Qurban Qurbanov, Rey və lider problemi...

Baxış sayı:
4909

Millətlər Liqası bizim üçün yaxşı təcrübə, daha dəqiqi, dərs ola bilər...

“Qalib gəlmək istəyirdik. Əfsuslar ki, bunu bacarmadıq. Bir xal qazandıq. Daha doğrusu, 2 xal itirdik”. Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun Malta ilə səfər oyunundan sonra keçirdiyi mətbuat konfransında dediyi bu fikrə yalnız bir “da” bağlayıcısı artırmaq istəyirəm. “Bunu da bacarmadıq...” 

Malta ilə oyunun asan olmayacağı məlum idi. Millətlər Liqasındakı ilk oyununda bu komanda öz meydanında Farer adalarına 1:3 məğlub olmuşdu və görünür, onların da mediası bu cür qarşılaşmalardan sonra baş məşqçini tənqid edirlər. Ola bilsin, həm oyunçulara, həm baş məşqçiyə yaxşı məvacib verirlər, o səbəbdən vergi ödəyiciləri belə məğlubiyyətdən narazılıq edirlər. Ona görə ağdamlı jurnalist dostumuzun adaşı olan Rey Farruciya 1:1-lik bərabərdən sonra Qurban Qurbanovdan fərqli əhvalda idi.

Картинки по запросу malta azərbaycan

Malta Millətlər Liqasında heç bir iddiası olmayan komandadır, amma onlar da futbol oynayırlar və sifətlərini qorumağa çalışdılar. 

Azərbaycanla qarşılaşmada onları motivasiya edən başqa səbəblər də vardı. Bu komanda vaxtilə bizə 5:0 qalib də gəlib axı...İndi Azərbaycana uduzmaq yəqin arlarına gəldi və nə olursa-olsun bərabərlik hesabını qorumağa çalışdılar. Azərbaycan millisi isə bu cırtdan dövlətin komandasına qalib gəlmək iddiasında idi və bunu(da) bacara bilmədi.

Картинки по запросу malta azərbaycan

Malta Avropada orta səviyyədən də aşağı futbol komandasıdır, bunu gizlətmirlər də. Komandanın baş məşqçisi deyir ki, cəmi iki ildir beynəlxalq arenada top oynayan Kosovo bu qrupda onlarla bir sırada olmamalıdır. Çünki güclüdür. Azərbaycanı isə demir...

***

Həm baş məşqçinin, həm komanda üzvlərinin qələbəyə köklənməsi əlbəttə ki, yaxşıdır. Amma təəssüf ki, bu qələbə istəyini oyunda tam görə bilmədik. “Bir çox futbolçunun durumundan narahat idim. Gözlədiyim kimi, performanslarından aşağı çıxış etdilər. İşlərimiz çoxdur. Hansısa çatışmazlıqları aradan qaldırmağı öz üzərimə götürərəm. İradlarınızı mənə bildirə bilərsiniz”. 

Qurban qardaşımıza nə iradımız ola bilər? Kosovo ilə oyundan dərhal sonra komanda ilə bağlı bəzi fikirlərimi yazmışdım və təəssüf ki, ikinci oyundan sonra da bu fikrimdə qalmalı oldum. Sitat belə idi: “Qurban Qurbanovu qınamalı deyil. Adam məşqçi kimi bacardığını edir. Biz baş məşqçidən möcüzə gözləyə bilmərik. Nədirsə budur... Siz baş məşqçiyə ”material" verin, sonra möcüzə istəyin". İndi baş məşqçi də həmin “material”dan danışır, amma “iradınızı mənə bildirin” deyir. Qurban Qurbanova yaraşan da budur...

Картинки по запросу qurban malta oyunu

*** 

Malta ilə oyunda bəzi dəyişikliklər uğurlu idi, xüsusən ötən oyunda yaxşı mənada fərqlənən Rauf və Təmkinin start heyətdə yer alması. Təmkin baxımlı və vacib qol vurdu. Ümumiyyətlə, bizim milli komandaya kənardan oyunçu dəvət etməyimiz uğur gətirmir.

