Rafiq Əliyev Lütfi Zadə haqda...

Baxış sayı: 129

Lütfi Zadə ilə vəsiyyəti barədə qətiyyən söhbət etməmişəm.
 
Mir Şahin də mənə müraciət elədi ki, heç olmazsa, bir dəqiqə onunla söhbət edim, Zadədən xahiş elədim, onları calaşdırdım, danışdılar. O da yazmışdı ki, bu adam sağ-salamatdır, soruşasan ki, səni harada basdıracaqlar?
Bu sözləri Teleqraf.com-a açıqlamasında Amerikada yaşayan azərbaycanlı alim Lütfi Zadənin yaxın dostu, tələbəsi və elmi varisi, professor Rafiq Əliyev son günlər Lütfi Zadənin Azərbaycanda dəfn olunmaqla bağlı vəsiyyəti ətrafında müzakirələrə münasibət bildirərkən deyib.
Hazırda xaricdə olan Rafiq Əliyev hər gün Lütfi Zadə ilə telefon əlaqəsi saxladığını bildirib:
“İran və Amerika mediası səhvən onun ölüm xəbərini yaymışdı, narahatlığa əsas yoxdur, hər bir şey qaydasındadır, səhhəti yaxşıdır. 50-dən çox mediadan mənə zəng gəlir, deyirəm, elə bilin ki, bir kənddə kiməsə iynə vurublar, allergiya verib, bütün kənd yığışır ki, gəlin, görək onu harada basdıraq. Bu insan sağ-salamatdır, yeyir-içir, oturur-danışır, ondan soruşmaq olarmı, nə vəsiyyət edirsən? Vallah sarı mətbuat biabırçıdır”.
Lütfi Zadənin avqustun 22-23-də Budapeştdə baş tutacaq konfransa qatılıb-qatılmayacağına gəlincə, Rafiq Əliyev qeyd edib ki, 4 ildir həkimlər ona təyyarəyə minməyə icazə vermir:
“Həmin konfransda Zadə fəxri sədr, mənsə sədrəm, məndən xahiş elədi ki, tədbirdə iştirak edəcək dünya alimlərini onun adından təbrik edim”.
Professor sonda Lütfi Zadənin oğlu Norman Zadə ilə münasibətinin olmadığını söyləyib.
Xatırladaq ki, bir həftədir Lütfi Zadənin səhhətinin pisləşməsi, hətta ölüm xəbərləri yayılır, onun Azərbaycanda dəfn edilmək arzusunu dilə gətirməsi haqda xəbərlər tirajlanır.