​Ərdoğan ölüm cəzasını bərpa edir – “ƏGƏR XALQ BUNU TƏLƏB EDİRSƏ...”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyir ki, “əgər xalq bunu tələb edirsə”, ölüm cəzasını bərpa etməyə hazırdır.
O, bunu İstanbuldakı evinin qarşısında edamın qaytarılmasına çağırış edən şüarlar səsləndirən tərəfdarlarına deyib.
Aİ rəsmiləri xəbərdarlıq ediblər ki, Ankara ölüm cəzasını bərpa edərsə Türkiyənin bu birliyə qoşulmaq üçün gördüyü işlər heçnə olacaq.
Qeyd edək ki, çevriliş cəhdindən sonra onda iştirak etməkdə ittiham olunanlara qarşı cənab Ərdoğanın göstərişilə sərt tədbirlər görülüb, kütləvi həbslər həyata keçirilib.
Minlərlə polis, hərbi işçi və hakim işdən çıxarılıb və ya həbs olunub. İşdən çıxarılanların sayı 9 min, həbs olunanların sayı isə 8 minə yaxındır.
Türkiyənin Qərbdəki müttəfiqləri bununla bağlı narahatlıq ifadə edib və prezident Ərdoğanı münasib cavab tədbirləri görməyə çağırıb. Lakin çərşənbə axşamı günü tərəfdarları ilə danışarkən ölkə başçısı deyib ki, Türkiyə “qanunla idarə olunan demokratik bir dövlətdir”. Onun sözlərinə görə, Türkiyə xalqı bunu tələb edirsə və Parlament qanunu təsdiq edərsə o, ölüm cəzasını bərpa etməyə hazırdır.
"Xalqın istəyini kənara qoymaq olmaz", - Ərdoğan əlavə edib.
"Bu gün Amerikada, Rusiyada, Çində ölüm cəzası yoxmu? Dünya boyu ölkələrdə yoxmu? Ancaq Avropa İttifaqında yoxdu ölüm cəzası", o deyib.
Xatirladaq ki, Rusiyada ölüm cəzası uzun müddətdir ki, tətbiq olunmur. Avropa Şurasına üzv olmağın şərtlərindən biri edamların ləğv olunmasıdır deyə Rusiya 90-cı illərdə edama moratorium qoyub və bu moratorium hələ də qüvvədədir.
Türkiyə 2004-cü ildə Aİ üzvü olmaq üçün atdığı addımlardan biri olaraq ölüm cəzasını ləğv edib.