“RAMİZ MEHDİYEV HAQDA YAZILANLAR SİFARİŞLİDİR...” - Ziya Məmmədov Mehdiyevin müdafiəsinə qalxdı

Baxış sayı:
1682

Son zamanlar Prezident Administrasiyasının keçmiş rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin fəaliyyəti ilə bağlı tənqidi fikirlərə, hətta onun ünvanına səsləndirilən ciddi ittihamlara tez-tez rast gəlinir. Nəinki müxalif mövqeli, hətta hakimiyyətə yaxın olan şəxslər, deputatlar R.Mehdiyevi ölkədəki “5-ci kolon”un əsas siması, idarəçisi kimi göstərirlər və onun Azərbaycandan daha çox Rusiyaya xidmət etdiyinə işarə vururlar.

Lakin sabiq administrasiya rəhbərinin müdafiəsinə qalxanlar da var. Muxalifet.az xəbər verir ki, sabiq Nəqliyyat naziri Ziya Məmmədov “Unikal.org”-a açıqlamasında R.Mehdiyevin müdafiəsinə qalxıb. “Köhnə qvardiya”nın əsas simalarından biri kimi tanınan sabiq nazir iddia edib ki, R.Mehdiyev haqqında yazılanlar və səsləndirilən fikirlər sifarişlidir: "Bəzi şəxslər Ramiz müəllim haqqında etikadan kənar yazılar yazdırırlar. Ölkə başçısı Ramiz Mehdiyevi uzun müddət dövlətçilik fəaliyyətində göstərdiyi xidmətə görə, "Heydər Əliyev” ordeni ilə təltif etdi. Bu, məncə artıq bütün sualların cavabıdır. İşlədiyim bütün dövrlərdə demişəm, indi də deyirəm ki, mən heç bir cəfəngiyyata inanan adam deyiləm. Onu yazdıranların və yazanların da hamısı qaraniyyətli adamlardır".