Ərdoğan partlayışdan sonra açıqlama verdi: “Terror hadisəsi ola bilər, araşdırma aparılır”

Baxış sayı:
9028

Türkiyənin Hatay vilayətinin Suriya ilə həmsərhəd olan Reyhanlı rayonunda bir avtomobildə baş verən partlayışda, ilkin məlumatlara görə, azı iki nəfər ölüb, bir nəfər isə yaralanıb. Ölənlərin və yaralananların suriyalı olduğu bildirilir.

Partlayış Reyhanlı bələdiyyəsinin təqribən 750 metr yaxınlığındakı bir avtomobildə baş verib. Hadisə yerinə təcili yardım işçiləri və polis gəlib. Bölgəyə giriş qadağan edilib, avtomobildə baş vermiş yanğın söndürülüb.

Türkiyə prezidenti R.T.Ərdoğan hadisədən sonra belə bir açıqlama verib: “Suriyalı üç nəfərin olduğu avtomobilə bomba yerləşdirildiyi bəllidir. Araşdırma aparılır, kimliklər müəyyənləşdirilib. Əməkdaşlarımız çalışırlar. Zənn edirəm ki, qısa müddət ərzində nəticə əldə ediləcək. Hazırda hadisənin terror aktı ola biləcəyi güman edilir. Bir neçə saat ərzində nazirlik detallı şəkildə məlumat verəcəkdir”.