​Ramiz Əzizbəyli: “Yataq şəraitindəyəm, çox zəifəm”

Baxış sayı:
9658

“Müalicəm evdə davam edir. Yataq şəraitindəyəm. Özümü çox zəif hiss edirəm.”
Bu fikirləri Open.az-a açıqlamasında xalq artisti, “Şöhrət” ordenli Ramiz Əzizbəyli deyib.
Ötən ilin dekabr ayında əməliyyat olunan Ramiz Əzizbəylinin ayağı barmaq hissədən amputasiya olunub.
Xalq artistinin ayağında olan yaralar hələ sağalmayıb. Bu səbəbdən yataq şəraitində olan aktyora ailə üzvləri qulluq edir. Qızı Cəlalə Əzizbəylinin sözlərinə görə, atasının gec sağalma səbəbi yüksək şəkər xəstəliyindən əziyyət çəkməsidir.
“Hələ ayağa qalxa bilmir. Ayağında olan yaralar sağalmayıb. Atam üç dəfə insult keçirib. Yüksək qan təzyiqi və şəkərdən əziyyət çəkir. Yenə də vəziyyətini qənaətbəxş hesab etmək olar.”
Xatırladaq ki, Ramiz Əzizbəyli 1948-ci il iyulun 20-də Bakıda anadan olub.
1987-ci ildə "Debüt" studiyasında çəkdiyi "Pirverdinin xoruzu" qısametrajlı bədii filmi ilə o, rejissorluq fəaliyyətinə başlayıb.
1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib.
Rejissoru olduğu "Yalan" bədii filmi isə Qarabağ probleminə, onun törətdiyi faciələrə həsr edilib.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 1 avqust 2018-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub.