Qurban Qurbanov "Arsenal"la görüş barədə: "Futbolun sevilməsi üçün şansdı"

Baxış sayı:
4267

Cümə axşamı "Qarabağ" futbol komandası Bakıda İngiltərənin "Arsenal" komandası ilə oynayacaq.
Futbolçular Avropa Liqasının qrup mərhələsinin II turunda yarışırlar.
"Dünyanın ən güclü çempionatında çıxış edən komandaya qarşı oynayacağıq, əlavəyə ehtiyac yoxdur", "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib, klubun rəsmi saytı yazır.
O deyib ki, oyuna çox ciddi hazırlaşırlar və inanır ki, hər kəsi "yaxşı oyun gözləyir.
"Çalışacağıq ki, sona qədər yaxşı mübarizə aparaq və ən azından yaxşı oyun göstərək".

"Futbolun sevilməsi üçün şansdı"

Qurban Qurbanov deyib ki, "Arsenal" kimi klubların Azərbaycana gəlməsi ölkə futbolu və onlar üçün böyük təcrübədir: "Futbolun sevilməsi üçün şansdı. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra iki min, üç min azarkeşimiz çoxalsa yaxşıdı".
Baş məşqçi deyir ki, azarkeşləri tək nəticə yox, mübarizə ilə razı salmağa çalışacaqlar. "Futbolçularımızın da böyük təcrübəsi var. Məncə, psixoloji tərəfdən problem olmayacaq", o deyib.
"O qədər azarkeş tanıyıram, stadiona gəlmirlər, amma ən sadiq azarkeşlərimizdən biridilər. Azarkeş nə qədər çox olsa, mən və futbolçular daha məsuliyyətli oluruq", Qurban Qurbanov deyib.
Ötən ilin avqustunda Danimarkanın København klubu ilə matçdan sonra UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksələn "Qarabağ" dünyanın güclü futbol komandaları: İngiltərənin "Chelsea", Madridin "Atletiko", İtaliyanın "Roma" klubları ilə rəqib olub.