ƏRƏBLƏRİ AZƏRBAYCANA HANSI MƏMUR DƏVƏT EDİB? - Və yaxud kimi “linç” etməli: ərəb turistləri, yoxsa onları dəvət edən məmuru?

Baxış sayı:
561

Son günlər ərəb turistlərin Azərbaycanda qanunsuz ov etməsi istər mətbuatın, istər də sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Vətəndaşlarımız haqlı olaraq ərəblərin Qax (İlisu) Dövlət Təbiət Qoruğu ərazisində – Acınohurda nadir quşları və heyvanları ovlamasına etiraz etməkdədir. Üstəlik, bu etirazlar çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) rəhbərliyinin, o cümlədən nazir Muxtar Babayevin istefası da tələb olunmaqdadır. Görünür, elə bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şura ərəblərin cərimələndiyini və Qaxda qurduqları çadırların söküldüyünü elan etdi. Lakin vətəndaşlarımızın böyük əksəriyyəti bu fikirdədir ki, ərəbləri cərimələməklə problem həll olunmur, onları himayə edən, onlara şərait yaradan vəzifəlilər cəzalandırılmalıdır.

Ərəbləri himayə edən məmurlardan söhbət düşmüşkən, mətbuatda Azərbaycanda qalmaqala səbəb olan, ölkəmizdə qanunsuz ov edən turistlərin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonağı olduğu haqda informasiyalar səslənir. Doğrudur, K.Heydərov, “Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir”, – deyərək barəsində səslənən ittihamları rədd etdi. Lakin bunun ardınca Kamaləddin Heydərovun məlum açıqlamasını təkzib edən yeni fotolar yayıldı. Hansı ki, bu fotolarda “fövqəlnazir”in Acınohurda nadir quşları və heyvanları ovlayan ərəblərlə birgə görüntüsü əks olunur(FOTOLAR).

Bütün bunlar öz yerində. Lakin bizim yazımızın mövzusu ərəb turistləri Azərbaycana gətirən məmurun kimliyini ortaya çıxarmaqdan öncə, onların qanunlarımıza hörmətsizlik etməsinə şərait yaradılmasıdır. Əlbəttə, həmin turistlərin hansısa məmura, yaxud məmurlara arxalanaraq bu cür qanunsuz əməllərə əl atdıqları şübhəsizdir. Odur ki, bu gün həmin turistlərin cərimələnməsi ilə yanaşı, onların Azərbaycan qanunlarını ayaqlar altına atmasına şərait yaradan məmurlar da cinayət məsuliyyətinə cəlb olunmalıdır. Həmin məmur, özünün iddia etdiyi kimi Kəmaləddin Heydərov olmasa belə, onun kimliyi ortaya çıxarılmalı və ən azı vəzifəsindən azad olunmalıdır. Çünki Azərbaycana gələn ərəblər ov mövsümünün bitməsinə baxmayaraq, 8-10, bəzi hallarda hətta 20 maşınla ova çıxıbsa, demək, onları “sizin üçün heç bir qırmızı işıq yoxdur”, – deyə arxayın edənlər olub. Əslində, İlisu Dövlət Təbiət Qoruğunun direktor müavini Azərçin Muradovun dünən saytlarda dərc olunan “Ərəb “turistləri”, Acınohur… və həqiqətlər” sərlövhəli məqaləsində də bir sıra həqiqətlər işıq üzü görür: “…Mən və əməkdaşlarımız hadisələr başlayanadək və demək olar ki, hər gün ərazilərimizdə olmuşuq. Həmin ərəblərin əraziyə ilk gəldiyi gündən düz 3 gün qarşılarında biz durduq! Hüququmuz çatmasa belə, tələb və müqavimət göstərdik ki, yasaqlıq ərazisində düşərgə salmasınlar (bu, əsasnamədə göstərilib. “Çadır düşərgəsinin ərazidə salınması qadağan edilə bilər. “Bilər”, amma “qadağandır” YOX!)

İki gün konvoylarını çəkib qaytardılar, axşam saatlarında ərazini tərk edib getdilər. Üçüncü gün isə ədəblə gözlədilər ki, göstəriş veriləcək bizə, həmin bu sahədə düşərgə salınmasına əngəl olmayaq. Belə də oldu. Gələnlərin həmin sahəyə düşərgə salmasına əngəl ola bilmədik. Məhz düşərgəyə və onların orada istirahətinə (gətirdikləri çox sayda şahinlərə təlim keçmək, onları yemləmək və s.) mənim şəxsən tanımadığım təsərrüfat subyekti tərəfindən şərait yaradıldı. Bizə isə ETSN-dən onların hər hansı bir qanunsuz fəaliyyətlərə yol verilməmələri ilə bağlı göstəriş gəldi (yəni bu bizim yegerlərin bilavasitə vəzifə borcudur ki, fauna elementlərinin mühafizəsini təşkil etsinlər)”.

