyanın təhlükəslizliyi Türkiyə üçün özünün təhlükəsizlik məsələsidir”

“Erməni saytları yazır ki, türklər İdlibi ruslara hədiyyə edəcək. Bunun əvəzində isə Dağlıq qarabağı Azərbaycana geri qaytaracaq. Bunlar hamısı fantaziyanın məhsuludur. İdlibin, ümumiyyətlə, Suriyanın təhlükəslizliyi Türkiyə üçün özünün təhlükəsizlik məsələsidir. Ona görə də Türkiyə ilk növbədə strateji maraqlarını ödəyəcək. Sonra da sözsüz ki, Dağlıq Qarabağ məsələsində Azərbaycana yardımçı olmağa çalışacaq”,-deyə politoloq qeyd etdi.

“Bu məsələdə Rusiyanın da siyasi iradəsinin maraqlı olması lazımdır”

Q. Hüseynli vurğuladı ki, Ərdoğan Dağlıq Qarabağ məsələsində də siyasi iradə göstərməyə maraqlıdır: “Amma bu məsələdə Rusiyanın da siyasi iradəsinin maraqlı olması lazımdır. Lakin Rusiyada siyasi iradənin Pyortrın vəsiyyətlərindən kənara çıxıb-çıxmaması məsələsi var və bu məsələ ətrafında birmənalı fikir söyləmək çətindir”.
Ərdoğan Soçidən qayıtdıqdan sonra, “Milli müdafiə” nəşrinin baş redaktoru, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin rəhbəri, rusiyalı hərbi ekspert İqor Korotçenkonun “Ermənistan dərhal işğal altındakı rayonların beşini Azərbaycana qaytarmalıdır. Bu kiminsə xoşuna gəlməyə bilər, lakin vəziyyət belədir” deməsi də görünür ki, erməni mətbuatında bu qənaətin yaranmasına səbəb olub ki, guya, Rusiya Dağlıq Qarabağı Türkiyəyə hədiyyə edir.
Doğrudur, rusiyalı hərbi ekspert İ. Korotçenko haqlı olaraq vurğulayıb ki, “Qarabağla yanaşı, ətrafındakı rayonlar da işğal altındadır: “Ermənilər bu əraziləri “təhlükəsizlik zonası” adlandırır. Bu faktı dəyişdirməyə heç kimin gücü çatmaz. Bu, Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir”.
Əslində, rusiyalı hərbi ekspertin fikirləri təqdirəlayiq olsa da, bu Rusiyanın Xarici İşlər Nazirliyinin və yaxud hansısa rəsmi qurumunun fikri deyil. İ. Korotçenkonun bu fikirlərinin Ərdoğanın Soçi səfərindən sonra səslənməsi bir təsadüf də ola bilər. Bu fikirlərdən ermənilər narahat olub, Ərdoğanın səfəri ilə əlaqələndirə bilərlər. Amma qeyri-rəsmi bir adamın “5 rayon qaytarılmalıdır” və yaxud Dağlıq Qarabağla bağlı həqiqəti açıqlaması nə ölkəmiz üçün ciddi əhəmiyyət daşıyır, nə də ermənilərin narahatçılığının bir əsası var.
Rusiyalı hərbi ekspert İ. Korotçenkonun “5 rayonun qaytarılmalıdır” fikirləri ilə bağlı “Atlas” Aradırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, Rusiyada hansısa ekspert “Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmalıdır” deyirsə, bundan Rusiya hakimiyyətinin də belə düşündüyü nəticəsinə gəlmək düzgün deyil: “Eyni zamanda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana hər gəlişini “münaqişənin həllində sona yaxınlaşıldı” kimi başlıqlarla süsləmək də ictimaiyyəti yanlış ümidləndirmək deməkdir. Biz belə olmasını istəyiriksə, bu, heç də o demək deyil ki, Rusiya da belə istəyir. Putin hakimiyyətə gəldiyi gündən bu yana Rusiyanın Qarabağla bağlı son qərar verəcəyi ilə bağlı ümid dolu xeyli başlıq oxudum, heç biri də reallaşmadı”.
Şamo EMİN, Hurriyyet.org