Qurban Qurbanov iki futbolçunu millidən kənarlaşdırdı

Baxış sayı:
3076

Futbol üzrə Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasının 2-ci turu çərçivəsində səfərdə Malta yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, artıq millimizin bu oyun üçün iştirak ərizəsi də açıqlanıb.

UEFA-nın rəsmi saytında açıqlanan siyahıda 2 futbolçumuzun adı yer almayıb. Bunlar “Sumqayıt”ın müdafiəçisi Bəxtiyar Həsənalızadəylə “Səbail”in hücumçusu Ruslan Qurbanovdu. Baş məşqçi Qurban Qurbanov Maltaya aparılan və sərəncamında olan bu 2 futbolçunu 23 nəfərlik iştirak ərizəsinə daxil etməyib.

Xatırladaq ki, millimizin debütantı olan Bəxtiyar Kosovo millisiylə Bakıdakı matçda da "23-lüy"ə düşməmişdi. Ruslan isə həmin görüşdə start heyətində yer alsa da, zəif təsir bağışlayaraq 61-ci dəqiqədə əvəzlənmişdi. Qurbanov həmsoyadını bu dəfə ümumiyyətlə, matçın protokoluna daxil etməməyi daha məqsədəuyğun sayıb. Əvəzində Kosovoyla qarşılaşmada iştirak ərizəsindən kənarda qalan "Neftçi"nin cinah yarımmüdafiəçisi Namiq Ələsgərov bu dəfə ən azı ehtiyatda olacaq.

Malta - Azərbaycan matçı bu gün Ta Qali Milli stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.