​Ərəb və kürd əşirətləri İstanbulda toplaşaraq PKK/PYD-yə qarşı ordu qurduqlarını bəyan etdilər

Baxış sayı:
4053

Ərəb və kürd əşirətləri İstanbulda toplaşaraq PKK/PYD terrorçularına qarşı “Milli ordu” qurduqlarını bəyan etdilər – Ərdoğan – Putin görüşündən bir gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə 11 dekabrda Ankarada keçirdiyi görüşdə PKK terror təşkilatının Suriya qolu PYD-ni də müzakirəyə çıxarmışdı.
Avropa.info xəbər verir ki, Ərdoğan PYD/YPG-nin kürdləri təmsil etmədiyini, əksinə özlərinə müxalif olanları təzyiq və qorxutmaq yolu ilə köçməyə məcbur etdiyini sənədlərlə açıqlamışdı. PYD/YPG-nin sürgün etdiyi kürd əşirətlər və bağladığı siyasi partiyalarla bağlı Putinə məlumat verilmiş, 15 partiyadan ibarət Suriya Kürd Milli Konqresinin (ENKS) də daxil olduğu siyahı təqdim olunmuşdu. Ərdoğan və Putinin görüşündən sonra İstanbulda sürpriz konfrans keçirilib.
PYD/YPG-nin işğal etdiyi Suriya torpaqlarının etnik tərkibinə daxil olan ərəb, türkmən, kürd, druz əşirətləri ilə qəbilə liderlərinin iştirak etdiyi konfransda YPG-yə qarşı hərbi əməliyyat keçirmək qərarı verilib. Qəbul edilən qərara görə regiondakı əşirətlər Türkiyənin dəstəyini alaraq Suriyanın şimalında açdığı ərazidən YPG və ona bağlı qurumlara qarşı xalq hərəkatını təşkil edəcəklər.
ABŞ-ın YPG-yə verdiyi dəstəyə əks olaraq ərəb və YPG-yə müxalif kürd əşirətlərindən formalaşdırılan hərbi hissələr qurulacaq. Eyni anda ərəb və kürd əhali arasında PKK -nın ABŞ və Əsədlə olan əlaqəsi deşifrə ediləcək.
İlk dəfə bir araya gələn əşirət liderləri “Milli ordu” qurmaq qərarı veriblər. Suriyadakı proseslər qarşısında birlikdə fəaliyyət göstərməyin vacibliyi qeyd olunub. Konfransda baş katiblik də formalaşdırılıb. Verilən qərarların həyata keçirilməsi üçün 25 dekabrda Samandağda ikinci konfransın keçiriləcəyi, hüquqi, siyasi və hərbi heyətlərin fəaliyyəti göstərəcəyi bir idarənin formalaşdırılacağı məlum olub.
Qeyd edək ki, regionda PYD/YPG-nin təzyiqləri uzun müddətdir davam edir. “Amnesty İnternational” təşkilatı PYD-nin Suriyanın şimalında yaşayan mülki əhalini zorla köçə məcbur etdiyini, bəzi kəndləri isə tamamilə dağıtdığını hesabatında göstərib.
“Amnesty İnternational” PYD-nin qanunsuzluqlarının müharibə cinayəti kateqoriyasına girdiyini qeyd etmişdi:
“PYD ərəb xalqına və özü ilə birgə fəaliyyət göstərməyən kürd əşirətlərə qarşı haqsız həbslər keçirdi, partiyalarını bağladı”.
İstanbuldakı konfransda PYD-nin zorakılığına qarşı qüvvələrin birləşdirilməsinin vacibliyi qeyd olunub. Suriyanın vahidliyi, stabilliyi və evlərindən qovulanların qayıtması üçün mübarizə aparılacağı bildirilib.
Əşirət liderləri qəbilə liderlərinin birləşdirilməsi, PYD/PKK ilə mübarizə, Əsəd rejiminin devrilməsi məsələlərini müzakirə ediblər.