​Ərdoğan ailəsinə qarşı dəhşətli sui-qəsd planının ÜSTÜ AÇILDI - “SƏNƏD 5”-İN SİRRİ

Baxış sayı:
5041

PKK-nın alt qrupu olan TAK qruplaşmasının (Kürdüstan Azadlıq Şahinləri) sui-qəsd dəstəsinin dəhşətli planı ortaya çıxıb.
Türkiyənin “Sabah” nəşri xəbər verir ki, prokurorluq və Təhlükəsizlik Təşkilatının əldə etdiyi məlumata görə, TAK-ın Mehmet Emin Töre, Gülşən Bahadır ve Zozan Kutumun rəhbərlik etdiyi bir qrup prezident Rəcəb Tayyib Ərdoğanın yaxın ətrafındakı adamlarına qarşı sui-qəsd planlaşdırmışdı.
Məlumata görə, ələ keçirilən sui-qəsd qrupunun hədəfindəki adlar prezident Ərdoğanın oğlanları Əhməd Burak Ərdoğan və Bilal Ərdoğan, enerji və təbii qaynaqlar naziri olan kürəkəni Berat Albayrak, digər kürəkəni Səlçuk Bayraktar və “Turkuvaz Media” İdarə Heyətinin başçısı Sərhat Albayrak olub.
2016-cı ildə “Vodafone Park”da 46 nəfərin şəhid edildiyi terror hücumunu planlaşdıran və qrupun liderlərindən olan Zozan Kutumdan ələ keçirilən sənəddə prezidentin yaxın ətrafına qarşı sui-qəsd planı əksini tapıb. Hüquq mühafizə orqanları sənədi “Sənəd 5” adı ilə qeyd edib.
Maraqlı məqam isə hədəfdəki adların latın deyil, kiril əlifbası ilə qələmə alınması idi. Təhlükəsizlik əməkdaşları kiril əlifbasındakı hərflərin yerinə latın əlifbasındakı qarşılıqlarını qoyaraq prezidentinin ətrafındakı adlara işarə edildiyini müəyyən edib.
Gülşən Bahadırın 2016-cı il iyunun 7-də İstanbulun Veznecilər rayonunda törədilən terror aktını planlaşdırdığı bildirilir. Terror hücumunda 12 nəfər şəhid olmuş, 44 nəfər yaralanmışdı.
İstintaq nəticəsində yuxarıda adı çəkilən terrorçuların liderliyindəki TAK qruplarında iştirak edən 52 terrorçunun tutulması üçün əməliyyat keçirilib. Nəticədə, terrorçuların hamısı həbs olunub. Saxlanılanların mənzillərində aparılan axtarışlar nəticəsində ammonium-nitrat və RDX+TNT+HMX+ alüminium tozu qarışığı olan partlayıcı maddələr, həmçinin silah-sursat ələ keçirilib(Publika.az).