Ərdoğan ABŞ-a xəbərdarlıq etdi: “Bir neçə həftə vaxtınız var”

Baxış sayı:
13120

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının qrup toplantısında çıxış edib. Ərdoğan Münbiçlə bağlı ABŞ-a mesaj göndərib.
 
Türkiyə prezidenti bunları söyləyib:
“Türkiyə Suriyanın ərazi, siyasi bütövlüyünə hörmət edir. Yeni konstitusiya yaradılma prosesini dəstəkləyirik. İŞİD-a və PKK, YPG-yə qarşı çıxmağımızın yeganə səbəbi terror təşkilatları olmasıdır. Legitimliyi olan Suriyalı müxaliflərlə oturub, görüşür, onlara yardımçı olmağa çalışırıq. Təhlükəsizliyimizi təmin etməyin yeganə yolu Suriyada terror təşkilatlarının qaynaqlarını qurutmaqdır. Onun üçün Cudi dağında, Qəndildə varıq və olacağıq. Suriyalı qardaşlarımıza dinclik və təhlükəsizlik içində yaşayacaq bir mühit təmin etmiş olacağıq. Fəratın şərqi və Münbiç Suriya gündəliyimizin ən mühüm məsələləridir. ABŞ-ın bizə verdiyi vədlərin yerinə yetirilməsini gözləyirik. Münbiç məsələsi ortada buraxıldıqca rejimin bu regiona yönəlik həvəsi də qabarır. Bu bölgənin xalqı Türkiyənin himayəsində öz gələcəklərinə özləri sahib çıxmaq istəyir. Bizə etimad göstərirlər. PKK, YPG-nin bölgə xalqına tətbiq etdiyi zülm səbəbindən ölkəmizdəki Suriyalılar evlərinə qayıda bilmir. Hərbi hazırlıqlarımızı da davam etdiririk. ABŞ bizə verdiyi sözü tutmazsa, öz göbəyimizi özümüz kəsəcəyik. Cənab Trampla bu məsələlərdə məhsuldar və ümidverici danışıqlar aparırıq. Alt səviyyədəki görüşlərdə eyni səmərəni əldə edə bilmirik. Bu vaxta qədər qarşımıza qoyulan konkret bir plan yoxdur. Səbrimiz sərhədsiz deyil. Bir neçə həftə ərzində terrorçular Münbiçdən çıxarılmasa, gözləmə vaxtımız sona çatır. Öz planlarımızı həyata keçirmək haqqımız doğacaq. Bıçaq sümüyə dirənəndə görəcəyimiz işlər üçün heç kimdən icazə almaq, ya da kimsəyə hesab vermək məcburiyyətində deyilik. Sanksiya siyahısı daxil, heç bir hədə-qorxu bizi bu yoldan döndərə bilməz. Bölgədəki bütün tayfalar “nə vaxt gəlirsiniz” bunu soruşurlar. Danışıqları aparan dostlara bütün bu tapşırıqları açıq şəkildə verdim”.
Müxalifət.az