“Qurani-Kərim dirilər üçündür, onun ölülərlə heç bir əlaqəsi yoxdur” - QALMQALLI MÜSAHİBƏ: “Əslində, Qurani-Kərimi elə murdar adamlar oxumalıdır...”

Baxış sayı:
3106

“Dünyasını dəyişən əzizinin ruhuna ehtiramını bildirmək istəyirsənsə, onun üçün Quran oxutdurmağa ehtiyac yoxdur”
 
Həmsöhbətim sözün əsl mənasında maraqlı, bir qədər də təzadlı insandır. Ali savadlı ilahiyyətçi olan bu insan hazırda özünü deist adlandırır. Onun dinə, Tanrıya, ümumiyyətlə həyata baxışları çoxlarından fərqlənir.
Onun fikirləri, həyat fəlsəfəsi ilə razılaşanlar da var, fərqli düşüncəsinə görə onu top-tüfəngə tutanlar da. Amma savadı və təcrübəsi ona hər bir fikrini kifayət qədər əsaslı və məntiqli şəkildə anlatmaq imkanı verir. Bu səbəbdən hətta onu qəbul etməyən, onunla əks qütblərdə dayanan insanlar belə, bu insanın şəxsiyyətinə hörmətlə yanaşırlar. Bu hörməti o, öz təmkini və incə yumor hissi ilə qazanır, onun ironiyası belə heç kəsi təhqir etmir.
Onunla “Hürriyyət” in redaksiyasında görüşüb söhbətləşdik. Son dərəcədə sadə, səmimi, mədəni, məlumatlı, sözünün yerini bilən bir insan təsiri bağışladı mənə.
Düşünürəm ki, sözün əsl mənasında səmimi söhbət, səviyyəli mükalimə alındı.
Beləliklə, bayaqdan haqqında danışdığım eks ilahiyyətçı Fəzail Mehdiyevlə söhbəti hörmətli oxucularımıza təqdim edirik.
 
(Əvvəli bu linkdə:http://muxalifet.az/elm-hl-d-cadu-qarsisinda-acizdir-fzail-mehdiyev.html)
 
- Yəni analşılmayan, müəyyən olmayan hər şey həm insanları özünə cəlb edir, həm də qorxudur.
 
- Bəli. Məhəmməd peyğəmbər barmağı ilə işarə edib, Ayı parçalayır. Sizcə, bu necə mümkün olur? Məlum məsələdir ki, bu sadəcə bir illüziyadır. Çünki planetin, peykin parçalanması böyük bir fəlakətdir. Yaxud İsa suyun üzərində gəzir, bu gün də suyun üzərində gəzən insanlar var. Bu gün də illüziya nümayiş etdirərək Ayı iki yerə parçalayanlar, dənizi yarıb içi ilə gedənlər, divarı, hətta Çin səddini belə yarıb keçənlər var. Dediyim kimi, bu illüziyadır, sehrdir.
 
Sadəcə olaraq, o dövrün insanları bunu bacarırdılar. Bu bacarıq isə yəhudi təlimlərinə əsaslanırdı.
 
Bizim “sehr” kimi ifadə etdiyimiz söz ərəb dilində yeganə sözdür ki, tərkibində sait yoxdur, cəmi 3 hərfdən ibarətdir: s, h, r (shr), hökmü məlum, hikməti gizli deməkdir.
 
Məcəzə (möcüzə), cazibə, cin, cənnət, cənnə (üzr istəyirəm, körpənin ana bətnində olmasına cənnə deyirlər) - bütün bu sözlər ümumilikdə eyni mənanı verir: var (mütləqdir ki, var), amma görünmür.
 
Möcüzə o zaman gerçəkləşir ki, onun elmi izahı tapılır. Bu gün biz dünyanın 7 möcüzəsini tanıyırıq, bəlkə də bir vaxtlar 7 000 möcüzə olub, amma elm həmin möcüzələrin sirrini açıb. İnanıram ki, bu gün bizə möcüzə kimi görünən nəsnələrin sirri də vaxtı gələndə çözüləcək. Əslində möcüzə, sehr deyilən bir şey yoxdur, sadəcə elmə məlum olan və hələ məlum olmayan nəsnələr var.
 
Çox təəssüf edirəm ki, bu gün cindarlara, cadugərlərə müraciət edənlərin sayı, kitabxanalara gedənlərdən, elmi kitab oxuyanlardan qat-qat çoxdur.
 
- Ümumiyyətlə, cindarlara, cadugərlərə bizim millətin çox böyük həvəsi, marağı, meyli var...
 

- Doğrudur.
 
- Sizcə, bu nə ilə əlaqədardır? Bunun səbəbi cahillikdir, ya əksinə dinə hədsiz bağlılıq, Allah xofudur bu meyli yaradan?
 
- Əslində, əgər Qurani-Kərimdə yazılan dini qanunlarla danışsaq, bunun dinlə heç bir əlaqəsi yoxdur. Bu sadəcə olaraq bir cahillik və cəhalətdir.
 