Bu fikirlərin həqiqət olduğuna inansaq, aydın olur ki, ərəb turistlərin Azərbaycanda qanunsuz ov etməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iradəsindən kənarda baş verib. Hətta müəllifin yazısından belə görünür ki, ərəbləri ölkəmizə dəvət edən məmur ETSN-ə diqtə edəcək səlahiyyət sahibi olub. Bu cür qanunsuz əməllər də məhz həmin məmurun nazirliyə təsiri nəticəsində baş verib.

Əlbəttə, hansısa məmuru ərəbləri, yaxuda da digər millətlərin nümayəndələrini turist kimi ölkəmizə dəvət etdiyi üçün qınamaq doğru olmaz. Əksinə, bunun üçün ona təşəkkür də düşür. Çünki Azərbaycana gələn hər bir turist özü ilə həm də böyük məbləğdə valyuta gətirir ki, bu da turizm sektorunun və ölkəmizin inkişafına təkan verən amillərdəndir. Amma bir daha qeyd etməliyik ki, turistlər hansısa məmurun şəxsi qonağı kimi dəvət olunmamalı və onların qanunlarımızı ayaqlar altına atmasına göz yumulmamalıdır. Azərbaycanda turizm sektorunun inkişafı üçün elə bir mühit yaradılmalı və qanunlarımız o dərəcədə mükəmməl işləməlidir ki, təkcə hansısa ərəb ölkəsindən deyil, bütün dünya dövlətlərindən ölkəmizə turist axını olsun. Zənnimizcə, bunun üçün Azərbaycanın istər qardaş Türkiyə, istər də qonşu Gürcüstan qədər turizm potensialı mövcuddur. Nəzərə alsaq ki, hər iki ölkə büdcəsinin önəmli hissəsini turizmdən gələn gəlir hesabına formalaşdırır, eynilə Azərbaycanda da bu sektoru inkişaf etdirməklə, əhalimizin rifahını daha da yaxşılaşdıra bilərik. Üstəlik, Qarabağın və işğaldan azad olunan rayonlarımızın bərpasından sonra bu sahədə daha geniş imkanlara malik olacağımız da şübhəsizdir…

Təbii ki, ov turizmi istənilən ölkədə turizm potensialının əsas göstəricilərindən biri hesab olunur. Aparılan araşdırmalara görə, ərəb turistlər ov məqsədilə ölkəmizə Bəhrəyn, Küveyt, Qatar, İraq, Oman, BƏƏ, Səudiyyə Ərəbsistanından gəlirlər. Onlar öz ölkələrində kral ailələrinin üzvləri, qohumları, dost-tanışlarıdırlar. Nəzərə almaq lazımdır ki, bu ərəblər Azərbaycana artıq bir neçə ildir həm də ov məqsədilə gəlirlər və bunun üçün dövlətə pul ödəyirlər. Bununla ölkəyə böyük pul kütləsi daxil olur. Şübhəsiz ki, əgər Azərbaycana maraq olmasaydı, onlar hər il bura gəlib milyonlarla pul xərcləməzdilər. Yəni Azərbaycan turizm potensiallı ölkə kimi onların diqqət nöqtəsinə çevrilməyi bacarıb. Təsadüfi deyil ki, ərəb ölkələrindən gələn turistlərin sayı ilbəil artıb. Məsələn, 2016-cı illə müqayisədə 2017-ci ildə ərəb ölkələrindən gələnlərin sayı 66% artıb, 2018-ci ildə 30% çoxalaraq 200 min nəfər çatıb. 2018-ci ildə təkcə Səudiyyə Ərəbistanından ölkəmizə 73 min turist gəlib. Halbuki, bundan cəmi 2 il öncə Səudiyyə Ərəbistanından ölkəmizə gələn turistlərin sayı 7463 nəfər olub.

Onu da qeyd edək ki, ərəblər ölkəmizə gələn xarici ölkə vətəndaşları içərisində nağd və köçürmə yolu ilə ən çox pul xərcləyən turistlər kimi ilk yerlərdə qərarlaşırlar. Təsadüf deyil ki, onlar təkcə 2018-2019-cu illərdə alış-verişə, istirahətə milyardlarla pul xərcləyiblər. 2019-cu ildə ölkəmizdən 46 milyon manatlıq hədiyyə alıb aparıblar. Elə həmin ilin ilk aylarında ölkəmizə Səudiyyə Ərəbistanında gələn turistlər təkcə yeməyə 43,3 milyon manat, Küveytdən gələn turistlər 10,9 milyon manat, BƏƏ-dən gələn turistlər isə 23, 7 milyon manat pul xərcləyiblər. Əlbəttə, bütün bunlar Azərbaycanda turizm sektorunun inkişafı üçün vacib detallar olsa da, bu sahəyə, xüsusən də turistlərin ov etmələrinə dövlətin güclü nəzarət mexanizmləri də yaradılmalıdır.

