​Ərdoğan Almaniyada: geosiyasi maraqlar və yeni suallar

Baxış sayı:
11968

Türkiyə-Almaniya münasibətlərində gərginliyin olduğu hamıya məlumdur. İki ölkə bir sıra məsələlərdə ortaq mövqeyə gələ bilmirlər. Berlin Ankaranı insan haqlarını pozmaqda ittiham edir. Ankara isə Almaniyanın Türkiyə əleyhinə pozuculuq fəaliyyəti aparan dairələri müdafiə etdiyini deyir. Konkret olaraq Türkiyə FETÖ və PKK-ya alman rəsmi məqamların imkanlar yaratdığını ifadə edir. Bundan başqa, Avropa İttifaqına üzvlük məsələsində də iki ölkə arasında müəyyən fikir ayrılıqları mövcuddur. Bütün bunlarla yanaşı, Berlin-Ankara münasibətlərinin inkişaf etməsini zəruri edən başqa geosiyasi faktorlar da vardır. Onlar qlobal və regional xarakterlidir. Bu cür ziddiyyətli situasiyada Türkiyə Prezidentinin Almaniyaya səfər etməsi aktual idi. Üstəlik, Rəcəb Tayyib Ərdoğan Köln şəhərində inşa edilən yeni məscidin açılışında da çıxış etmək imkanı əldə edirdi. Bu isə son illər ona Almaniyada çıxış etməyə mane olanlara yaxşı cavab idi. Bütün bu məqamların fonunda Türkiyə Prezidentinin Almaniya səfərinin geosiyasi konteksti üzərində geniş dayanmaq maraqlıdır.
Köhnə problemlərə yeni yanaşma: Ankara-Berlin xəttindəki dəyişikliklər
Türkiyə Prezidentinin Almaniyaya səfəri bir neçə aspektdən önəm daşıyırdı. Hər şeydən öncə, bu iki dövlət arasında böyük dostluq ənənəsi mövcuddur. Tarixdən məlumdur ki, Osmanlı-Almaniya münasibətləri son əsrlər strateji maraqların uyğunlaşdırılması müstəvisində inkişaf etdirilirdi. Sonra Türkiyə Cümhuriyyəti ilə Almaniya arasında yaxın əlaqələr formalaşdı. Bu prosesdə Almaniyaya mühacirət edən türklərin rolu böyük oldu. Hazırda Almaniyada 3,5 milyon türk yaşayır. Onların böyük əksəriyyəti Türkiyəyə sevgilərini saxlayırlar. Nəhayət, Almaniya Türkiyənin 10 illərdir can atdığı Avropa İttifaqının ən çox inkişaf edən qüdrətli iqtisadiyyata və gəlişmiş texnologiyaya malik böyük ölkəsidir.
Lakin bir müddətdir ki, Almaniya-Türkiyə münasibətləri ciddi problemlər daşıyırdı. Almaniya FETÖ və PKK-ya gizli dəstək verdiyindən Ankara onun qarşısında tələblər qoydu. Almaniya da qarşılığında Türkiyədə demokratiya və insan haqları ilə bağlı problemlərin olduğu iddiasını irəli sürdü. Bunun fonunda Berlin türk rəsmi şəxslərinin Almaniyada çıxış etməsinə əngəllər yaratdı. Bunun fonunda isə bütövlükdə Türkiyə-Aİ münasibətləri axsamağa başladı.
Sadalanan problemlər həm Almaniya, həm də Türkiyədəki seçkilərdən sonra yumşalmağa başladı. Türkiyənin yeritdiyi inamlı xarici siyasət Berlinə öz mövqeyinə yenidən baxmaq imkanı verdi. Bununla yanaşı, Vaşinqtonun sərt Avropa siyasəti və Rusiyanın Ankara ilə sürətlə yaxınlaşması Almaniyadakı siyasiləri hərəkətə keçirdi. Alman rəsmi dairələri dəfələrlə Türkiyə ilə əlaqələri inkişaf etdirməkdə maraqlı olduqlarını bəyan etdilər. Nəhayət, sentyabr ayında Almaniyanın xarici işlər naziri Ankaraya səfər etdi. Bu səfər uğurlu oldu və tərəflərin milyardlarla avro həcmində layihə həyata keçirmək niyyətində olduqları informasiyası yayıldı.
