​Ramazanda qiymətlərin bahalaşması nə ilə bağlıdır? – Ekspert səbəblərdən danışdı

Baxış sayı:
5941

"Mövsümlə bağlı Ramazanda aqrar məhsulların ucuzlaşması labüddür, buna baxmayaraq əvvəlki bayramlarda mövcud olan baha qiymət tendensiyası yenidən təkrarlanacaq”
Sfera.az-a açıqlamasında bu sözləri Ramazan bayramının gəlişilə bağlı ölkədə ərzaq və kənd təsərrüfatı məhsullarının qiymətində hansı dəyişikliyin ola biləcəyinə aydınlıq gətirərkən Liberal İqtisadçılar İctimai Birliyinin sədri Akif Nəsirli deyib:
"Ramazan ayı elə bir mövsümə düşüb ki, bu dövr ərzində kənd təsərrüfatı məhsullarının qiymətində ucuzlaşma baş verəcək. Çünki qarşıdan kənd təsərrüfatı məhsullarının yetişmə mövsümü gəldiyindən ucuzlaşma labüddür. Amma sırf Ramazan bayramında istifadə edilən məhsullara gəldikdə, məsələn, xurmanın qiyməti bahalaşır. Bu da İrandan xurma ixracına qoyulan qadağa ilə bağlıdır. Yəqin ki, anbarlardakı ehtiyyatın sərf edilməsilə cari ayın sonuna doğru xurma bir qədər də bahalaşacaq”.
Ekspert düşünür ki, bütün hallarda Azərbaycandakı ticarət mərkəzlərində əvvəlki bayramlarda müşahidə edilən tendensiya yenə təkrarlanacaq: "Bayramda ən çox istifadə olunan məhsul və ərzağın qiymətinin bahalaşacağı yenə də gözlənilir. Buna da rəvac verən inhisarçılıq, rəqabət mühitinin olmaması kimi amillərdir. Heç kimi alıcı itkisi qayğılandırmır”.
Qeyd edək ki, Azərbaycanda zərərli tendensiya müşahidə olunur ki, hər dəfə bayramlar ərəfəsində ərzaq və yeyinti məhsullarının qiyməti bahalaşır. Düzdür, son zamanlar bir sıra marketlər ara-sıra bayram günləri bəzi mal-məhsulun qiymətində endirimlərə gedirlər. Ancaq hələ də köhnə situasiya hökmranlıq etməkdə davam edir. Bayram ərəfəsi satıcılar üçün qiymətləri bahalaşdırmaq baxımından fürsətə çevrilib.