Ümumiyyətlə, turizm sektorunu inkişaf etdirməyin ən vacib elementlərindən biri ölkəyə gələn turistlərə dözümlü yanaşmaq və vətəndaşlar üçün mövcud olan bir sıra qadağaları onlara şamil etməməkdir. Sözsüz ki, bütün bunlar da qanunlar çərçivəsində olmalıdır. Məsələn, bu gün qardaş Türkiyədə böyük şəhərlərdə yerli əhalinin şənbə və bazar günləri küçələrə çıxması qadağan olsa da, turistlər üçün heç bir məhdudiyyət qoyulmayıb. Yaxud Gürcüstanda hansısa əcnəbi sürücü bilməyərəkdən yol hərəkəti qaydasını pozarsa, polis ona cərimə yazmır. Eləcə də turizmi inkişaf etdirməyi qarşısına məqsəd qoyan bütün ölkələrdə vətəndaşlar turistlərin ictimai yerlərdə ucadan danışmasına, yerli əhaliyə xas olmayan hansısa hərəkətlərə yol verməsinə dözümlü yanaşır. Həmçinin, taksi sürücüləri turistləri mənzil başına çatdırarkən, onlardan sayğacda olan məbləğdən 2-3 dəfə artıq pul tələb etmir və s. Çünki bu ölkələrdə hər bir vətəndaş turizm sektorunu inkişaf etdirməyini əhəmiyyətini dərk edir…

Belə olduğu halda, bu gün cəmiyyət olaraq Azərbaycanda qanunsuz ov edən ərəb turistləri az qala linç etməyimiz nə dərəcədə doğrudur? Yenə də o məsələyə qayıdırıq ki, burada yanlış olan ov mövsümü mart ayının 1-dən dayandırıldığı halda, ərəblərin Azərbaycanda ov etməyə dəvət olunmasıdır. O cümlədən, o da araşdırılmalıdır ki, pandemiya dövründə əcnəbilərin ölkəmizə daxil olması üçün tətbiq olunan məhdudiyyətlər səfirlik və konsulluqlar tərəfindən hansı əsasla pozulub? Həmçinin, ölkəmizə gələn xarici ölkə vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahdan icazə almalı olduğu halda, ərəb turistlərin səfəri üçün kimlərdən icazə alınıb, onlara kim icazə verib?

Yeri gəlmişkən, Azsiyasət.com saytı bu məsələ ilə bağlı tamamilə fərqli bir araşdırma ortaya qoyub. Saytın əldə etdiyi informasiyaya görə, ərəb turistlərin Azərbaycana səfərini təşkil edən Prezident Administrasiyasının Protokol şöbəsinin əməkdaşı Orxan adlı şəxsdir. “O, bu məsələdə maşadır. Heç şübhəsiz ki, Orxan bu işi özbaşına həyata keçirməyib və onun buna təkbaşına gücü də çatmazdı. Görünür, Orxanın himayəçilərindən olan hansısa orta səviyyəli məmur bu işin başında durur. Bu adamlar Nazirlər Kabinetinin başının üzərindən atlayaraq ərəb turistlərin səfərlərini necə təşkil ediblər? Ümumiyyətlə “fövqəladə və səlahiyyətli səfir” statusu daşıyan şəxslərin bu məsələdə rolu varmı və onlar dövlətin başqa qurumlarına necə nüfuz edə biliblər? Gəlir, pul əldə etmək üçün dövlətin qanunlarını ayaq altına atıb tapdalamaq, cəmiyyətdə dövlətə qarşı dərin aqressiya hissi aşılamaq, bu tip provokativ addımlarla ölkənin turizm sektoruna balta çalmaq, cəmiyyətdə antiərəb cərəyanı formalaşdırmaq bu şəxslərin nəyinə lazımdır?”, -deyə sayt yazır.

Sonda daha bir məsələyə də diqqət edək. Sosial şəbəkələrdə yayılan videogörüntülərdən aydın olur ki, ərəb turistlər ölkəmizə mart ayının 15-də xüsusi reyslə gəliblər və təyyarədə onlardan başqa heç kəs olmayıb. Oturacaqları ərəblər və onların bəslədikləri ov şahinləri doldurublar. Ərəblərin qarşısında Azərbaycan istehsalı olan mineral sulardan bəlli olur ki, təyyarə Azərbaycana məxsus olan xüsusi çarter reysidir. Bunun özü də təsdiq edir ki, bu, adi turist səfəri deyil, sözügedən ərəblər ölkəmizə hansısa məmurun şəxsi qonağı kimi dəvət olunub. Kimin? Bu haqda daha ətraflı məlumat verməyə çalışacağıq.

RƏŞAD,
Hurriyyet.org