“Quska”nın məhkəməsi yenə təxirə düşdü

Baxış sayı:
256

Bu gün Bakı Hərbi Məhkəməsində “Quska” ləqəbli iş adamı Hüseyn Abdullayevin məhkəməsi keçirilib.

Muxalifet.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesin son bir neçə iclası təxirə salınıb. 

İyulun 23-də keçirilən iclasda  istintaqın başa çatdığı elan olunub. Həmin məhkəmə iclası günü dövlət ittihamçısı çıxış etmək üçün vaxt istəyib.

Növbəti iclasda ittihamçının “Quska”ya, onun anasına və digər təqsirləndirilənlərə cəza istəyəcəyi gözlənilirdi. Lakin bu günə kimi proses baş tutmadığı üçün cəzanın istənilməsi növbəti iclaslara saxlanılırdı. Bugünkü iclasa da Quska və digər təqsirləndirilən şəxslər Penitensiar Xidmət tərəfindən gətirilmədiyi üçün hakim iclasın təxirə salındığını elan edib. 

Məhkəmə sentyabrın 19-da davam etdiriləcək.

"Quska"nın anası Zeynəb Abdullayeva oğlunun ard-arda bir neçə proses gətirilməməsinə emosional formada etiraz edib: "Bəsdirin daha. Mən bu gün balamı görəcəkdim. Niyə gətirmirsiz onu? Hüseynimi buraxmırsızsa, məni də tutun. Açın buranı (dəmir arakəsməni - red), məni də içəri salın. Məni də həbs edin. Hüseynin heç bir günahı yoxdur". 

Prosesdə Almaniya səfirinin birinci katibi və İsveçrədən gələn hüquqşünas da iştirak edib.