“Ramzan Kadırovun atasının qatilləri Moskvada oturur”

Cövhər Dudayevin naziri: “Bu zavallı xalq aldadılıb və zorakılığa məruz qalıb”

“Ramzan Kadırov müstəqil adam deyil. Ona nəyi əmr edirlərsə, onu da deyir və edir. Moskva bu adamdan istifadə edir”.

Bunu virtualaz.org saytının xüsusi müxbiri ilə söhbətində çeçen mühacirətinin tanınmış nümayəndələrindən olan Əhməd Zakayev deyib.

Cövhər Dudayevin prezidentliyi dövründə Çeçenistanın xarici işlər naziri olmuş Ə.Zakayev hazırda Londonda yaşayır. Mühacirətdəki çeçenlərin bir hissəsi Ə.Zakayevi 2007-ci ildə “İçkeriya Çeçen Respublikası”nın baş naziri elan ediblər.

Çeçenlər arasında hələ də böyük nüfuzu olan Ə.Zakayev hesab edir ki, “Rusiyanın işğal etdiyi Çeçenistanın ərazisində baş verən bütün hadisələrə görə Moskva məsuliyyət daşıyır”.

Ə.Zakayev deyir ki, çeçenləri işğal edərək qırıblar: “Bu zavallı xalq aldadılıb və zorakılığa məruz qalıb. Biz hansı cəbhədə döyüşməsindən asılı olmayaraq həlak olan bütün çeçenlərin qarşısında baş əyirik. Onların hamısı bizimkidir. Biz hər bir çeçenin həyatı uğrunda mübarizə aparırırq. Bu bədbəxt adamları xilas etmək üçün əlimizdən gələni edirik. Əhalinin heç 1 faizinin də dəstəkləmədiyi Ramzan Kadırovun yan-yörəsindəki bir ovuc adamdan başqa qalan bütün çeçenlər ehtiyac və kasıblıq içində yaşayır. Çeçenistanda təhlükəsizlik və sabitlik yalnız müstəqil çeçen dövlətinin qurulacağı təqdirdə mümkündür”.

Ə.Zakayev Çeçenistanın indiki rəhbəri Ramzan Kadırovu sərt tənqid edib. Deyib ki, o, atası Əhməd Kadırovdan fərqli olaraq heç də uzaqgörən adam deyil: “Mən Ramzanın atası Əhməd Kadırovu şəxsən tanıyırdım. Əhməd Kadırov Cövhər Dudayevin prezidentliyi dövründə Çeçenistanın müftisi idi. Bu adam başa düşürdü ki, Çeçenistanın nefti və digər təbii sərvətləri yalnız çeçenlərə məxsus olmalıdır. Çeçenlərin öz sözlərini demək hüquqları olmalıdır. Buna görə də onu aradan götürdülər. Ramzan Kadırov özü də çox yaxşı bilir ki, onun atasının qatilləri bu gün də Moskvada oturur. Görünür, güclü qorxu hissi Ramzanı öz sahiblərinin qoltuğuna sığınmağa məcbur edir”.