Sosial şəbəkələrdə paylaşmalar etməkdə məqsədim də elə cahil insanları maarifləndirərək oyatmaqdır.
 
Mənə çox vaxt deyirlər ki, sabiranə yazırsınız, Sabir kimi yazırsınız. Təbii ki, mən Sabir kimi yaza bilmərəm. Amma bu da bir həqiqətdir ki, Sabir bu milləti oyada bilmədi. Bu gün isə artıq oyadılanlar var. Dini təhsil aldığıma görə, mənə inanıb müraciət edən insanlar var.
 
Kənd yerlərində mərhumu kəfənləyəndə kəfənin içinə söyüd ağacının budağını qoyurlar. 20 il bundan əvvəl mən deyəndə ki, bunu etmək mənasızdır, sözümü eşidən yox idi, hətta buna görə məni təhqir edənlər də vardı. Amma bu gün məntiqi bilinməyən bu adətdən artıq imtina edilir.
 
Bu qəbildən olan müxtəlif adətlər var ki, gedib dinə bağlanır. Sabirin dövründə bu cəfəng adətlər haqda fikir söyləmək mümkün deyildi. O, Sabir idi, deyə bilirdi. O vaxtkı cəmiyyətə qarşı çıxmaqdan qorxmurdu, buna cəsarəti çatırdı.
 
Amma son iyirmi ildən üzü bəri baxıb görürsən ki, çox mətləbləri artıq dilə gətirə bilirsən, cəmiyyət də bunu qəbul edir. Çünki internet, dünyaya çıxış var. O dövrdə isə elm kifayət qədər inkişaf etməmişdi, insanlar qapalı mühitdə yaşayırdı. Bizim evimizdə köhnə Quran kitabı vardı. Nənəm çox dindar qadın idi. İldə bir dəfə, Ramazan ayının son günlərində həmin kitabı götürüb açardı, tozun alardı, öpüb qoyardı gözünün üstünə, sonra yenə yaylığına büküb sandığın lap aşağı bir küncündə gizləyərdi.
 
- Yəni oxumurdu.
 
- Xeyr, oxumurdu. O zaman təbliğ olurdu ki, Qurana toxunmaq olmaz. Yaxşı, əgər mən ona toxuna bilməyəcəyəmsə, o zaman bu kitab mənim nəyimə gərəkdir? Deyir, əxlaqı murdar olan adam Qurana toxuna bilməz. Amma yeganə təmizlənmə yolu kimi də Quran göstərilir. Tutaq ki, mən təmizlənmək istəyirəm, bunun üçün isə hökmən Quranı əlimə almalıyam. Əgər Qurana toxuna bilmərəmsə, necə təmizlənim? Sanki deyir, sən murdarsan, suyu açma, sabundan istifadə etmə, amma təmizlən.
 
Əslində, Qurani-Kərimi elə murdar adamlar oxumalıdır ki, paklana bilsinlər. Pak adam onsuz da pakdır.
 
Bütün dövrlərdə Qurandan daha çox ya kimisə nəyəsə inandırmaq üçün and yeri kimi istifadə ediblər, ya da kiminsə əzizi dünyasını dəyişəndə molla gətirib ona Quran oxudublar. Vəssalam.
 
- Söhbətinizdə qeyd etdiniz, mən də sizin bu fikrinizlə tamamilə şərikəm, bizim insanları cadu-bitiyə, falçıya meylli edən mövhumat və cəhalətdir. Çünki Qurani-Kərimi tam anlamadan ona tapınırlar, dinin mahiyyətinə varmadan dindar olurlar, şiyələr bir cür fanatizmə uyur, sünnilər isə bir başqa cür və bir-biri ilə əks qütblərdə dayanırlar. Həqiqətən çox qəribə səslənir: əks qütblərdə dayanan eyni xalq, eyni millət, eyni dinə mənsub toplum. Görünür, elə cəmiyyətimizdəki bu günkü ziddiyyətlərin səbəbini məhz bu qarşıdurmada axtarmaq lazımdır.
 
- Təbii ki, belədir. Bir haşiyə çıxım. Ötən əsrin 70-ci illərində molla Əhməd kimi tanınan məşhur axund vardı, Ağdamın axundu olsa da, Bərdədə yaşayırdı. Deyilənə görə, Nəcəf şəhərində dini təhsil almışdı, riyaziyyatı mükəmməl səviyyədə bilirdi. Onu hətta Bakı Dövlət Universitetində də tanıyırdılar. Bəzi çətin suallarla bağlı ona müraciət edirdilər. Bir sözlə, onun haqqında danışanlar deyir ki, molla Əhməd çox savadlı adam idi. Mən də deyirəm ki, molla Əhməddən nə öyrənmisiz? Ondan eşitdiklərinizi söyləyin, mən də maariflənim. Cavab verirlər ki, o heç nə danışmırdı, məclislərdə susub otururdu, amma savadlı idi.
 
