​“Ərdoğan digər liderlərdən fərqli olaraq, qlobal təhlükəsizliyin qeydinə qalır” – NATİQ MİRİ

Baxış sayı:
6898

“Kerç boğazında yaşananlardan sonra göstərilən təpkilər ABŞ, bütövlükdə Qərb dünyası ilə Rusiya arasında böyük qarşıdurmanın olduğunun göstəricisidir. Əvvəllər Suriya səviyyəsində çatışma vardısa, artıq bu, sərhədləri aşaraq Ukraynada, hətta Cənubi Qafqazda, İran prosesində də açıq-aydın görünür. Rusiyanın bu məsələdə qətiyyən geri çəkilməməsi, dünyanın reaksiyasına rəğmən, Ukrayna əsgərlərini həbs etməsi və bu gün onları Moskvaya göndərməsi bu münaqişəni daha da tətikləyir”.
Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı ilə görüşdən imtina etməsi, Kerçdə yaşananlara görə İngiltərə və Polşanın Rusiyaya qarşı sanksiya qərarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Vladimir Putin Rusiyanın gücünü və hegemonluğunu nümayiş etdirmək üçün ABŞ və Qərb dünyası ilə qarşıdurmaya hazır olduğunu göstərən liderdir: “Məhz bu amil qarşıdurmaları getdikcə gücləndirir. Bu konteksdə Donald Trampın Putinlə Argentinadakı görüşdən imtina etməsi ABŞ-ın nümayişkaranə surətdə Rusiya ilə müzakirə olunacaq məsələlərdən imtinasını göstərir. ABŞ-ın Rusiya ilə Suriya, Rusiyaya tətbiq olunan sanksiyalar və eyni zamanda Ukrayna məsələsi ətrafında müzakirə aparacağı nəzərdə tutulmuşdu. Rusiya tərəfindən Ukrayna əsgərlərinin həbsi ABŞ prezidentinin bu görüşdən imtina etməsinə gətirib çıxardı”.
Natiq Miri hesab edir ki, bu situasiya dünyaya istər regional, istərsə də qlobal səviyyədə yaxşı heç nə vəd etmir: “Əksinə bu qarşıdurma regional səviyyədən çıxaraq qlobal səviyyədə təhlükəyə çevrilir. Trampın özünün də siyasətdən uzaq, qeyri-adekvat siyasi qərarlar verdiyini nəzərə alsaq, vəziyyət daha acınacaqlı duruma qədər inkişaf edə bilər”.
Politoloq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya və Ukrayna rəhbərləri ilə telefon danışığına da toxunub: “Ərdoğan təkcə Tramp və Putinlə deyil, həm də Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşməklə bir növ Rusiya-Ukrayna arasındakı münaqişəni çözmək, məsələni sülh məcrasına gətirmək üçün qollarını çırmalayıb. Ərdoğan bir sıra digər liderlərdən fərqli olaraq, qlobal təhlükəsizliyin qeydinə qalır, eyni zamanda dünyada bütün məzlumların səsi kimi hərəkət edir. Bu faktın özü perspektivdə dünyanı tənzimləyəcək, dünya siyasətinə təsir göstərə biləcək dövlətlərin xristian deyil, İslam dünyasının sırasında olduğunu nümayiş etdirir”.