Ərdoğan Mursinin “öz əcəli” ilə öldüyünə inanmır

Baxış sayı:
7765

Türkiyə Cümhuriyyətinin (TC) prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Misirin eks-prezidenti Mühəmməd Mursinin «öz əcəli» ilə öldüyünə inanmır.

Türkiyə lideri iyunun 18-də İstanbulun «Fatih» məscidində keçirilən Mursinin qiyabi dəfn namazında iştirak edib («Anadolu»).

«Mühəmməd Mursi məhkəmə iclasının gedişində keçinib. Şübhəsiz, ölüm səbəblərini araşdırmaq lazımdır – onun ölümü «öz əcəli» ilə olubmu? Bu sual üzərində düşünməyə dəyər» – deyə, Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, Misir hakimiyyəti «o qədər zəifdir ki, hətta ilk seçilmiş prezidentin dəfnindən qorxub və ona görə də tələsik onun nəşini torpağa tapşırıb».

Xəbər verildiyi kimi, Misir ordusu və təhlükəsizlik qüvvələri Mursinin iyunun 17-də qəfil ölümü ilə əlaqədar olaraq, hökumət əleyhinə mümkün çıxışlar səbəbilə, yüksək hazırlıq vəziyyətinə gətirilib. Verilən xəbərə görə, mərhum prezidentin «Müsəlman qardaşları» təşkilatındakı silahdaşları Mursinin ölümünü «planlaşdırılmış qətl» adlandırıblar.

Ehtimala görə, ölüm səbəbi infarkt olub. 67 yaşlı Mursi diabetən və yüksək arterial təzyiqdən əziyyət çəkib. Keçmiş dövlət başçısı Qahirənin şərqində, yalnız öz ailəsinin iştirakı ilə dəfn olunub.