“Ərəb ordusu yaratmaq əsassız bir xülyadır” - POLİTOLOQ

Baxış sayı:
3328

Zərdüşt Əlizadə: “Tramp nə qədər desə də, ona heç imkan verməzlər ki, Amerika qoşunları Suriyadan çıxsın”

“Səudiyyə Ərəbistanı “Məşədi İbad”dır. Yəni onun pulu var, bütün dələdüzlar gəlirlər, onun pulundan istifadə edirlər. Tramp ora gəldi 400-500 milyardlıq silah satdı, hələ 250 milyard da boyunlarına qoyub ki, alacaqsan”
 
ABŞ Suriyanın şimal-şərqində işğal altında saxladığı ərazilərdə Birləşmiş Ərəb Əmirliklərinin, Səudiyyə Ərəbistanının, Qətərin maliyyə dəstəyi ilə birləşmiş ərəb qüvvələri yerləşdirmək niyyətindədir. Plana görə, Misir hərbiçilərinin də bu hərbi birləşmədə döyüşməsi tələb olunur. Artıq bu ərəb ölkələrinin muzdlu əsgər şirkəti “Blackwater”ın qurucusu Erik Prince-in qapısını döyməyə başladığı da bildirilir.
Bir neçə gün öncə ABŞ prezidenti Trampın “Suriyadan hərbi qüvvələri çəkəcəyik” açıqlaması da ərəb ordusunun yaradılması planının olduğunu ortaya qoyur ki, bu da xain niyyətdən xəbər verir. Əslində, ABŞ-ın Suriyadan hərbi qüvvələrini çəkmək planı ona xidmət edir ki, ABŞ öz hərbiçlərini Suriyadan çıxarmaqla, amerikalıların savaşda öldürülməsini istəmir. Təbbi ki, ərəblərin pulu ilə ərəblərdən ibarət ordu yaradılacaqsa, nəticədə ölən də, öldürən də ərəblər olacaq. Bu da Amerika rəhbərliyi üçün daha arzuolunan hal sayılır. Çünki Amerikanın regionda böyük maraqları olsa da, ABŞ rəhbərliyi istəməz ki, vətəndaşları Suriyada öldürülsün, ona görə də əhali qarşısında nüfuzdan düşsün. Bu baxımdan, ərəblərin özlərinin pulu ilə biri digərini öldürməsi, onların fikincə, daha yaxşı ideyadır. Amma bu ideya həyata keçəcəkmi, bunu artıq deyə bilmərik.
Təbii ki, müsəlman olaraq kimsə bu ideyanın həyata keçməsini istəməz, onsuz da yer üzündə harada müsəlman var, orada müharibə, iğtişaş var. Demək olar ki, böyük oyunların kiçik qurbanı ancaq müsəlmanlardır.
 
“Düşünmürəm ki, bu ideya həyata keçsin”
 
ABŞ-ın ərəb ordusu yaratmaq niyyəti ilə bağlı politoloq Zərdüşt Əlizadə “Hürriyyət”ə dedi ki, bu məsələ tamamilə məntiqsiz və əsassız bir xülyadır: “Çünki ərəb ordularının döyüş qabiliyyəti çox aşağıdır. Müsəlman dövlətlərinin koalisiyası iki ilə yaxındır Yəməndə husilərə qarşı döyüşür. Hanı nəticəsi? Hərçənd ki, Misir də, Pakistan da, Bəhreyn də, xeyli sayda müsəlman dövləti orada Səudiyyə Ərəbistanının başına yığışıb. Aviasiyaları, tankları, raketləri var, amma ortada heç bir müsbət nəticə yoxdur.
4-5 ildir ki, Suriyada amansızcasına vətəndaş müharibəsi gedir. Bu vətəndaş müharibəsinə döyüş qabiliyyəti olan İranın İslam Keşikçiləri də qoşulub. Əfqanıstandan və Pakistandan, İraqdan şiə döyüşçüləri gəlib, hamısının zəngin döyüş təcrübəsi var. İsraili məğlub etmək üçün orada “Hizbullah” qoşunları döyüşür. Artıq döyüş təcrübəsinə malik Suriya ordusu döyüşür. Böyük hərbi üstünlüyü olan Rusiyanın hava aviasiyası döyüşür. Baxmayaraq ki, orada həm Fransanın, həm Amerikanın, həm də Böyük Britaniyanın xüsusi təyinatlıları döyüşür, amma onların başlarına min oyun gətirirlər, vururlar, öldürürlər, üzdə də olmasa, əsir götürürlər sonra müxtəlif təlimat, təqdimatlar müqabilində dəyişirlər. Belə bir yerə papasının, mamasının gül balaları - ərəb qoşunları gəlib nə edəcəklər, onların başına müsibət gətirəcəklər, onları bir dəqiqəyə darmadağın edəcəklər. Onlar birinci belə bir yerə girməzlər. İkincisi, girsələr də, o qədər qoşunların təmin edilməsi, idarə ediməsi çətindir. Hərçənd eyni dildə danışırlar, amma hərəsinn ağzından bir avaz gəlir. Düşünmürəm ki, bu ideya həyata keçsin. Təəssüf ki, bunu Trampa deyirlər, Tram da bölgəni dərindən bilmir, səthi bilir, onun müşavirlərinin də başı boşdur, deyirlər, o da deyir, gəlin bunu edək”.
 