Картинки по запросу malta azərbaycan təmkin

Əvvəla, elə güclü futbolçumuz yoxdur, amma sağ olsunlar, özlərini Azərbaycana bağlı hesab edənlər gəlib millidə oynayırlar. 

Zəhmətlərini yerə vurmayaq, amma məncə, milli komanda üçün elə ölkənin içindən seçim etmək lazımdır. Çempionatımızın səviyyəsi, klublarımızın gücü bəlli, bunu daha bəhanə etməyin yeri yoxdur. Başqa planda da əsas komandanın problemləri var, amma ən əsası...millidə hücumçu yoxdur! Bunu Kosovo ilə oyundan sonra da xüsusi qeyd etmişdim. Sitatı yada salmağa məcburam: “Azərbaycan futbolu ciddi hücumçu böhranı keçirir. Klublarda əcnəbilər bu ayıbı bir az örtürlər, amma milliyə gəldikdə bu, çox qabarıq görünür. Hətta ayıb kimi...” 

Mahir Mədətovun çalışqanlığı var, amma qol vurmur. Hücumçu kimi başı aldatma hərəkətlərinə qarışır və qol vəziyyətləri yaratmır. 

Biz köhnə futbol məktəbinə baxmışıq deyə, hücumçuya baxışımız fərqlidir, ola bilsin ki, indi baş məşqçilər bu mövqedə oynayanların üzərində başqa oyun sxemi qurur. Amma dəyişməyən odur ki, hücumçu qol vurmadısa, komandanın işi çətindir. Yeri gəldi deyirəm, Ronaldonu heç vaxt çalışqan hücumçu hesab etməmişəm, gizlənib qol vurmağı yaxşı bacarır. İndi onun ağrısını “Yuventus”da çəkir, hələ də İtaliya çempionatında qol vura bilməyib. Çünki İtaliyada hücumçu işləməlidir, tər tökməlidir. 7 nömrə olmaq üçün 7\24 canına əziyyət verməlisən. 

Bizim Azərbaycan millisində indi ən “gözəgirən” problem hücumçu olmamasıdır. Hücum futbolu oynamaq istəyirik, alınmır da demək olmaz, amma hücumçunun yeri ayrıdır. Meydanda bir lider problemi də var. Lider o demək deyil ki, avtoritet olasan. Lider-oyunçu elə özü avtoritetdir, tamaşaçının kumiridir. Bu komandada güvəniləsi xeyli oyunçu var, illərini milliyə veriblər. Amma həmin statusda ola bilmirlər. Məsələn, yenə fikrimin aydın olması üçün hazırda heç də bizdən yaxşı vəziyyətdə olmayan İtaliya milisindən nümunə kimi Kellinini göstərərdim. Elə Ronaldo da Portuqaliya millisində eyni statusdadır. Nə isə...

***

Картинки по запросу qurban qurbanov malta oyun

Millətlər Liqasında qalan oyunlarımızı fikirləşmək lazımdır. Məncə, biz o vaxt uğurlu startdan danışa bilərdik ki, iki turdan sonra minimum 4 xalımız olardı. Qalan 4 oyun haqda Qurban Qurbanov optimist danışıb. Deyib ki, Kosovonun xal itkisinə ümid edib qalan oyunlarda qələbə qazanmaq olar. Məncə, cəmi üç aya yekunlaşacaq Millətlər Liqası bizim üçün yaxşı təcrübə, daha dəqiqi, dərs ola bilər. Qurban qardaşımız tənqidləri üzərinə götürməklə deyil, millinin gələcəyi haqda bütün futbol rəhbərliyi düşünməlidir, hər dəstəyi verməlidir. Çünki qarşıda Avropa çempionatının seçmə mərhələsi var. Ümid edək ki, komandamız o vaxtadək daha yaxşı formaya düşəcək. Hiss olunur ki, heyətlə bağlı bir araşdırma gedir və inanaq ki, baş məşqçi optimal heyəti formalaşdıra biləcək. Hələ hər şey qarşıdadır...