Razi Nurullayevin dairəsindən deputat seçdirilən Fərzəliyev kimdir? - DOSYE

Baxış sayı:
4156

Növbədənkənar seçkilə bağlı keçirilən kampaniyanın ən qalmaqallı və nəticələri maraqla izlənilən dairələrindən biri də 79 saylı İmişli Seçki Dairəsi idi. Çoxları bu dairədən Razi Nurullayevin mandat alacağını gözləsə də, MSK-nın açıqladığı nəticələr tam fərqli oldu.
 
Qeyd edək ki, seçkinin təbliğat-təşviqat mərhələsində bu dairədən olan namizədlər arasında ciddi qarşıdurma yaranmışdı. Əksər namizədlər mediada və sosial şəbəkədə mandat alacağı barədə informasiya yayılan Razi Nurullayevə qarşı idi. Onun seçicilərlə görüşündən yayılan videolarda da, yerli sakinlərin R.Nurullayevə qarşı təpkili olduğu aydın görünürdü. Hətta seçkidən bir gün əvvəl rayondakı gərginliyi nəzərə alaraq, Daxili İşlər Nazirliyi Çevik Polis Alayının hissələri bölgəyə göndərilmişdi.
 
Görünür, əhalinin təpkisi və yaranan gərginlik öz nəticəsini verib. Belə ki, hətta “exit-poll”-un nəticələrinə görə, Razi Nurullayev qalib elan olunsa da, MSK bu dairədən Murad Fərzəliyevin 23.7 faizlə irəlidə olduğunu bəyan etdi. Artıq 43 məntəqədən 35-nin nəticələri məlumdur və M.Fərzəliyevin qalib elan olunacağı az şübhə doğurur.
 
Bəs R.Nurullayevin mandatını son anda əlindən alan M.Fərzəliyev kimdir? Bu şəxsin adı YAP-ın namizədlər siyahısında yoxdur. YAP-ın bu dairədən olan namizədi Nazim Əzimov Kürdəmir Regional Mədəniyyət İdarəsində baş məsləhətçidir. M.Fərzəliyev isə Milli Olimpiya Komitəsinin aparıcı məsləhətçisi, "Olimpiya dünyası” qəzetinin baş redaktorudur. O, 1963-cü ildə İmişli rayonunda anadan olub.
 
M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib. İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. 2001-ci ildən Milli Olimpiya Komitəsində (MOK) aparıcı məsləhətçi vəzifəsində işləyir.
 
Göründüyü kimi, bu şəxsi seçkidən əvvəl sözügedən dairənin əsas favoriti saymaq olmazdı. Ancaq hadisələrin gedişi vəziyyəti necə dəyişdisə, mandat R.Nurullayevə deyil, ona nəsib oldu./Azpolitika