ƏRDOĞAN-BAXÇALI BİRLİYİNƏ QARŞI YENİ GÜC... - TƏHLİL

Baxış sayı:
2587

Kılıçdaroğlunun hakimiyyət qarşı Akşenerlə əməkdaşlığı nə vəd edir?

Elxan Şahinoğlu: “İkinci tur olsa belə, Akşenerin şansı yüksək deyil”

Bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi yerli və xarici mediada müzakirə mövzusuna çevilib desək, yanılmarıq. Bu baxımdan, bu gün CHP-dən 15 millət vəkilinin istefa verərək, İYİ Partiyasına keçməsi daha çox müzakirə olunur.

Qeyd edək ki, Türkiyədə yeni qurulmuş İYİ Partiyasının erkən seçkilərə qatılması ilə bağlı problemi bitirmək üçün CHP-dən 15 millət vəkili istefa verərək, İYİ Partiyasına keçib. Beləliklə, özünün 5 millət vəkili olan İYİ Partiyası parlamentdə 20 yerə sahib olaraq, qanuna əsasən, seçkilərdə iştirak haqqı qazanıb. Beləliklə Meral Akşenerin rəhbərlik etdiyi İYİ Partiyanın 24 iyun seçkilərində iştirakının qarşısını kəsən hüquqi əngəl aradan qaldırılıb.

Meral Akşenerin partiyasına keçən deputatlar bunlardır:

1. Burcu Köksal

2. Mustafa Tuncel

3. Nihat Yeşil

4. Hüseyin Yıldız

5. Ahmet Akın

6. Mehmet Göker

7. Nurhayat Altaca

8. Erkan Aydın

9. Tufan Köse

10. Okan Gaytancıoğlu

11. Tacettin Bayır

12. Çetin Arık

13. Fatma Kaptan Hürriyet

14. Ömer Fethi Gürer

15. Ünal Demirta

Artıq CHP-dən 15 millət vəkili istefa verərək İYİ Partiyasına keçdikdən sonra Türkiyənin Mərkəzi Seçki Komissiyası (YSK-Yüksək Seçim Qurumu) İYİ Partiyasının seçkilərdə iştirak edə biləcəyini açıqlayıb.

İYİ Partiyasının seçkilərdə iştirak edə biləcəyi qərarı ilə birlikdə daha bir iddia Türkiyə gündəmini məşğul edib. CHP-çi 15 millət vəkilinin İYİ Partiyanın sıralarına qoşulmasından sonra indi də MHP-dən olan 5 millət vəkilinin Maral Akşənərin partiyasının sıralarına qoşulacağı iddia edilib.

Xatırladaq ki, İYİ Partiya sədri Meral Akşener özü də MHP-nin üzvü olub və İYİ Partiyada olanların bir hissəsi MHP-dən gələnlərdir. O baxımdan, bu iddianın gerçək olması ehtimalı çox yüksəkdir. Bu da seçkilərdə İYİ Partiyanın gücünü təsir edə bilər.

Əslində, CHP sədri Kamal Kılıçdaroğlunun 15 CHP üzvünü İYİ Partiyaya transfer etməsi Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğana qarşı planının bir parçasıdır ki, bu da prezident seçkilərində müəyyən rol oyanya bilər. Görünən odur ki, Türkiyədə seçkilərdə “ana müxalifət” rolunu İYİ Partiya oynayacaq.

Bu gün 15 CHP üzvü olan millət vəkilinin İYİ Partiyaya keçməsi ilə bağlı PKK-nın sevinməsi də diqqəti çəkən məqamdır.

Qeyd edək ki, Qəndildəki PKK başçılarından olan Duran Qalxan, HDP-nin də Ərdoğan və Baxçalıya qarşı qurulan CHP-İYİ Partiya ittifaqında yer almasını istəyib: “İyunun 24-də keçiriləcək seçkilərdən əvvəl atılan bu addım terror təşkilatı PKK tərəfindən sevinclə qarşılanıb. Bu ittifaqın daha əvvəl qurulması lazım idi”

“Ərdoğan əleyhinə Qərb tərəfindən qurulan İYİ partiyasının seçkilərdə iştirak edə bilməsi üçün CHP-dən 15 deputat bu təşkilata xüsusi göstərişlə keçib. Kılıçdaroğlu tərəfindən zorla istefa etdirilən şəxslərin kədərləri üzlərindən də oxunurdu”,-deyib terrorçubaşı.

Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın seçkilərdə qalib gəldiyi təqdirdə hər şeyin sonunun gələ biləcəyini də bildirən terrorçu Qalxan, təşkilatın seçkilərdəki mövqeyini açıq şəkildə ortaya qoyub.

Maraqlıdır ki, PKK niyə CHP üzvü olan 15 millət vəkilinin İYİ Partiyasına keçməsindən sevinir və HDP-nin də bu ittifaqda yer almasını istəyir?

Картинки по запросу elxan şahinoğlu

“Bu olay İYİ Partiyanı CHP-dən asılı bir vəziyyətə saldı”

CHP üzvü olan 15 millət vəkilinin İYİ Partiyasına transfer etməsi ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə dedi ki, CHP çox ağıllı gediş etdi, yoxsa Mərkəzi Seçki Komissiyası Türkiyədə İYİ Partiyanı seçkiyə buraxmayacaqdı: “CHP 15 deputatı bu partiyaya transfer etməklə, çox rahat şəkildə İYİ Partiya seçkilərə qatıla bilər. Bu, MHP və AKP üçün çox gözlənilməz addımdır, onlar İYİ Partiyanı kənarda qoymaq istəyirdilər. Məhz seçkinin erkən vaxta çəkilməsinin məqsədlərindən biri də bu idi.