“Tramp desə də, imkan verməzlər ki, Amerika qoşunları Suriyadan çıxsın”
 
“Tramp bir az öncə açıqlamışdı ki, Amerika hərbi qüvvələrini Suriyadan çəkəcək. Ərəb ölkələrinin maliyyə dəstəyi ilə ərəblərdən ibarət ordu yaratmaq cəhdini ərəbləri özlərinin əli ilə məhv etmək siyasəti hesab etmək olarmı” sualına Z. Əlizadə belə cavab verdi: “Bəlkə də bunu istərdi, amma alınmayacaq. Əvvəla, Amarika prezidentləri həmişə deyiblər ki, Amerika qoşunları girdikləri ölkədən çəkiləcək. Onlar Vyetanamdakı kimi tam darmadağın olmayınca, həmin ölkədə qalmağa çalışırlar. Hələ Barak Obama demişdi ki, biz Əfqanıstandan çəkiləcəyik, indi də Əfqanıstanda xeyli amerikan qoşunu var. Barak Obama elan etmişdi ki, biz İraqdan çıxacağıq, hələ İrqada da xeyli amerikan qoşunu var. Amerikan qoşunları Səudiyyə Ərəbistanında, Qətərdə, Bəhreyndə oturub, Suriyada da var, hətta Somali də müəyyən amerikan kontingenti var, Liviyada da var. Onlar Suriyaya elə soxulublar ki, çıxmaq istəsələr də, çıxa bilməyəcəklər. Fikir verin, Tramp deyəndə ki, Suriyadan çıxacağıq, bütün amerikan hərbi sənaye kompleksinin dəllaları, hansılar ki, Konqresdə, Senatda oturublar, hamısı şahə qalxdılar, bağırmağa başladılar ki, bu, Amerikanın dövlət maraqlarına xəyanətdir. Ona görə də mən əminəm ki, Tramp nə qədər desə də, ona heç imkan verməzlər ki, Amerika qoşunları Suriyadan çıxsın. Trampın istəyi var, amma onu həyata keçirmək imkanı yoxdur. Əgər cəhd də eləsə, uğursuzluğa məhkumdur”.
 
“Səudiyyə Ərəbistanı da, Qətər də, Misir də hamısı “nökər” dövlətlərdir”
 
Bəzi ərəb ölklərinin ABŞ-ın ərəb ordusu yaratmaq cəhdinə dəstəyinə gəlincə, Z. Əlizadə belə dedi: “Təsəvvür edin ki, ağa nökərini çağırır, deyir ki, belə bir şey etmək lazımdır, nökər də deyir, buyruq sizinkidir, adil hökmdar, ədalət də, fəzilət də sizdədir. Ağa deyəndən sonra nökərin ağzı nədir, etməsin. Səudiyyə Ərəbistanı da, Qətər də, Misir də hamısı “nökər” dövlətlərdir. Adı müstəqildir, əslində, “nökər” dövlətlərdir”.
 
“Səudiyyə Ərəbistanı Məşədi İbaddır”
 
Səudiyyə Ərəbistanın ABŞ-a xüsusi dəstəyi ilə bağlı isə politoloq vurğuladı ki, Səudiyyə Ərəbistanı “Məşədi İbad”dır: “Yəni onun pulu var, bütün dələdüzlar gəlirlər, onun pulundan istifadə edirlər. Tramp ora gəldi 400-500 milyardlıq silah satdı, hələ 250 milyard da boyunlarına qoyub ki, alacaqsan. Sonra yenə kimsə gəlir, Məşədi İbaddan pul alır. Elə bu Məşədi İbadı hamı gəlir, soyur. Səudiyyə Ərəbistanının marağı odur ki, “ağasına” xoş gəlsin. Ona görə Amerika nə deyir, Səudiyyə Ərəbistanı “baş üstə” deyir”./Hurriyyet.org