Deyir, Quran çox möcüzəli bir kitabdır. Soruşuram ki, oxumusan Quranı? Cavab verir ki, yox. Deyirəm, bəs möcüzəli olduğunu nədən bilirsən? Söyləyir ki, yox, möcüzəlidir.
 
Gənclik illərində Quran mənim üçün çox qeyri-adi bir kitab idi. Qurani-Kərimi əlimə götürəndə çalışırdım ki, onu sinəmdən aşağıda saxlamayım. Hansısa din xadimi, molla mən olan məclisə daxil olanda yaşından asılı olmayaraq, biixtiyar ayağa qalxırdım, düşünürdüm ki, birdən üzərində Quran olar. Amma oxuduqca, dərinliyinə vardıqca mənim üçün adiləşdi. Anladım ki, bu kitabda qeyri-adi heç nə yoxdur. Nikola Tesla demiş: “Hər kim ki, Quran oxuyub anladı, ateist oldu, kim ki, anlamadı, dindar oldu”.
 
Quranda ziddiyyətli, təzadlı ayələr çoxdur. Misal üçün, bir tərəfdən deyir ki, mən istəsəm onları hidayət edərdim. Digər tərəfdən də deyir ki, kafirlər cəhənnəmdə yanacaq. İstə, biz də hidayət olunaq və cəhənnəmdə yanmayaq da. Yaxud Quranda deyilir ki, mənim iznim olmadan ağacdan bir yarpaq düşə bilməz. Yəni indi siz kompüteri başıma çaxıb məni öldürsəz, demək Allah belə istəyib. Yaxşı bəs bu Allahın izni ilə baş verirsə, nədən bu əməli törədən həbs olunur? Onda gedib Allahdan şikayət etsinlər. O buna rəvac verib axı. Yəni bir tərəfdən deyir ki, hər şey mənim hökmümlə baş verir, digər tərəfdən də deyir ki, hər şey insanın öz iradəsindən asılıdır. Yəni kimə necə sərf edirsə, Quranı o cür də təfsir edir.
 
Bir dəfə bir status paylaşmışdım. Həmin statusa görə məni qınayanlar az olmadı. Yazmışdım ki, anlaya bilmirəm, peyğəmbər Allahın elçisi, ya ginekoloq olub? Yəni elə mövzulara toxunur ki, o mövzuları yalnız ginekoloqlar bilir. Maraqlıdır ki, burda hansı müqəddəslik var? Hansısa qadın xəstəliyindən bəhs edən bir surəni kimsə öz ölüsü üçün oxudur.
 
Heç Yasin surəsində də ölüyə aid heç nə yoxdur. Ümumiyyətlə, Qurani-Kərim dirilər üçündür, onun ölülərlə heç bir əlaqəsi yoxdur. Dünyasını dəyişən əzizinin ruhuna ehtiramını bildirmək istəyirsənsə, onun üçün Quran oxutdurmağa ehtiyac yoxdur. Sadəcə həyatda elə davranmalısan ki, ətrafındakı insanlar valideynlərinə rəhmət oxusun.
 
Ölünə Quran oxutdurub, haram tikə yeyəcəksənsə, kimlərinsə haqqına girəcəksənsə, bundan nə ölüyə, nə də diriyə bir xeyir dəyməyəcək. Bu məqamda sosial şəbəkələrdə yazdığım daha bir fikri xatırladım: “Məkkə müsəlmanların hamamıdır. Natəmizlər ora çimməyə gedir”. Amma məlumdur ki, bir dəfə hamamda çimməklə ömürlük təmiz qalmaq mümkün deyil, məcbursan ki, 5 gün sonra yenə çiməsən.
 
- Ola bilsin, təsəvvürüm yanlışdır, amma mənə elə gəlir ki, siz bu dünyanın malında, mülkündə gözü olmayan bir insansınız. Böyük meqapolislərdən qayıdıb, bu gün kiçik bir əyalət şəhərciyinə sığınmısınız. Demişdiniz ki, öz şəxsi biznesiniz var. Zənnimcə, bu kənd təsərrüfatı ilə bağlı biznesdir.
 
- Elədir ki, var.
 
-Taleyinizi torpağa bağlamısınız. Özünüz torpaqda işləyirsiniz. Bunu sosial şəbəkələrdə paylaşdığınız fotolardan bilirəm. Yəni siz öz kiçik dünyanızda yaşayırsınız, orda özünüzü tapmısınız...
 
- Bəli.
 
- Böyük dünyanın göz qamaşdıran gözəlliklərini və bu gözəlliklərin arxasında gizlənən çirkabı görüb, müxtəlif sınaqlardan keçdiniz və katarsis prosesi keçərək (daxilən təmizlənərək) yenidən getdiyiniz yerə, torpağa, doğma el-obanıza qayıtdınız. Demək, sizin üçün paklıq, bərəkət, geniş mənada həyatın özü torpaqdadır.
 
(Ardı var)
 
Hazırladı: Banu OĞUZ, Hurriyyet.org