Bütün bunlarla yanaşı, Berlin İdlib və miqrant məsələsində Ankaranın doğru mövqeyini görməmiş deyildi. Hər iki problemin həllində Almaniya Türkiyəni dəstəklədiyini açıq bəyan etdi. Əslində, Angela Merkel daim Türkiyənin miqrant siyasətinə yüksək qiymət verərək, Aİ-də bir sıra liderlərlə mübahisəyə girməkdən çəkinmirdi. Zaman alman kanslerin haqlı olduğunu təsdiqlədi.
Prezident Rəcəb Tayyib Ərdoğanın iki ölkə arasında müşahidə edilən bu cür proseslər fonunda Almaniya dövlət səfərinə getməsi, əlbəttə, maraq doğuracaqdı. Etiraf edək ki, heç də bütün ekspertlər bu məsələyə obyektiv yanaşmadılar. Bəziləri R.T.Ərdoğanın səfərinin əhəmiyyətini azaltmağa çalışdılar. Hətta Türkiyə Prezidentinin nə səbəbdən alman rəsmi məqamları tərəfindən yüksək səviyyədə qarşılandığına belə qısqanclıq nümayiş etdirdilər. Onlar sual edirlər: nəyə görə Vladimir Putinə belə yüksək diqqət göstərmədilər? Cavabların bir qismi isə qeyri-ciddidir. Bu vəziyyəti R.T.Ərdoğana olan şəxsi münasibətlə, yəni "onu yaxşı qarşılayanda güzəştə gedir" kimi cəfəng fikirlərlə izah etməyə cəhdlər göstərirlər.
Rusiya Prezidenti ilə bağlı bir şey deyə bilmərik. Bu, Almaniya ilə Rusiyanın öz işləridir. Ancaq Türkiyənin dövlət başçısını ona görə yüksək səviyyədə qarşıladılar ki, Türkiyə Yaxın Şərqin ən qüdrətli dövləti və Avropa ilə sıx əməkdaşlığa can atan, inkişaf edən, dünya miqyasında artıq söz sahibi olan böyük dövlətdir! Bunu indi hər kəs etiraf edir. Hətta ABŞ belə İdlib məsələsinə görə, Türkiyəyə təşəkkür edir. Almaniya, Fransa ayrıca razılıqlarını bildirirlər. İndi Türkiyə bütün sahələrdə, o cümlədən siyasət və təhlükəsizlik sferalarında ciddi uğurlar əldə edən böyük gücdür. R.T.Ərdoğanın Almaniyada böyük hörmətlə qarşılanmasının başqa qlobal səbəbləri yoxdur. Əgər məsələyə iki ölkənin konkret münasibətləri kontekstində yanaşsaq, onda digər maraqlı faktlara rast gələ bilərik.
Yaxınlaşma imkanları: ortaq mövqe axtarışı
Məsələ ondan ibarətdir ki, Türkiyə Avropanın cənub sərhədlərinin ən güclü qoruyucusudur. İtaliya və Yunanıstanın miqrant məsələsində tutduqları fərqli mövqe bir daha göstərdi ki, Aİ-nin demoqrafik tarazlığının qorunmasında Ankaranın rolu həlledicidir. Çünki neçə illərdir ki, Türkiyə imzaladığı sazişə dəqiq əməl edərək Avropaya miqrant axınının qarşısını alır. Belə bir tərəfdaşla soyuq münasibətlər saxlamaq Almaniya üçün böyük itki olardı.
Avropa İttifaqı liderlərinin Zalsburqda keçirilən sammitindən sonra bu, daha çox aydın oldu. Orada İtaliya, Macarıstan, Çexiya və bir sıra digər üzv dövlətlər açıq nümayiş etdirdilər ki, Brüsselin miqrasiya siyasətinə əməl etməyə bilərlər. Türkiyə isə tam olaraq Brüsselin maraqlarına cavab verən mövqe tutub. Təbii ki, bu, Almaniya və Fransa üçün bir fürsətdir.
