​ƏRDOĞAN KILIÇDAROĞLU VƏ AKŞENER HAQDA PROKURORLUĞA MÜRACİƏT ETDİ – ““Siyasi cinayətlər törədilə bilər” iddiaları araşdırılsın…”

Baxış sayı:
714

Xəbər verdiyimiz kimi, bu yaxınlarda CHP lideri Kamal Kılıçdaroğlu Mersində etdiyi bir çıxışında "Siyasi cinayətlər törədilə bilər, narahatlığım var", - deyə açıqlama verib.
Kılıçdaroğlunun açıqlamasından sonra, İYİ Partiyadan Koray Aydın, eləcə də bəzi millət vəkilləri və siyasətçilər də oxşar ifadələr işlədərək, "ölkədə sui-qəsdlər ola bilər", - deyiblər.

Qafqaz.media xəbər verir ki, bu açıqlamalardan sonra Ankara Prokurorluğu "siyasi cinayətlərin törədilə biləcəyi" iddiaları ilə əlaqədar olaraq rəsmi araşdırma başladıb. Baş prokuror müavini iddiaların araşdırılması üçün MİT və polis orqanlarına təlimat məktubu yazıb. Təlimatda bu qurumlarda "siyasi qətl törədilə bilər" iddiaları ilə bağlı hər hansı məlumatın olub-olmadığı soruşulub.
Bütün bunlara rəğmən, Prezident Rəcəb Tayyib Ərdoğan da vəkili Hüseyn Aydın vasitəsilə Ankara Prokurorluğuna yazılı müraciət ünvanlayıb. Müraciətdə siyasi cinayətlərin törədiləcəyi ilə bağlı CHP lideri Kamal Kılıçdaroğlu, İYİ Partiyanın rəhbəri Meral Akşener və bu partiyaların bəzi nümayəndələri tərəfindən siyasi qətllər ola biləcəyi haqda açıqlamalar verildiyi və onların bu barədə informasiyanı necə və hansı mənbələrdən əldə etməsinin vacibliyi qeyd edilir.
Müraciətdə deyilir: "Son illərdə Türkiyədə bəzi siyasi cinayətlərin törədildiyi və bu cinayətlərin birliyimizi və həmrəyliyimizi hədəf aldığı bilinən bir həqiqətdir. Amma bu haqda iddiaların bəzən məsuliyyətsiz şəkildə və ictimaiyyət arasında narahatlıq, qorxu və çaxnaşma yaratmaq üçün ifadə edildiyi də müşahidə edilmişdir. Məsələyə aydınlıq gətirmək üçün sözügedən iddialarla bağlı lazımi araşdırmaların aparılması, iddianı dəstəkləyən məlumatlar, sənədlər və sübutlar tələb olunmalıdır. İddiaçılar çağırılmalı və hər hansı bir dəlil olduğu təqdirdə günahkarlar haqqında lazımi qanuni tədbirlər görülməsi üçün hüquqi araşdırma başladılmalıdır”.