Ərdoğan ABŞ-ın tələbini yerinə yetirəcək? - ANKARADA KRİTİK GÖRÜŞ…

Baxış sayı:
10297

Kamran Sultanlı: “Ərdoğan birdən-birə bu əməliyyatları bitirə bilməz” Kənan Paşayev: “Ərdoğan ABŞ-ın tələblərinə əhəmiyyət verməyəcək” ABŞ-ın vitse-prezidenti Mayk Pens və dövlət katibi Mayk Pompeo Türkiyəyə səfər edəcəklər. Bu haqda dünən ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib. “Türkiyəyə və başqalarına qarşı sərt davranacağıq. Sülh və təhlükəsizliyi davam etdirmək məcburiyyətindədirlər. Pens və Pompeonun yer aldığı nümayəndə heyəti Türkiyədən atəşkəs tələb edəcək”, - deyə ABŞ prezidenti vurğulayıb. Yayılan məlumatlara görə, ABŞ nümayəndə heyətinə prezidentin milli təhlükəsizlik üzrə köməkçisi Robert Obrayen və ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri də daxildir. Qeyd edək ki, oktyabrın 17-də ABŞ prezidenti Donald Trampın müavini Maykl Pensin Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanla görüşü nəzərdə tutulur. Bu, Pensin ABŞ-ın vitse-prezident kimi Türkiyəyə ilk səfəri olacaq. Lakin Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan “SKY News” müxbirinin “ABŞ-ın nümayəndə heyəti buraya (Türkiyəyə-red.) gəlir. Narahatsınız? Onlarla nə barədə danışacaqsınız?” sualına cavabında Penslə görüşməyəcəyini bildirib. “Mən dimdik ayaqdayam. Niyə narahat olmalıyam? Onlarla görüşməyəcəyəm. Onlarla öz mövqedaşları görüşəcək. Mən Tramp gələndə onunla görüşəcəyəm”, - deyə o vurğulayıb. Türkiyə lideri atəşkəs elan edilməsi məsələsinə də toxunub: “ABŞ bizə dedi ki, atəşkəs elan edin, biz də danışıqlarda vasitəçilik edək. Mən isə bu təklifə “terror təşkilatı ilə danışıqlar masasına əyləşmərəm, bir heyət göndər, sizinlə danışaq” cavabını verdim. Bizə deyirlər ki, atəşkəs elan et, danışıqlara başlayaq. Biz də “əvvəlcə razılıq əldə edək, ondan sonra atəşkəs elan edərik” dedik”. Maraqlıdır ki, bugünkü görüşdə ABŞ-Türkiyə arasında razılıq əldə oluncaq yoxsa, yox? Və yaxud razılıq əldə olunmasa, Türkiyə ABŞ-ın tələbinə əməl edəcəkmi? “Ərdoğan çalışacaq ki, zamanı uzatsın” ABŞ nümayəndə heyətinin Türkiyəyə səfəri ilə bağlı politoloq Kamran Sultanlı “Hürriyyət”ə dedi ki, Ərdogan üçün bu əməliyyat olduqca vacibdir: “Bu əməliyyat onun siyasi reputasiyası və reytinqi uçun önəmlidir. Lakin beynəlxalq təzyiqi və xüsusilə böyük gücləri nəzərə almalıdır. Buna görə də zənnimcə, Ərdoğan birdən-birə bu əməliyyatları bitirə bilməz, çalışacaq ki, zamanı uzatsın və ən azı əməliyyatın müəyyən nəticəyə gəldiyini ictimaiyyətə təqdim edə bilsin. Birdən-birə əməliyyatın dayandırılması Ərdoğanın reytinqi və imici üçün zərbə olar. Bu baxımdan, bu görüşdə birdən-birə atəşkəs əldə edilməsini gözləmirəm. Amma istənilən halda yaxın zamanlarda bu, baş verə bilər” “Tramp bununla daxili auditoriyaya və ən əsası müxalifətə göstərir ki..” “Pensin səfərinin səbəbi kimi, o da qeyd edilməlidir ki, Tramp bununla daxili auditoriyaya və ən əsası müxalifətə göstərir ki, kürdləri tək qoymayıb, müttəfiqi sayıb və Türkiyəyə təzyiq edir. Çunki Rusiya mediası və Amerikada anti-Tramp qüvvələr Amerikanın öz müttəfiqini satdığıni xüsusi qeyd edirlər”,-deyə politoloq əlavə edib. “Tramp daxildəki müxalifəti sakitləşdirmək üçün ritorikani dəyişdi” K. Sultanlı onu da vurğuladı ki, “ABŞ-ın Fəratın şərqini tərk etməsindən sonra Suriyada əsas güc məhz Rusiya oldu. Əslində, Tramp Türkiyə ilə əməkdaşlığa maraqlıdı. Ərdoğanın Trampla birinci telefon danışığından sonra, ABŞ ordusunu həm Menbiçdən, həm Hasekədən, həm də Tel-Abyad və Rasulayndan geri çəkdi. Bunun özü belə Ankara üçün onəmli idi. Təbii ki, burada