Rayonlar öz xərclərini niyə özləri qarşılaya bilmir?

Baxış sayı:
229

Ekspert: “Bu gün real olaraq yalnız 5 rayonun özünü təmin etmək potensialı var”

Gələn il öz xərclərini qarşılamaq üçün dövlət büdcəsindən vəsait alan rayonların sayında artım olacaq. Bu, 2020-ci il üzrə açıqlanan büdcə parametrlərindən aydın olur.

Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, gələn il Azərbaycanın 39 şəhər və rayonu xərclərini gəlirləri hesabına ödəyəcək. Büdcə sənədlərinə əsasən, bunlar Gəncə, Lənkəran, Mingəçevir, Naftalan, Sumqayıt, Şəki, Şirvan, Yevlax şəhərlərindən, Abşeron, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İmişli, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şamaxı, Ağsu, Cəlilabad, Daşkəsən, Göygöl, Şəmkir və Tovuz rayonlarıdır.

Gələn il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlərin 797 milyon manat olacağı gözlənilir ki, bu da bu ilin proqnozu ilə müqayisədə 58,8 milyon manat və yaxud 8 faiz çoxdur. Yerli xərclər isə 850 milyon 104 min manat təşkil edəcək.

Qeyd edək ki, bu il 34 şəhər və rayonun dövlət büdcəsindən dotasiya tələb etməyərək öz büdcəsini müstəqil formalaşdırması nəzərdə tutulub. Əl ərzində dövlət büdcəsinin yerli xərcləri 840,8 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da 2018-ci il ilə müqayisədə 116,9 milyon manat və ya 16,1 faiz çoxdur. Göründüyü kimi, gələn il üçün mərkəzi büdcədən vəsait alacaq rayonların say artsa da, yerli xərclərdə 9,3 milyon manat artım olacaq.

Azərbaycanda regionların öz büdcələrini formalaşdıraraq, xərclərini özləri qarşılaması prosesi gözləntilərə uyğundurmu? Daha çox rayonun öz xərclərini qarşılamasına nail olmaq üçün hansı addımlar atılmalıdır?

Rəşad Həsənov ile ilgili görsel sonucu

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, rayonlara mərkəzi büdcədən dotasiyanın dayandırılması prosesi 2014-2015-ci illərdəki böhran zamanı başlayıb: “Bu gün rayonların büdcədən vəsait almaması kimi təqdim olunan proses heç də, yumşaq desək, başadüşülən formada aparılmır. Belə ki, proses başlanan zaman - 2016-cı ildə büdcənin strukturuna dəyişiklik edərək məktəbəqədər təhsil xərclərini yerli xərclərdən ayırıb, mərkəzi xərclərə aid etdilər. Nəticədə rayonların yerli xərclərində ciddi azalma baş verdi. 2017-ci ildə rayonlarda fəaliyyət göstərən yol təsərrüfatı idarələri yerli tabeçilikdən çıxarılıb Avtomobil Yolları Dövlət Agentliyinin balansına verildi, yol təsərrüfatı xərcləri də rayonların yerli xərclərinin strukturundan ayrıldı. Bu da yerli xərclərin bir qədər də azalmasına gətirib çıxartdı. Nəticədə rayonların gəlirlərini artırmaqla öz xərclərini qarşılaması deyil, xərclərin onların büdcəsindən çıxarılması hesabına mərkəzi büdcədən vəsait almaması prosesi baş verdi. Bu isə regionlarda real iqtisadi inkişafın nəticəsi hesab oluna bilməz”.

Ekspert hesab edir ki, rayonların real olaraq öz xərclərini qarşılaması üçün regionlarda sosial-iqtisadi inkişaf getməlidir: “Uzun illərdir regional inkişaf proqramları icra olunur. Bu proqramlar çərçivəsində bölgələrdə infrastrukturun yaradılmasına milyardlarla manat vəsait sərf olunub. Lakin bu gün regionların ölkə büdcəsinin gəlirlərində payı çox cüzi bir rəqəmlə ifadə olunmaqdadır. Bu isə o deməkdir ki, infrastruktura qoyulan və xarakterinə görə tez amortaziyaya uğrayaraq dəyərsizləşən böyük investisiyaların yaratdığı fürsətlərdən effektiv istifadə olunmayıb. Böhran dövründə ortaya belə bir yanaşma qoyuldu ki, bundan sonra rayon icra hakimiyyətlərinin fəaliyyətləri onların rayon iqtisadiyyatına cəlb edəcəkləri investisiyaların həcminə, əldə olunan iqtisadi göstəricilər əsasında qiymətləndiriləcək. Lakin bu yanaşma elə söz olaraq qaldı, heç bir rayon icra hakimiyyəti investisiya cəlbi, iqtisadi münasibətlərin liberallaşdırılması istiqamətində ciddi addım atmadı. Buna görə də bu gün mərkəzi büdcədən vəsait almayan rayonların sayındakı artımı real iqtisadi əsası olan proses hesab etmək çətindir”.

R.Həsənovun fikrincə, hazırda yalnız 5 rayonun real olaraq öz xərclərini qarşılamağa yetəcək qədər iqtisadi potensialı var: “Bakı şəhəri də daxil olmaqla, bu 5 rayon iqtisadi inkişafına, vergi və rüsumların toplanması səviyyəsinə görə özünü təmin etmək iqtidarındadır. Qalan rayonlara müxtəlif adlar altında mərkəzi büdcədən yetəri qədər vəsait ayrılır. Bunlar həm dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, həm ehtiyat fondlarından, həm də digər maddələrdən həyata keçirilir. Bu baxımdan 39 rayonun mərkəzi büdcədən asılılığının aradan qaldırılması heç də real vəziyyəti əks etdirmir”...//musavat