Ramiz Mehdiyev hardadır?

Bir neçə aydır ondan nə səs var, nə soraq. Son zamanlar o, dövlət əhəmiyyətli tədbirlərin heç birində rəsmi şəxslər arasında görünməyib, obyektivlərə tuş gəlməyib. Elə bu günlər Novruz şənliyində o yox idi.

Və ya  götürək, eks-prezident Heydər Əliyevin vəfatının ildönümünü. Hər il onun vəfatının ildönümündə Ramiz Mehdiyev prezident İlham Əliyevlə bərabər Heydər Əliyevin məzarını ziyarət edən rəsmilər arasında olurdu. Təkcə 2014-cü ilin dekabrında Heydər Əliyevin məzarı başındakı dövlət rəsmiləri arasında Ramiz Mehdiyev gözə dəymədi.

Və ya, hər il 20 yanvar hadisələrinin il dönümündə Fəxri Xiyabana baş çəkən dövlət rəsmiləri arasında Ramiz Mehdiyev də olurdu. Lakin 2015-ci ildə onu rəsmi şəxslər arasında görən olmadı.

Elə bugünlərdə keçirilən Novruz şənliyində də gözlər Ramiz Mehdiyevi axtardı, ancaq yox idi.

Sual oluna bilər ki,  bəlkə administrasiya rəhbəri yorulub, məzuniyyətdədir?

Əvvəllər Admnsitrasiya rəhbəri məzuniyyətə çıxanda bu barədə ictimaiyyətə məlumat verilirdi. Bu məlumat yoxdursa, deməli məsələ məzuniyyətdə deyil.

“Ramiz Mehdiyev hardadır?”sualının cavabını bir neçə aydır həm medianın, həm də ictimaiyyətin marağındadır.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli HəsənovAzadlıqRadiosuna ölkə xaricində olduğunu, sulları cavablandıra bilməyəcəyini dedi.

Administrasiya rəhbərinin müavini Novruz Məmmədov tədbirdə olduğunu, sonra təkrar əlaqə yaratmağı xahiş etdi və bir daha telefonlara cavab vermədi.

Ölkənin ikinci rəsmi şəxsi barədə mənbəsiz informasiyalar da dolaşır.

Onun Almaniyadakı xəstəxanaların birində müalicə aldığı, durumunun elə də yaxşı olmadığı deyilir.

AzadlıqRadiosunun bu məlumatın doğruluğunu yoxlamaq imkanı hələki yoxdur.

Azərbaycanda qeyri iş günləri olduğundan digər rəsmilərlə əlaqə saxlamaq mümkün olmadı.

Şərq-Qərb araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclu Ramiz Mehdiyevin səhhəti ilə bağlı ortalıqda olmaması fikrinin üstündə dayanır. Ekspert əsas diqqəti onun postunun bir neçə aydır boş olmasına çəkir. Ərəstun Oruclu bildirir ki, postun buraxılması hələki hökümətə sərf etmir:

“Səhhətindəki problemlərə görə onu təqaüdə də göndərmək olar, onun yaşı 75-dən çoxdur. Önəmli olan onun hansı səbəblərdən ortada olamaması deyil, önəmli olan onun hələ də formal olaraq postda qalmasıdır. Hakimyət daxilində də bu posta can atan kifayət qədər şəxs və qurumlar var. Onun təqaüdə göndərilməsi həssas durumu poza bilər.”

Prezident Administrasiyasının ictimai-siyasi söbəsinin müdiri Əli Həsənov fevralın ortalarında yeni vəzifəyə təyin edilir. İndi o Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisidir. Bu təyinat Ramiz Mehdiyevin müalicə üçün ölkədə, postda olaması barədə fikirlərin dolaşdığı zamana təsadüf edir.

Ərəstun Oruclu bu təyinaın sətiraltı mesajı olduğunu deyir: “Ola bilsin ki, Əli Həsənova da yeni vəzifə verilməsi hakimiyyət daxili sakitləşdirəmə yaratmaq üçündür ki, baxın, artıq həmin posta namizəd var. Post uğrunda mübarizəyə ehtiyac yoxdur. Ramiz Mehdiyevin postda olmaması, onun yerinə təyinatın olmaması, Əli Həsənovun köməkçi təyin olunaraq sətiraltı mesaj verilməsi ona görədir ki, hakimiyət daxilində sabitlik, tərəflər arası balans qorunub saxlanılsın. Kəskin addım hakimiyyətdaxili sabitliyi poza bilər.”

Ərəstun Oruclu yaxın bir neçə ayda ölkənin ikinci şəxsi postunda dəyişiklik olmayacağını ehtiimal edir.

Ramiz Mehdiyev 1995-ci ildən Administrasiyanın rəhbəridir.

Azadliq.org