Türkiyə-Almaniya münasibətlərinin inkişafını təbii edən digər məqam ABŞ-Rusiya qarşıdurmasının kəskinləşməsi fonunda Moskvanın Ankara ilə strateji tərəfdaşlıq səviyyəsində əlaqə yaratması ilə bağlıdır. Söhbət sürətlə güclənən Türkiyənin kiminlə yaxın olacağından gedir. Dünyanın böyük dövlətlərinin hamısı bunda maraqlıdırlar. Xüsusilə Rusiya daha artıq canfəşanlıq göstərir. İdlib məsələsində Moskva Ankara ilə razılaşmaqla bu istiqamətdə daha qərarlı olduğunu nümayiş etdirdi. Eyni zamanda, Moskva Türkiyəyə S-400 raket komplekslərini daha tez vaxtda verəcəyini bəyan etdi. Deməli, Yaxın Şərq və Avropa üçün ciddi əhəmiyyəti olan prosesdən söhbət gedir. Almaniya kimi böyük bir dövlət bu gedişata seyrçi qala bilərmi?
Qətiyyən qalmazdı və qalmadı da. Rəcəb Tayyib Ərdoğan Almaniyada səmərəli danışıqlar apardı. Ancaq bu, heç də bütün məsələlərdə ortaq mövqeyə gəlindi anlamını vermir. Tərəflər aralarında olan məsələləri açıq müzakirə etdilər. Bir sıra məqamlarda fikir ayrılıqları qaldı. Məsələn, insan haqları ilə bağlı Berlin iradlarını yenilədi. Türkiyə Prezidenti isə terror qruplarına qarşı Almaniyanın tutarlı addımlar atmasını istədiklərini bir daha bəyan etdi.
Burada ilk sırada FETÖ-çülərin Almaniyada rahat dolaşması yer alır. Berlin onların heç birini Türkiyəyə vermək fikrində olmadığını ifadə edib. Angela Merkel FETÖ ilə bağlı əlavə dəlillərin təqdim edilməsinin lazım olduğunu deyib. Türkiyə siyasi dairələri buna sərt reaksiya veriblər.
Bununla yanaşı, Ankara PKK-ya qarşı Almaniyanın daha qərarlı davranmasını tələb edib. Bu məsələdə də qeyri-müəyyənlik qalmaqdadır. Aydın hiss edilir ki, Berlin əlində olan kartları xərcləmək fikrində deyil.
Türkiyə Prezidenti bunlardan başqa bir məsələni də müzakirə edib. O, Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı avropalıların mövqelərini dəqiqləşdirməsini istəyib. Konkret olaraq R.T.Ərdoğan A.Merkelə deyib ki, "qəbul etmirsinizsə, açıq deyin, biz də işimizi bilək". Ancaq A.Merkel konkret "yox" deməyib. Bununla bağlı Türkiyə Prezidenti Aİ-yə üzvlülüklə bağlı referenduma gedə biləcəklərini bəyan edib. Yəni Ankara əhalinin Aİ-yə münasibətini ifadə etməsinə şərait yaratmaq fikrindədir. Əgər xalq "yox" desə, onda hakimiyyət uyğun addımlar atacaq.
Berlində Türkiyə rəhbərliyinin mövqeyinin çox ciddi olduğunu bilirlər. Əslində, R.T.Ərdoğan uzun müddətdir ki, Aİ ilə olan məsələni qəti həll etmək fikrində olduğunu deyir. Hətta Türkiyənin Aİ-yə ehtiyacı olmadığı barədə danışırlar. Çünki Türkiyə özü lider gücə çevrilir. Bundan başqa, Türkiyə Prezidenti hansı səbəbdən Brüsselin məsələni süründürdüyünün əsl mahiyyətini bildiyini də gizlətmir. Deməli, Türkiyə-Aİ münasibətləri real olaraq dərin böhran mərhələsinə qədəm qoya bilər. Çox güman ki, hər şey Türkiyədə Aİ-yə münasibətlə bağlı keçiriləcək referendumdan sonra məlum olacaq.
Beləliklə, R.T.Ərdoğanın Almaniyaya dövlət səfəri olduqca böyük əhəmiyyəti olan səfərdir. İki böyük dövlət gələcək münasibətlərin hansı prinsiplər üzərində qurula biləcəyini müzakirə ediblər. Mümkündür ki, növbəti səfərlərdə artıq başqa şərtlər önə çıxsın. Lakin hələlik İstanbulda Almaniya Kansleri Fransa və Rusiya prezidentləri ilə birgə R.T.Ərdoğanla yenidən dünya məsələlərini müzakirə etməli olacaq. Yəni faktiki olaraq Almaniya Türkiyənin dünyadakı rolunu qəbul etmiş olur. Bu baxımdan Türkiyə Prezidentinin Almaniya səfəri geosiyasi mühitdə çox şeyləri dəyişə bilər.