Ərdoğan da məharətlə ABŞ siyasi establişmentində olan gərginlikdən istifadə etdi. Lakin ABŞ siyasi sistemində Trampa qarşı təzyiqlər onun manevr etməsinə səbəb oldu. Tramp daxildəki müxalifəti sakitləşdirmək üçün ritorikani dəyişdi. Lakin hələlik tətbiq edilən sanksiyalar Türkiyə iqtisadiyyatı üçün ölümcül deyil, amma bunun bəlli təsirləri olacaq. Tramp indi daxildə sistemi qarşısına ala bilməz, xüsusilə impicment qalmaqalının getdiyi ərəfədə. Görunən odur ki Pens və Pompeonun Ankara səfərində Vaşinqton bir daha öz fikirlərini Ankaraya çatdıracaq. Təbii ki, ABŞ-da Türkiyəyə qarşı sərt sanksiyaların tətbiq edilməsini arzulayan bir çox siyasilər olsa da, amma Vaşinqtonda hələ də Türkiyə ilə körpülərin tam yandırılmasını istəmirlər”. “Pens və Pompeonun gəlişi ilə Vaşinqton dialoqu qorumağa çalışır” Sultanlının fikrincə, böyük ehtimalla Türkiyə yaxın zamanlarda əməliyyatı bitirəcək: “Onsuz da Türkiyənin Suriyaya girməsi üçün Adana müqaviləsi var ki, bu müqavilə Ankaraya 5 km-ə qədər Suriyaya girməyə icazə verir. ABŞ-ın regiondan çıxması əslində, Suriyada Türkiyənin manevr imkanları məhdudlaşdırır, onu Rusiyadan daha çox asılı edir. Pens və Pompeonun Ankara səfərində Vaşinqton dialoqa çalışacaq. Turkiyə böyük ehtimalla Türkiyə-Suriya sərhədinin tam nəzarətə ala bilməyə bilər. Çünki artıq Əsəd ordusu kürd bölgələrini faktiki bölüb, Hasekə ətrafını, Menbiçi və 4 məntəqəni nəzarətə alıb. Həmçinin kürdlərlə də anlaşıb. Trampın dünən YPG lideri Mazlum Kobani ilə danışması YPG-nin legitim bir təşkilata çevrildiyini göstərir. Amma Türkiyə Cerablusdan Afrinə, oradan da Tel-Abyad və Rasulayna qədər hissəni nəzarətə almaqla, kürdləri qismən sərhəddən uzaqlaşdırdı. Bu, Türkiyənin Suriyanın gələcəyi ilə bağlı danışıqlarda əlini gücləndirəcək. Pens və Pompeonun gəlişi ilə Vaşinqton dialoqu qorumağa çalışır. Təbii ki, Türkiyədə Qərblə əlaqələrdə körpülərin tam yandırılmasını istəyən avrasiyaçılər olsa da, hələ də Türkiyə rəsmiləri Qərblə körpülərin tam yandırılmasının Türkiyə üçün ciddi təsirlərə malik olacağını bilirlər. Turkiyə minimal işi həll etdi. Amma yəqin ki, Türkiyənin Suriya sərhəddini tam nəzarətə alması mümkün olmayacaq”. “Ərdoğan nümayəndə heyətini vaxt qazanmaq üçün Türkiyəyə çağırıb” “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə dedi ki, ABŞ nümayəndə heyətinin Türkiyə səfərinin ciddi nəticəyə malik olacağını düşünmür: “Zənnimcə, Ərdoğan ABŞ-ın tələblərinə əhəmiyyət verməyəcək. Sadəcə, nümayəndə heyətini vaxt qazanmaq üçün Türkiyəyə çağırıb. ABŞ isə Türkiyəyə çox da ciddi sanksiyalar tələb edə bilməz. Türkiyə Kiprdə hərbi əməliyyatlara başlayanda ABŞ-ın rəsmi Ankaraya qarşı tətbiq etdiyi sanksiyalara qarşılıq olaraq İncirlik hərbi bazası 1974-1975-ci illərdə bir müddətlik bağlanmışdı. Daha sonra ABŞ sanksiyaları qaldırdıqdan sonra hərbi baza Ankara tərəfindən yenidən istifadəyə verildi. Hal-hazırda Tramp administrasiyasının ən çox ehtiyatlandığı hadisə budur”. “Vəziyyətin gərginləşəcəyi gözləniləndir” K. Paşayev xatırladıb ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyul ayında verdiyi açıqlamasında “ABŞ bizə sanksiya tətbiq edərsə, biz də İncirliklə bağlı düşünərik” demişdi: “Düzdür, o zaman bu söz S-400 raketlərinin alınmasına görə, ABŞ-ın qoyacağı sanksiyalara qarşılıq olaraq deyilmişdi, amma nə fərqi var ki, mahiyyət eynidir. Bu səbəbdən də Türkiyənin başlatdığı əməliyyatlara sadəcə söz yığnağı ilə reaksiya bildirə bilirlər. Türkiyə ilə ABŞ-ın razılığa gələcəyini demək çətindir. Vəziyyətin gərginləşəcəyi gözləniləndir”. Şamo EMİN, Hurriyyet.org