Bu addımı atmaqla Kamal Kılıcdaroğlu da bir anda özünü xilas etmiş oldu. Çünki Kamal Kılıcdaroğlu namizədliyini irəli sürmək istəmir. Bilir ki, Əroğana məğlub olacaq. Məğlub olanda da partiya liderliyindən istefa verməlidir. O da namizəd axtararırdı. Elə İYİ Partiyanın namizədliyni irəli verməklə bəlkə də lap Akşenerin özünü dəstəkləyəcək ki, “qurban” özü olmasın”. Burada bir məsələ də var ki, bundan sonra Meral Akşenerin Kamal Kılıçdaroğluna vəfa borcu da yaranır. Yəni bu olay hər zaman İYİ Partiyanı CHP-dən asılı bir vəziyyətə də saldı. Ona görə də İYİ Partiya CHP-nin bu yaxşılığı əvəzində onunla istənilən koalisiyada yer almaq məcburiyyətindədir”.

“Mən yaxın tarixdən xatırladığım ilk dəfədir ki, CHP AKP-nin “oyununu” pozdu. Müxalifətin “oyunu” pozmaqda əsas məqsədi seçkini ikinci tura daşımaqdır. Əlbəttə ki, Ərdoğan birinci turda ən çox səs toplayacaq. Bu, mənim üçün şəksizdir. Amma müxalifətin əsas məqsədi odur ki, 50 üstəgəllə Ərdoğan udmasın ki, birinci turda prezident seçilməsin. Ona görə də əsas məqsəd seçkini ikinci tura daşımaqdır. İkinci tur digər namizədlərin öz səslərini müxalifətin əsas fiquruna verməsilə şərtlənir. Ona görə, Kamal Kılıcdaroğlunun məqsədi budur ki, Ərdoğan birinci turda prezident seçkilməsin. Əslində, ikinci turda Akşener Ərdoğandan müəyyən səsləri qopara bilər. Amma bütün hallarda, düşünürəm ki, ikinci tur olsa belə, Akşenərin şansı elə yüksək deyil”.

“Ərdoğan prezident seçiləcək”

Şahinoğlu nəzərə çatdırdı ki, Türkiyə tarixində ilk dəfə prezident və parlament seçkiləri eyni gündə keçiriləcək: “Türkiyə tarixində ilk dəfə prezidentin səlahiyyətləri artırılıb. Artıq Türkiyədə baş nazir olmayacaq. Bu baxımdan, Türkiyədə çox vacib və taleyüklü bir seçkidir. Bəli, mən hesab edirəm ki, çox böyük səslə olmasa da, Ərdoğan prezident seçiləcək. Amma parlament seçkilərində AKP öz səslərini qoruya biləcəkmi? Bu, artıq bir qədər sual altındadır. Çünki onun səslərini müəyyən qədər yeni yaranan partiyalar parçalayıb. Bu, Ərdoğan üçün o qədər vacib də deyil, artıq Türkiyədə Konstitusiya dəyişib, əsas səlahiyyət sahibi onsuz da prezident olacaq”.

“MHP-dən də transfer ola bilər”

“MHP-dən də 5 millət vəkilinin İYİ Partiyaya transfer edilməsi iddia olunur. Bu, mümkündürmü” sualına E. Şahinoğlu belə cavab verdi: “Əgər dünənə qədər biz heç zaman ehtimal etməzdik ki, sol yonümlü CHP-dən sağ yönümlü partiyaya 15 nəfər transfer edilsin, özü də məcburi şəkildə transfer olub, amma bu hadisə baş verdi. Düşünürəm ki, MHP-dən də transfer ola bilər. Çünki MHP İYİ Partiyaya ideoloji baxımdan daha yaxın partiyadır. Hətta mümkündür ki, AKP-dən də bir neçə nəfər İYİ Partiyaya qoşulsun”.

“PKK təxribat da yarada bilər”

“PKK bu olayı sevinclə qarşılayıb. Bunun səbəbi nədir” sualına gəlincə, politoloq qeyd etdi:“PKK-nın sevindiyini deyə bilmərəm. PKK təxribat da yarada bilər, bundan istifadə edə bilər. Çünki Meral Akşenerin indi adı bəzən Fəttulah Gülənlə də hallanır. Bu da Meral Akşenerin reytinqinə təsir məqsədilə ortaya atılıb. Biz bilmirik ki, Fəttulah Gülən və yaxud PKK Meral Akşeneri dəstəkləyir yoxsa, yox. Bundan qarşı tərəf öz məqsədləri üçün istifadə edə bilər. Ümumiyyətlə, Türkiyədə ağlı başında olan heç bir siyasətçi nə PKK-ya, nə də Gülənə arxalanmaz. Çünki onun səsləri əlindən alınar. Akşener uzun illər daxili işlər naziri olub. Düşünürəm ki Akşenerin PKK və yaxud Gülənlə ittifaq yaratması sadəcə onun sonunu yaxınlaşdırar. PKK-nın İYİ Partiyanı dəstəkləməsini təsəvvür etmirəm. PKK ancaq özünə yaxın olan partiyanı, kürd bölgələrində yaşayan HDP-ni dəstəkləyə bilər”.

Şamo EMİN