​Qurbanov “Çelsi”ni təhlil edib, oyun belə bitəcək - PROQNOZ

Bu gün “Qarabağ” komandası Çempionlar Liqasında “Çelsi” ilə qarşılaşacaq. “Atletiko Madrid”lə oyundan sonra qələbəyə inamını artıran “Qarabağ”dan azarkeşlər bu gün uğurlu nəticə gözləyir. Hətta bəzi futbol azarkeşləri “Qarabağ”ın bu oyunda qələbə qazanacağını düşünürlər.
Bugünkü oyun haqda Axar.az-a danışan idman şərhçisi Sənan Şəfizadə “Qarabağ”ın qalib gələcəyinə inandığını deyib:
“Qarabağ”a hər zaman olduğu kimi, yenə də inamımız böyükdür. Unutmayaq ki, rəqib Avropanın ən güclü klublarından olan “Çelsi”dir. Təkcə çempionatlarımızı və ölkə futbolumuzun səviyyəsini müqayisə etmək kifayətdir. “Qarabağ” komandası “Zirə”, “Keşlə”, “Sumqayıt” komandalarına qarşı mübarizə aparır. “Çelsi” isə “Mançester Yunayted”, “Arsenal”, “Liverpul” kimi komandalara qarşı oynayır. Biz bu gün bir xal arzulayırıq, “Çelsi” isə Çempionlar Liqasında qalib olmaq üçün yarışır. Azarkeşlərdən xahiş edirəm, sona qədər komandamızın yanında olsunlar və alqışlarla onlara təşəkkürümüzü bildirək”.
Tanınmış idman jurnalisti Emil Abbasov isə bildirib ki, artıq komandamız Çempionlar Liqasında təcrübə qazanıb və xal almaq şansı var:
“İlk növbədə onu demək lazımdır ki, futbolda təcrübə çox böyük amildir. “Qarabağ”ımız Çempionlar Liqasında çox gənc və yeni komandadır. Futbol üzrə belə yarışlarda böyük təcrübəmiz yoxdur. “Çelsi” ilə ilk oyunda məğlubiyyətin ən böyük səbəbi də təcrübəsizlik idi. İlk dəfə Çempionlar Liqasının qrupunda belə böyük rəqiblə oyuna çıxmağın özü böyük çətinlik idi. “Roma” ilə oyun nisbətən yaxşı, “Atletiko Madrid” ilə maçtlar isə ondan da yaxşı idi. Bu göstərir ki, “Qarabağ” artıq Çempionlar Liqasının nəbzini tutur”.
O bu gün baş tutan oyunda hesabın ən az heç-heçə olacağına ümid etdiyini bildirib:
“Təbii ki, “Qarabağ”ın “Çelsi”dən xal almasını gözləyirik. Avropanın güclü və ən inadkar komandası, məğlubiyyəti sevməyən, rəqiblərinə başağrısı verən “Atletiko Madrid” kimi komanda ilə iki dəfə heç-heçə oynamaq göstərdi ki, bu uğur təsadüf deyil. Demək, Qurban Qurbanov “Atletiko Madrid” ilə necə oynamaq lazım olduğunu bilib. Bizi təşvişə salan isə turnir cədvəlindəki vəziyyətdir. “Atletiko Madrid”ə də, “Çelsi”yə də xal lazımdır. Çünki “Roma” gözlənilmədən liderliyi ələ keçirib. Buna görə “Çelsi” var gücü ilə oynamalıdır. “Atletiko Madrid” isə Bakıdan xoş xəbər gözləyir. Amma burada “Qarabağ” komandası izləyici və kiməsə dəstək verən qüvvə deyil. O, hətta 3-cü pilləni tutub, Avropa Liqasına yollana da bilər. Yəni biz seyirçi yox, birbaşa iştirakçıyıq. Buna görə biz də var gücümüzlə döyüşəcəyik. Futbolda “doğma divarlar” adətən kömək edir. Hesabın ən azından heç-heçə olacağına ümid edirəm. Mənə elə gəlir ki, Qurban Qurbanov “Çelsi”ni yaxşı təhlil edib”.